Modern.az

İsmət Abasov HARALARDADI...

İsmət Abasov HARALARDADI...

Reportaj

19 İyul 2022, 14:00

Modern.az saytında “...haralardadı?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.
 

Əməkdaşımız bu dəfə baş nazirin sabiq müavini, keçmiş kənd təsərrüfatı naziri İsmət Abasovun haralarda olduğunu öyrənməyə çalışıb.

Yeri gəlmişkən, İsmət müəllimlə bağlı bir vacib məqamı diqqətə çatdırmaq istərdik: mətbuat eks-nazirin soyadını onun vəzifədə olduğu müddətdə həmişə iki cür yazıb – Abasov və Abbasov. Nədənsə, əksəriyyət ikinci sözə üstünlük verib. Halbuki, rəsmi sənədlərdə onun soyadı Abasovdur, elə ölkə başçısının sərəncamlarında da eks-nazirin soyadı Abasov kimi yazılıb. Di gəl ki, jurnalistlər əks hallarda buna diqqət etməyiblər.

İsmət Abasov baş nazirin müavini postundan 2018-ci ilin aprelində - Prezident Nazirlər Kabinetinin yeni tərkibini formalaşdıranda kənarlaşdırılıb. Bununla da o, rəsmən təqaüdə göndərilib.


İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olub. 1971-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.

1976-1980-cı illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Təchizat, tədarük və satış idarəsində böyük mühəndis və şöbə rəisi, 1980-1989-cu illər Bakı Şampan Şərabları Zavodunun Planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989-1990-cı illər Bakı Biskvit Fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990-1993-cü illər Bakı 1 saylı Şərab Zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993-1997-ci illər Bakı Tütün Kombinatının istehsalat üzrə direktor müavini, inzibati direktoru vəzifələrində çalışıb.

1997-2004-cü illər kənd təsərrüfatı nazirinin 1-ci müavini işləyib.

23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə Azərbaycanın kənd təsərrüfatı naziri olub.

İ.Abasov 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olub, 2005-ci ildən 2021-ci ilə kimi YAP Siyasi Şurasında təmsil olunub.

YAP-ın 2021-ci ilin martında keçirilən VII qurultayında İsmət Abasov Partiyanın rəhbər strukturlarından kənarda saxlanılıb, onun adını hətta Veteranlar Şurasına da salmayıblar.  

İ.Abasov 22 oktyabr 2013-cü ildə kənd təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra baş nazirinin müavini təyin olunub. 2018-ci il 21 aprel tarixində Prezident onu bu vəzifədən də azad edərək, təqaüdə göndərib.

23 may 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilən İ.Abasov ailəlidir, iki övladı – bir oğlu və bir qızı var.

Media onun adını bir neçə dəfə qalmaqallı məqalələrlə gündəmə gətirib. Məsələn, onu büdcə vəsaitlərini talamaqda ittiham ediblər. Daha sonra eks-nazirin adı oğlu ilə bağlı gündəmi zəbt edib. Belə ki, İsmət Abasovun Böyük Britaniyada yaşayan oğlu, iş adamı Yunis Abasovun Londonda bahalı mal-mülkə sahib olduğu iddia edilib.

Eks-nazirin özü əvvəlcə informasiyanı təkzib etsə də, oğlu Yunis Abasov sonradan mətbuata açqılamasında Londonda mənzilə sahib olduğunu etiraf edib. O, həmin mənzilin 2006-cı ildə alındığını söyləyib və çox da dəbdəbəli olmadığını bildirib. Y.Abasov eyni zamanda, xarici ölkələrdə bizneslə məşğul olduğunu qeyd edib və bu baxımdan Londonda mənzilə sahiblənməyinin təəccüblü hal olmadığını vurğulayıb.

İsmət Abasovun haralarda olduğuna gəlincə, özünə zəng etsək də, təqaüdə çıxandan sonra jurnalistlərdən yan gəzən sabiq nazir telefona cavab vermədi. Amma onunla əlaqələri kəsməyən keçmiş işçilərindən öyrəndik ki, İsmət müəllim hazırda Bakıdadır, yüksək məbləğdə təqaüd alır.

“Ölkədə olur, hətta maşınını da özü sürür. Şəhərdə gəzir, tez-tez dəniz sahilində dincəlir”, - deyə eks-nazirə yaxın mənbə bildirdi.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?