Modern.az

Kapitan Nizami Yolçuzadə ilə son GÖRÜŞ

Kapitan Nizami Yolçuzadə ilə son GÖRÜŞ

Qarabağ

26 İyul 2022, 23:59

Sözü hardan başlayacağımı da bilmirəm... Yuxuma də gəlməzdi nə vaxtsa... axı belə ağır yazıya hazır deyildim...

Vahid müəllimlə 1994-cü ildən Cəbrayıl rayonu 8 saylı tam orta məktəbdə birgə işləmişik. Onun qızları ilə yanaşı, iki oğlu var idi. Övladlarının hər biri 8 saylı məktəbdən məzun olmuşdular.

Nizami Vahid müəllimin kiçik oğlu idi. Sinif yoldaşları, dostları ona əzizləmə anlamında Nizi deyə müraciət edərdilər... Sarışın, şirin oğlan idi. Müəllimləri ilə söhbət edərkən həmişə çöhrəsində həya qarışıq bir qızartı sezilərdi...

Orta məktəbi bitirdikdən sonra – 2007-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olunmuşdu. Əlbəttə, bu gözlənilməz olmadı. Ürəyin hökmi idi. Vətəni darda olan bir çox gənclər bu yolu seçmişdi. Nizami Yolçuzadə də bu çətin yolun yolçusu oldu...

Hərdən qısa görüşlərimiz olardı. Müəllim-şagird kimi, yenə həmişəki ədəb-ərkan. Nizami kiçik oğlum Xalidlə həm orta məktəbdə, həm də Ali Hərbi Məktəbdə bir oxumuşdu. Çox vaxt bir qalırdılar. Onlar kursant olarkan hər dəfə Bakıya gedəndə imkan daxilində görüşərdim. Hərbi məktəbi bitirdikdən sonra TTM-də (Təlim Tədris Mərkəzi) bir illik kursda idilər. Xalidlə məktəbə yaxın yerdə kirayə ev tutmuşdular.

2011-ci ilin dekabr ayı, bir istirahət günü idi. Səhər-səhər qəflətən qapılarını döydüm. Qapını Nizami açdı. Saat 10-a işləsə belə, hələ də yerlərini səliqəyə salmamışdılar, axşam çox gec yatdıqlarını bəhanə gətirdilər. Nizi dedi ki, “müəllim onsuz da bu gün istirahət günüdür...”.

Həmin gün onlarla birlikdə deyə-gülə səhər yeməyi yedik...

Nizami bir zabit kimi hərbi xidmətə Naxçıvanda - Əlahiddə Ümumqoşun Ordusunda başladı. İş elə gətirmişdi ki, mən ildə iki dəfə - yay və qış aylarında Naxçıvana getməli olurdum. İmkan daxilində Nizami ilə də görüşərdim. Nizami Naxçıvanda uzun müddət N saylı hərbi hissədə gənc əsgərlərin hazırlanmasına rəbərlik etdi. Yuxarı komandanlıq və dostları arasında hörmət sahibi idi. Kapitan rütbəsinə qədər yüksəlmişdi.

Son bir ildə ona etimad göstərilmiş, tabor komandirinin təhcizat üzrə müavini vəzifəsinə təyin edilmişdi. Artıq Şahbuz rayonundakı N saylı hərbi hissədə xidmətini davam etdirirdi. Bu ərazi çətin reliyefi olan dağlıq yer idi.

Nizami ilə son görüşümüz bu ilin iyun ayının əvvəllərində oldu. Məzuniyyətə gəlmişdi. Atasının adını daşıyan oğlu Vahidin əlindən tutub gəzirdilər. Xeyli söhbət etdik. Dedi ki, bir neçə gündən sonra məzuniyyəti qurtarır. Yenə həmişəki Nizi idi, utancaq, məsum, ədəb-ərkanlı...

Taleyin qəribə oyunları var. Heç kimin ağlına da gəlməzdi ki, məzuniyyətdən sonrakı ilk iş günü, onun həm də son gedişi olacaq.

18 iyun 2022-ci il. Saat dörd-beş radələri idi. Mənə gələn gözlənilməz telefon zəngindən sarsıldım! – Ata, indicə Naxçıvandan zəng etmişdilər, Nizi çox ağır avtomobil qəzası keçirib!..

Şahbuzun dağ kəndi olan Şada kəndinin coğrafi relyefinə yaxşı bələd olduğumdan bilirdim ki, oradakı qəza necə nəticələnə bilər!...

Ölüm haqdır, amma beləsi yox, Allahım!

19 iyun... yaşadığımız köçkün qəsəbəsinin Şəhidlər məzarlığında Nizinin dəfn günü...

Anası Gülzar xanımın taqətdən düşmüş, güclə eşidilən fəryadından başqa heç nə eşitmirdim!

Bir də, bir də.... nə vaxtsa yaddaşımın küncündə qalmış bu misralar ürəyimdə səssizcə təkrarlanırdı:

Bilirəm qanundur gedən qayıtmaz,
Ömrünü yarımçıq edən qayıtmaz!
Məzarda uyuyan bədən qayıtmaz,
Balam daha geri dönməyəcəkdir.
Ürəyimin odu sönməyəcəkdir!!


Mirzə Mirimli
26. 07. 2022

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi