“Azərbaycan kəndlisi məhsulunu özü bazara çıxarıb sata bilmir, kəndlinin bazara buraxılması inhisarçıların marağında deyil; Fermerin öz məhsulunu bazara çıxara bilməməsi və məhsulun əldən-ələ keçməsi isə 40-50 faiz bahalaşmaya səbəb olur”
Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Deputatlar Nazirlər Kabinetinin 2012-ci ildəki fəaliyyəti haqqında baş nazir Artur Rasizadənin hesabatını dinləyib, müzakirə ediblər. Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov da müzakirələrə qatılıb.
Modern.az-ın məlumatına görə, İ.İsmayılov çıxışının əvvəlində bildirib ki, hökumətin müzakirəyə çıxarılan hesabatı ötən il ölkənin sosial-iqtisadi imkanlarının genişləndiyini, əhalinin maddi rifah halının yaxşılaşdığını əks etdirir. Sonra o, diqqəti hesabatda kifayət qədər yer almayan və problemli saydığı bir məsələyə yönəldib:
“Sənədin elə ilk - "2012-ci ildə ölkə üzrə əsas makroiqtisadi göstəricilər" bölümündə 14-16-cı səhifələr gələcək onillikdə ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən qeyri-neft sektoruna həsr olunub. Və burada bu sektora aid sənaye, energetika, tikinti, nəqliyyat, ticarət və xidmətlər, informasiya və rabitə sahələrinin inkişafı rəqəmlərlə müşayiət olunur. Amma nədənsə qeyri-neft sektorunun tərkib hissəsi olan və məşğul əhalinin 42 faizinin çalışdığı kənd təsərrüfatına aid hissədə bir dənə də olsun rəqəm göstərilməyib. Təkcə bir diaqramda göstərilib ki, həmin bu 42 faiz ölkənin ümümi daxili məhsulunun (ÜDM) cəmi 6,2 faizini istehsal edir. Bu - istehsala aid rəqəmdir. İndi kənd təsərrüfatı məhsullarının ixracına nəzər yetirək. Bu ğöstəriciyə görə də durumu qənaətbəxş hesab etmək çətindir. Bir baxın, 2012-ci ildə ixracın 84,63 faizini xam neft, 5, 53 faizini neft məhsulları, 2,71 faizini təbii qaz və cəmi 1,1 faizini meyvə - tərəvəz, 0,93 faizini isə heyvan mənşəli yağlar təşkil edib. Yəni, kənd təsərrüfatı sektorunun istehsal etdiyi məhsullar ümümi ixracın cəmisi 2 faizini təşkil edir!
Adətən, biz innovasiya dedikdə, göz önünə kompüter texnoloğiyaları, başqa elm tutumlu sahələr gəlir. Amma bu gün kənd təsərrüfatında da innovasiyalara, yəni yeni idarəçilik metodlarına və iqtisadi alətlərə, yeni yanaşmalara ehtiyac duyulur”.
İlyas İsmayılov bir hüquqşünas kimi, qaldırılan problemin hüquqi tərəfinə də toxunub: “Aqrar sahədə korrupsiya və inhisarçılığa qarşı mübarizə, demək olar ki, aparılmır. Bu gün Azərbaycan kəndlisi məhsulunu özü bazara çıxarıb sata bilmir. Ən yaxşı halda kəndlilər məhsulu xeyli ucuz qiymətə topdansatış mərkəzlərinə və ya alverçilərə sata bilirlər. Kəndlinin bazara buraxılması inhisarçıların marağında deyil. Fermerin öz məhsulunu bazara çıxara bilməməsi və məhsulun əldən-ələ keçməsi isə 40-50 faiz bahalaşmaya səbəb olur.
Əgər kəndli öz becərdiyi məhsulu normal qiymətə sata bilmirsə, onda növbəti ildə həmin sahədə azalma, böhran baş verir və son nəticədə kəndlinin həmin sahəyə marağı itir. Kəndlilər ölkə daxilində tikinti, ticarət və xidmət sektoruna, bir qisim isə başqa MDB ölkələrinə axın edir. Zənn edirəm ki, inhisarçılıqla bağlı tədbirlər aqrar sahəni də əhatə etməli, kəndlinin istehsal etdiyi məhsulun ən qısa yolla istehlakçılara çatdırılması təmin olunmalı, bazar dəllaları tərəfindən yaradılan süni qiymət artımının qarşısı alınmalıdır. Hal-hazırda Aqrar siyasət komitəsində kəndli təsərrüfatlarının kooperasiyası haqqında qanun layihəsi müzakirə olunur. Yaxşı olardı ki, məhsulun fermer tarlasından şəhər alıcısına çatdırılmasının bütün mərhələləri ciddi şəkildə nəzarətdə saxlansın, bu prosesi əhatə edən bütün qanun və digər aktlara müasir prosesləri ehtiva edən ciddi düzəlişlər edilsin”.
Millət vəkili çıxışının sonunda müzakirə olunan hesabatın strukturuna və onun məğzinə dair təklif də irəli sürüb:
“Aydındır ki, hər bir qurumun, o cümlədən dövlət qurumlarının da fəaliyyətində həm uğurlar, həm də problemlər və nöqsanlar ola bilər. Bu baxımdan, növbəti hesabatda Hökumətin qarşılaşdığı problemlər və çətinlikləri göstərən ayrıca bir bəndin olmasını arzu edərdim.
Hökumətin Hhsabatını qəbul etməyi təklif edir və diqqətinizə görə təşəkkürümü bildirirəm”.