Modern.az

“Bəzi qəzetlərdən zəng edirlər ki, guya onlarda nazirlik haqqında nəsə məlumatlar var...” – MÜSAHİBƏ

“Bəzi qəzetlərdən zəng edirlər ki, guya onlarda nazirlik haqqında nəsə məlumatlar var...” – MÜSAHİBƏ

16 Mart 2013, 15:29

İradə İbrahimova: “”Reket” jurnalistlər jurnalistika üçün üz qarasıdır”

Onu hamımız məsuliyyəti, işgüzarlığı, səmimi və mehriban davranışı ilə tanıyırıq. Elə vaxt olmur ki, ona zəng edib, cavab ala bilməyək. Bəzən deyib-gülən, bəzən qayğıkeş, bəzən tələbkar, bəzən də sərt ola bilir. “Sözçü”nün bu dəfəki qonağı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovadır. 8 ildən artıqdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan İ. İbrahimova hər zaman jurnalistlərlə ünsiyyətdə olmasına baxmayaraq, ilk dəfədir ki, müsahibə verir. Modern.az İradə İbrahimovanın "Ekspress" qəzetinə verdiyi müsahibəni təqdim edir:

Özünüz haqqında və jurnalistikaya necə gəlməyiniz barədə nə deyə bilərsiniz?

– Düzü, çox dəcəl uşaq olmuşam. Uşaqlıqda həmişə bacılarımın müdafiəçisi rolunda çıxış etmişəm. Məktəbin əlaçısı olsam da, dəcəlliyim ilə müəllimlərimi çox incitmişəm. Uşaq vaxtdan təşkilatı işlərə də çox böyük həvəsim var idi. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişəm.

Jurnalistikaya həvəs məndə uşaq vaxtlarından yaranıb. 7-ci sinifdə oxuyanda valideynlərimə bildirdim ki, jurnalist olacağam və fikrim qətidir. Bu həvəsi məndə jurnalist olan bibim oyatmışdı və ilk oxucum da bibim olub. Bu həvəslə də BDU-nun jurnalistika fakültəsinə daxil oldum. Onu da deyim ki, hər bir övladın uğur əldə etməsində valideynlərin rolu danılmazdır. Mənim də bütün uğurlarımda atamın rolu böyükdür.

Soruşmaq olar bibiniz kimdir?

Gəncə şəhərində çıxan “Gəncənin səsi” dövlət qəzetinin baş redaktorudur.

– Jurnalistlərlə 8 ildir ki, çalışırsınız...

– Bəli təxminən o qədərdir. Məncə çox yaxşı da işbirliyimiz alınır. Çalışıram ki, hər zaman özümü qarşı tərəfin yerinə qoyam. Yəni bizə müraciət edənləri cavabsız qoymamağa çalışıram. Bir də hesab edirəm ki, KİV-lə işin yaxşı qurulması hər şeydən əvvəl rəhbərlikdən asılıdır. Nazirimizin hər zaman mətbuata açıq olması mənim işimə müsbət təsir göstərir və mətbuatla sıx əlaqə qurmağıma yardımçı olur. Mən də çalışıram ki, üzərimə düşən işi layiqincə yerinə yetirim və mənə göstərilən etimadı doğruldum.

– Gün ərzində jurnalistlər ən çox hansı sualla müraciət edirlər?

– Ən çox hava haqqında məlumatı soruşurlar (gülür). Bir də təbii ki, gündəmdə olan ekoloji məsələlər.

– Jurnalistlərdən nə qədər zəng olur?

– Diqqət etməmişəm. Ancaq onu deyə bilərəm ki, ayrı-ayrı günlərdə fərqli olur. Elə vaxtlar olur ki, telefon zənglərinin ardı-arası kəsilmir.

– Elə bu gün olduğu kimi Mətbuat Xidmətinin rəhbəri olmaq çətindirmi, iş sizi yormur ki?

– Bir sözlə desək, çox məsuliyyətli işdir. Təbii ki, iş çoxdur və məsuliyyəti, ağırlığı, yükü də böyükdür. Amma sevinirəm ki, bu yükü bacardığım qədər daşıya bilirəm. İş günümün ağır olmasından əziyyət çəkmirəm. Məncə müəyyən müddətdən sonra iş rejiminə də vərdiş edirsən və artıq mənim də iş rejimim bir həyat tərzinə çevrilib. Əgər gördüyün işin xeyirli və lazımlı olduğuna inanırsansa, bu insanı yormur, əksinə insan daha da həvəslə işləyir. Belə demək mümkündürsə, hər gün öz-özümə hesabat verirəm ki, bu gün nə etmişəm? Hansısa işi bacaranda özümü daha rahat hiss edirəm və bu da mənə stimul verir.

– Bəzi qurumların mətbuat xidmətləri bizim üzümüzə bağlıdır.

– Mətbuat xidməti yaradılıbsa, o hər şeydən öncə mətbuatla işi normal tənzimləməlidir. Qurumlarda mətbuat xidməti məhz KİV-lə işləmək üçün yaradılıb. Əgər mətbuat xidməti mətbuata açıq deyilsə, onlarla işləmirsə o zaman nəyə lazımdır? Yəni məntiqi olaraq belədir. Amma məncə sizin fikrinizdə nisbilik mövcuddur və hər kəs hamı üçün yaxşı ola bilməz. Ümumiyyətlə isə hər bir qurumun funksiyalarına uyğun olaraq öz iş prinsipi var və bu prinsiplərə də uyğun vəzifələr müəyyənləşıb. Məsələ ondadır ki, bu vəzifələrin öhdəsindən kim necə gələ bilir. 

Qeyri-peşəkar jurnalistlərlərlə işləmək sizə çətin olurmu?

– Jurnalist əlbəttə, hər şeyi bilə bilməz. Amma bu da bir prinsipdir ki, hər hansı bir qurumla əlaqə saxlamamışdan öncə mütləq həmin qurum haqqında yönəldilən sualın mahiyyəti barədə kifayət qədər məlumatlı olmalısan. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır. Bunu ona görə deyirəm ki, bəli, hərdən bəzi jurnalistlər qeyri peşəkar suallarla müraciət edir. Yəni bizə, bizim nazirliyə aidiyyəti olmayan məsələlərə görə bilməyərəkdən müraciət olunur. Çətinliyi yoxdur, sadəcə çalışırıq ki, maarıfləndirmə işlərini, təbliğatı gücləndirək ki, cəmiyyətdə məlumatlılıq çox olsun. Bizə daha çox ekologiyadan yazan jurnalistlər müraciət edir. Onların da əksəriyyəti ilə anlaşmamız yüksək səviyyədədir. Bilmirəm yerinə düşər ya yox, amma hesab edirəm ki, müəyyən qədər də ekologiya sahəsində yazan jurnalistlərə nazirlikdə fəaliyyət göstərmiş “Ekologiya məktəbi”nin təsiri olub. Bu məktəbdə təşkil olunan dərslərdə iştirak edən jurnalistlər 6 ay müddətində nazirliyin mütəxəssisləri, ekspertləri tərəfindən ekologiya, ətraf mühitin mühafizəsi sahəsində onları maraqlandıran bütün suallara cavab tapıblar. 

– Jurnalistlərin sizdən razı qaldığını düşünürsünüz?

– Onu deyə bilmərəm, bunun onlardan soruşulması daha məqsədəuyğun olar. Lakin mənimlə işləyən jurnalistlərdən mən çox razıyam, onlarla işləmək mənə daim pozitiv əhval-ruhiyyə gətirir. Agentlik, televiziya və qəzetlərin jurnalistlərinə, eləcə də onların rəhbərlərinə böyük hörmətlə yanaşırıq, hamısından da qarşılıqlı olaraq o hörməti görürük. Ümumiyyətlə bütün cəmiyyətdə jurnalistlərin çətin və şərəfli peşələri dəyərləndirilməli, yüksək qiymətləndirilməlidir və hesab edirəm ki, belə də var. Çünki onların fəaliyyətinin ictimaiyyət üçün necə önəmli olduğunun fərqindəyəm.

– “Reket jurnalistlər” haqqında nə deyə bilərsiniz?

– Siz də yaxşı bilirsiniz ki, belələri də var. Amma yaxşı ki tədricən ələnmə gedir və artıq cəmiyyət özü demək olar ki onları qəbul etmir. Yəni pozitiv proseslər gedir və yəqin ki, “reket jurnalitlər” ifadəsi də bir müddətdən sonra arxaikləşəcək. Bununla belə praktikamda belələrinə az da olsa yenə rast gəlirəm. Məsələn, bəzən adını ilk dəfə eşitdiyim qəzetlərdən zəng edirlər ki, guya nazirlik haqqında əllərində məlumatlar var, amma hələ yazmaq istəmirlər. Görüşüb razılığa gəlməmizi məsləhət bilirlər. Belələrinə deyirəm ki, söz və mətbuat azadlığının bütün prinsiplərindən yararlana bilərsiniz, yəni qanunlar çərçivəsində fakta, dəlilə əsaslanan bütün məlumatları verə bilərsiniz. Amma Nazirliyə qarşı hər hansı əsası olmayan, fakta söykənməyən böhtan xarakterli yazıya hüquqi müstəvidə cavab veriləcək. Jurnalist hər bir qurumu tənqid edə bilər, lakin tənqid başqa şeydir, şantaj, təhqir başqa.  Bu cür hallar jurnalistika üçün üz qarasıdır.

– Bacara bilmədiyiniz işlər olurmu? Bu sizi ruhdan salmır ki?

Əlbəttə olur, səhvlər də olur, bacarmadıqların da. Ancaq ruhdan düşmürəm, bütün gücümlə çalışıram ki, öhdəsindən gəlim və ya səhvimi düzəldim. Eyni zamanda hesab edirəm ki, iş prosesində, yəni bu, bütün insanlara aid olan bir məsələdir, qarşılaşdığın müxtəlif situasiyalarda düzgün qərarlar qəbul edəsən. Bu təkcə işdə yox, həyatda da belədir.  

Çox zaman saytlar mətbuat xidmətlərini qiymətləndirirlər. Mətbuata açıq olan mətbuat xidmətləri arasında sizi də hər zaman görürük.

– Təbii ki, belə xəbərlərdən sevinirsən, hətta bir az mübaliğəli də olsa da, fikirləşirsən ki, yaşamağa, işləməyə dəyər. Belə şeylər, necə deyərlər, insan üçün irəli getməyə stimul verir. Ən başlıcası isə bu ilk növbədə işlədiyim qurumla, onun rəhbərliyi ilə bağlıdır. Hesab edirəm ki, yalnız mətbuata açıq və şəffaf olan qurumlarda mətbuatla işin normal tənzimlənməsi mümkündür. Uğur qazanmaq üçün işini də sevməlisən. Əsas odur ki, lazımi yerdə olub, göstərilən etimadı doğrultmağı bacarasan.

– Təbiətcə özünüzü necə təsvir edərsiniz?

– Sakit insan deyiləm. Dəymə mənə dəyməyim sənə, kimsə nahaqdan xətrimə dəyirsə, mütləq həmin adamın cavabını verirəm. Amma kin saxlamağı bacarmıram, tez bağışlayanam.

– İnsanlarda hansı keyfiyyətlərə qiymət verirsiniz?

– Saflığı, səmimiliyi, xeyirxahlığı, ağlı və peşəkarlığı yüksək qiymətləndirirəm. Süniliyi, səmimiyyətdən kənar davranışı heç cür qəbul etmirəm. 

Xoşbəxtlikdən məni həm gündəlik həyatımda, həm də peşəkar fəaliyyətimdə yalnız səmimi, mehriban və xeyirxah insanlar əhatə edir. Bəlkə ona görədir ki, mən heç vaxt insanlığı, xeyirxahlığı vəzifə ilə, şan-şöhrətlə ölçməmişəm.    

– Dostlarınız çoxdur, düşməniniz ?

– Yaxın dostlarım, həmkarlarım olduqca çoxdur, onlarla çox gözəl münasibətlərim var. Ancaq nifrət etdiyim insanlar da var, onların da üstündən xətt çəkmişəm.

– İstəsəniz cavab verməyə bilərsiniz, nifrət etdiyiniz insanlar zərif cinsin nümayəndələridir, yoxsa əks cinsin ?

– Zərif cinsin.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi