Bu gün Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinin sakinləri 30 ildən sonra yenidən öz dədə-baba yurduna qayıdıblar. “Ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndinə köç "Böyük Qayıdış"ın ilk addımlarıdır.
Qeyd edək ki, işğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə yəni, 154 nəfər, İkinci Ağalıda 60 ailə - 245 nəfər, Üçüncü Ağalıda isə 161 ailə - 675 nəfər sakin məskunlaşmışdı. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352, cəmi 1504 nəfərdir. Ağalı kəndinə qayıdış dörd mərhələdə həyata keçiriləcək və ilkin addımda 41 ailə ora köçürülür.
"Böyük Qayıdış"ın ilk mərhələsi haqqında təəssüratlarını Modern.az-la bölüşən zəngilanlı deputat İmamverdi İsmayılov Prezident İlham Əliyevə təşəkkürlərini çatdırıb. Deputat bildirib ki, ölkə başçısının uzaqgörən siyasəti və rəşadətli Ordumuzun məharəti nəticəsində 30 il düşmən tapdağı altında qalan torpaqlarımız erməni tapdağından azad olundu:
“Hazırda işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndinə qayıdış başlayıb. Bu, 44 günlük Zəfər tariximizin bizə bəxş etdiyi Böyük Qayıdış imkanının ilk mərhələsidir və tariximizə qızıl hərflərlə yazılır.
Ata-baba torpaqlarından didərgin salınan, dəhşətli faciələrin bir addımlığından can qurtaran, illərlə məcburi köçkün adını öz çiyinlərində ağır yük kimi daşıyan insanlar bu gün doğma torpaqlarına qayıdırlar. Belə bir qüruru ifadə etmək həqiqətən çətindir. Biz Vətən müharibəsindən sonra Müdafiə Nazirliyimizin azad edilmiş ərazilərdən yaydığı kadrlara ürək ağrısı ilə baxırdıq. O kadrlarda zəngilanlıların, qarabağlıların, bütün Azərbaycanın ağrı-acısı əks olunmuşdu. 30 ilə qədər düşmən tapdağında qalan torpaqlarımızı, bizim arxamızda qoyduğumuz evlərimizi, şəhərlərimizi, kəndlərimizi düşmən viran etmişdi. Çox qısa müddətdə həmin ərazilərdə dünyada analoqu olmayan bir kənd salındı. Cənab Prezidentin şəxsən tapşırığı və nəzarəti ilə həyata keçirilən quruculuq işlərinin ilkin nəticəsi ortadadır”.
Deputat qeyd edib ki, zəngilanlıların öz doğma yurd-yuvasına qayıdışı bütün Azərbaycanın sevinci, hətta ikinci Zəfər bayramıdır:
“Mən öz adımdan, bütün Zəngilan və Ağalı kəndinin sakinləri adından bir daha Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Düşünürəm ki, əsrlər keçsə belə, Azərbaycan Ordusunun şücaəti, qazandığımız şanlı Zəfərimiz və bu Zəfərin müəllifi olan Müzəffər Ali Baş Komandan və Ordumuz unudulmayacaq. Torpaqlarımızın azad olunması uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə şəfa arzu edirik. Bu gün onların sayəsində dədə-baba yurdumuza qayıda bildik”.