Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya səfərə gəlib.
Modern.az xəbər verir ki, o, Moskvaya tətilə gəldiyini bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Şröderlə dövlət başçısı Vladimir Putin arasında təmaslar istisna edilmir.
“Bizim bildiyimizə görə, o, həqiqətən də Moskvadadır. Hələlik görüşlər yoxdur, lakin biz təmasları istisna etmirik”, - Peskov vurğulayıb.
Məlumata görə, keçmiş kansler “Qazprom”un baş ofisinin yaxınlığındakı oteldə qalıb. “Bir neçə gündür ki, tətildəyəm. Moskva gözəl şəhərdir”, - deyə Şröder Almaniyanın NTV telekanalının müxbirinə bildirib.
Peskovun sözlərinə görə, indi Putin Şröderlə kansler olduğu vaxtdan daha az əlaqə saxlayır.
"Spiegel" nəşri yazıb ki, Şröder Moskvada enerji ilə bağlı danışıqlar aparır.
Qeyd edək ki, Şröderin 77 yaşı var. 1998-2005-ci illərdə Almaniya Federativ Respublikasının kansleri olub. 2006-cı ildən Şröder “Nord Stream AG” (Şimal axını) Səhmdarlar Komitəsinin sədri, 2017-ci ildən “Rosneft”in Direktorlar Şurasının sədridir. Ukraynada müharibə başlayandan sonra o, Rusiya şirkətlərindəki vəzifələrindən imtina edib.
Akif İsmayılov