Dünən Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilib. 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətdə Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmiləri təmsil olunub.
Milli Mətbuat Gününün 147-ci ilini Şuşada qeyd edən ölkənin media nümayəndələri təəsüratlarını Modern.az-la bölüşüblər.
"Modern Media Group"un baş direktoru Elşad Eyvazlı deyib ki, əvvəllər 22 iyul Milli Mətbuat günündə jurnalistləri rəsmi olaraq yemək-içməyə dəvət edirdilər:
"Onlar da yeyi- içib geri dönürdülər. Bir də müəyyən olunmuşlara mükafatlar, hədiyyələr verirdilər. Dünən Şuşada Milli Mətbuatımızın 147 illiyi ilə bağlı keçirilən Media Forumu daşlaşmış bu ənənəni kökündən dəyişdi. İndiki dünyadan bir az baş çıxarmağa çalışanlar fərqindədirlər ki, bizdə jurnalistikaya yanaşmada məzmun dəyişir. Zamanla yeni məzmun mütləq formanı da yeniləyəcək. İrili-xırdalı, ciddi, qeyri-ciddi bütün media qurumlarının rəhbərləri Foruma dəvət olunmuşdu. Bu, doğru idi, yoxsa yanlış, təbii ki, fərqli fikirlər mövcuddur. Fikir sahibləri doğru olduqlarını öz prizmalarından sübut etməyə hazırdırlar. Ancaq düşünmək olar ki, belə yanaşmalar həm də jurnalistikda ələk rolunu oynayacaq. Belə Forumlara qonaq kimi gələnlər jurnalistikanın daimi sakini ola bilməyəcəklər. Siz baxmayın, indi biri təkəbbür püskürür, digəri öz aləmində guya dövləti hamıdan çox istəyir, başqa biri az qala rəhmətlik Zərdabiyə dərs verməyə çalışır, daha biri jurnalistikanı vəhşətə çevirir. Unutmayaq, bütün bunlar əvvəlki illərin 22 İyulundakı yemək-içməyin məhsullarıdır. Bunu bilənlər bilir. Bilənlər həm də çalışırlar ki, jurnalistlər Azərbaycana bağlı olsunlar, Dövlətimizi gerçəkdən sevsinlər. Bu gün birinin, sabah o birinin mirzəsi olmasınlar".
E. Eyvazlı qeyd edib ki, Şuşada Milli Mətbuatın 147-ci ildönümünü keçirməyi jurnalistlərə yaşadan Şəhidlərimizin ruhu qarşısında baş əyirik:
"Qazilərimizə Allahdan şəfa diləyirik.
Azərbaycan Şuşadan daha möhtəşəm görünür. Şuşada Azərbaycanın Dövlət Himninin səsi də sanki bir başqadır. Azərbaycan jurnalistlərinin Milli Mətbuat Gününün 147 illiyini azad Şuşada qeyd etmələri hadisədir. Tarixi hadisə, jurnalistikada tarix, 147 ilin ən yadda qalan günü. Jurnalistika futbol, dizayn işi deyil ki, Brazilyadan, Amerikadan, Almaniyadan, İtaliyadan, hətta qardaş Türkiyədən kimisə gətirib agentliklərdə, qəzetlərdə, televiziyalarda, saytlarda, sosial şəbəkələrdə çalışdırasan. Ciddisi ilə, qeyri-ciddisi ilə, ağıllısı ilə, dəlisi ilə, ləyaqətlisi ilə, ləyaqətsizi ilə nəyiksə buyuq. Milli Mətbuatımızın 150 ilində 150 ilin hesabatına hazır olaq. 147 yaşın mübarək, Azərbaycan jurnalistikası! Ömrün uzun olsun".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı söyləyib ki, Milli Mətbuat Gününün 147-ci ilinin Şuşada keçirilməsi möhtəşəm tarixdir:
"29 il Şuşanı əsarətdə ola-ola təsvir edirdik. Ağrılı, həsrət dolu yazılar yazırdıq. Şuşa mətbuatın banislərinin yurdudur. Banilərin doğulduğu o torpaqda, ruhlarının gəzdiyi o yurdda bu cür tədbirin keçirilməsi möhtəşəm tarixi hadisə və faktdır. Gələcəkdə də bu tarixi araşdırmaçılarımız, jurnalistlərimiz yazılarında qeyd edəcəklər. İlk dəfə idi Şuşada olurdum. O gözəlliyi təsəvvür etmişdim, amma o torpağa ayaq basdığım anda keçirdiyim hissləri təsəvvür edə bilmərəm. Forumda olan çıxışlar, o çıxışlardan doğan fikirlər ayrı-ayrılıqda araşdırılmalı, təhlil olunmalıdır. Dünənki günün hər zaman keçirilən Milli Mətbuat Günündən bir fərqi də var idi ki, demokratik abu hava yaranmışdı".
A.Aşırlı vurğulayıb ki, Forumda seçicilik olmayıb:
"İqtidardan, müxalifətdən və mərkəzçi mövqeyini qoruyub saxlamağa çalışan jurnalistlərdən ibarət ordu Şuşada vahid komanda şəklində iştirak edirdi. Texniki baxımdan Medianın İnkişafı Agentliyi gördüyü bu işi yüksək qiymətləndirir və dəyərləndirirəm. Çox istərdik ki, dünən çap mediasının da açıq müzakirəsi keçirilsin. Orada yalnız rəqəmsal jurnalistikaya keçid və keçid prosesində mətbuat, mətbuatın qoyacağı rol daha çox müzakirə olundu. Klassik jurnalistika ənənələrini qoruyan, onu qoruyub saxlıyan çap mətbuatıdır".
Türküstan.az saytının baş redaktoru Aqil Camal bildirib ki, Milli Mətbuat Günü münasibətilə Beynəlxalq Forumun Şuşa şəhərində keçirilməsi Azərbaycanın media tarixinə yazılacaq unudulmaz bir hadisədir:
"Çünki, həm ilk dəfədir Azərbaycan media camiəsi bu qədər böyük tərkibdə Şuşada cəm olur həm də, Şuşada ilk beynəlxalq media tədbiri keçirilir. Bu, işğaldan öncə və ya sonra Şuşanın tarixində ilk hadisədir. Şuşa ənənəvi olaraq Azərbaycanın musiqi konservatoriyası, mədəniyyət mərkəzi, mədəniyyət paytaxtı kimi epitetlərlə ifadə olunub. Amma işğaldan azad olunandan sonra azad Şuşa artıq siyasi, iqtisadi, mədəni, diplomativ tədbirlərə də ev sahibliyi edir. İndi isə bunların sırasına daha biri media mərkəzi olması da əlavə edilir. Şuşa həqiqətən media üçün çox önəmli, əlverişli bir məkandır. Bir mediaçı burada olarkən, o qədər informasiya ala bilir ki. Tarixi baxımdan təsəvvür etsək Qarabağ xanlığının mərkəzi olmuş, Azərbaycan onlarla dəyərli şəxsiyyətlər bəxş etmiş Şuşanın hər qarışı bir tarixdir, bir mövzudur".
A. Camalın sözlərinə görə Şuşadan baxanda, Xankəndinin əliçi kimi görünməsi bir başqa mövzudur:
"Bir tərəfdə hərəkət edən erməni maşınları, rus "sülhməramlılar", kəsişən yollar... Bir sözlə media və mediaçı üçün bu gün Şuşa mədəni, siyasi və digər aspektlərdən olduqca, gərəkli məkandır. Ümid edirəm ki, bu cür tədbirlərin Şuşada keçirilməsi ənənə halını alacaq".
Tanınmış jurnalist Telli Pənahqızı söyləyib ki, Forum çox gözəl düşünülmüş və böyük zəhmət, təşkilatçılıq qabiliyyəti tələb edən və uğurla həyata keçirilən möhtəşəm bir tədbir idi:
"Jurnalist kimi fəaliyyətə başladığım dövrdən bu günədək ilk dəfə idi ki, bu qədər qələm sahibini, söz xiridarını, müstəqil və müxalif fikir sahibini bir arada görürdüm. Həm də Şuşada, mədəniyyətimizin incisi, musiqimizin beşiyi, qürurumuzun bayraqdarı, qəhrəman oğullarımızın Zəfər müjdəsi verdikləri müqəddəs şəhərdə, Dəmir yumruğunu zərbəsi ilə yar- mar olan düşmənlərimizin bu gün də həsədlə boylandıqları Qalada.
Əlbəttə, unudulmaz bir gün idi, fəxarət, sevinc və məğrurluqla yaşadığımız gün.
Medianın İnkişafı Agentliyinin " Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Formu çərçivəsində həm Azərbaycanın media bosları,həm də xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər iştirak edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına ünvanlanmış məktubu da cəmiyyətdə, ölkənin siyasi həyatında əhəmiyyətli rol oynayan jurnalistlərin əməyinə xüsusi diqqətin bariz nümunəsi idi".
T.Pənahqızı arzu edib ki, İnşallah növbəti forumlarımızdan biri də Xankəndində keçiriləcək:
"Müxtəlif panallerdə müzakirə olunan məsələlərin aktuallığını xüsusi diqqətin ayrılması elə bilirəm ki, həmkarlarımın, xüsusilə də bu çətin və məsuliyyətli yolu seçən gənclərin qarşısında yeni perspektivlər açacaq. Foruma Şuşa fatehlərinin bir qrupunun dəvət olunması bu şəhərin, ölkənin, dövlətin möhkəm dayaqlar üzərində pərvəriş tapdığının sübutu idi".
Aznews.az-ın baş redaktoru Taleh Şahsuvarov deyib ki, dünən Şuşada tarixi bir gün yaşandı:
"Milli Mətbuatıımızın yeni ildönümü əziz şəhərdə qeydə olundu. Media ilə bağlı böyük bir tədbir- Beynəlxalq Forum Xankəndinin başının üstündə keçirildi. İştirakçılar Şuşaya prezidentin təşəbbüsü və tapşırığı ilə təyyarəylə aparıldılar. Tədbirə prezidentin köməkçisi Hikmət Hacıyev, QHT-lərlə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, PA-nın müvafiq sahə üzrə əməkdaşları, MEDİA-nın rəhbərliyi, Rəhman Hacıyevin timsalında digər qurumlardan nümayəndələr və Şuşanı əliyalın azad edən oğullar qatılmışdılar".
T.Şahsuvarovun sözlərinə görə dünən prezident İlham Əliyevin tədbirdə oxunan təbrikində çox mesaj var idi:
"Bu mesajlara əsaslanaraq deyə bilərəm ki, dünənki tədbir media rəhbərlərinin Şuşanı görməsi üçün deyil, yeni hədəfləri Şuşadan görməsi üçün təşkil olunmuşdu. Mən dünən Şuşadan Qərbi Zəngəzuru gördüm. Bəli, prezident yeni zəfər yürüşünə media ordusu ilə start verdi".
Humay İsgəndərova
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.