19 iyul tarixində itkin düşən Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli barədə yeni detallar məlum olub.
Bu barədə Modern.az-a danışan Cavid Bədəllinin atası Rafiq Bədəlov bildirib ki, oğlu artıq 9 aydır onunla yaşamır:
“Neftçalada iş yox idi, pul qazanmaq üçün keçən ilin okytabrında yoldaşı ilə Bakıya getdilər. Oğlum həyat yoldaşıyla birgə Xırdalanda qayInanası və qaynı ilə birgə yaşayırdı. Bu günə qədər ailədə heç bir söz-söhbət olmayıb. Hara getdiyini bilmirik, özüylə heç bir sənəd də aparmayıb”.
R. Bədəlov qeyd edib ki, oğlunun müharibəylə bağlı travması, psixoloji problemləri olmayıb. Evdə kiçik mübahisə olub. Ondan sonra evdən çıxıb və geri qayıtmayıb.
DİN-in mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, fakt nəzarətə götürülüb:
“Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir. Ailəsinin 21 iyulda polisə müraciəti əsasında ərizəsi qəbul olunub və tapılması üçün zəruri tədbirlər görülür”.