Modern.az

Dağlıq rayonlarda yayda dərslər keçirilsin - EKSPERT

Dağlıq rayonlarda yayda dərslər keçirilsin - EKSPERT

28 İyul 2022, 15:52

Ötən gün təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə tədris müddətinin artırılmasının tərəfdarı olduğunu bildirib. Nazirin sözlərinə görə, tədris ilinin indiki müddəti şagirdləri dərsə həvəsləndirmir.

 

"Valideynlər istəyir ki, uşaqlar az oxusun, yorulmasın. Bunu övladlarını çox sevdiklərinə görə edirlər. Amma bu, uşağı təhsilə həvəsləndirmir. Biz çalışmalıyıq ki, təhsilə həvəsi artıraq. Məktəb dövründə çox istirahət edən uşaqların gələcək həyatı, karyerası ilə bağlı çətinlikləri ola bilir", - deyən E.Əmrullayev vurğulayıb ki, orta məktəb təhsilinin müddətinin artırılması arzu edilir.

 

Tədris vaxtının uzadılmasının əhəmiyyəti nədir?

 

 

Bu barədə Modern.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, tədris ilinin uzadılmasında əsas məqsəd dünya standartları ilə uyğunlaşmaqdır:

 

“Biz illərdir təklif edirik ki, tədris ili sentyabrın 1-dən başlasın. Bir çox ölkələrdə, xüsusilə təhsilin inkişaf etdiyi dövlətlərdə tədris ili 36 həftədir. Bizim də qarşıya qoyduğumuz məqsəd dünya standartlarına inteqrasiya olmaqdır. Tədris ilinin müddəti texniki məsələdir. Dərslərin, gündəlik dərs saatlarının azaldılması, həmçinin həm praktik, həm nəzəri qaydada keçirilməsi tədris ilinin uzadılmasıyla yanaşı həyata keçirilməlidir. Hazırki vəziyyətdə dərslərin 1 sentyabrda başlayıb, 31 mayda bitməsi daha məqsədəuyğun olardı. Belə olan halda 35 həftəlik dərs ilinin müddəti iqlimimiz üçün daha uyğun variantdır”.

 

Ekspert vurğulayıb ki, gələcəkdə tədris ilinin uzadılması təhsilin keyfiyyətinə təkan verməyəcək:

 

“Dərs ilinin uzadılması müsbətə doğru nəticələr doğurmayacaq. Keyfiyyəti dərs ilinin uzadılması deyil, müəllimlərin peşəkarlığının artırılması, təhsil proqramları, informasiya resursları ilə və digər məqamlar təmin edir. Tədris ilinin artırılıb-azaldılması onun keyfiyyətinə hər hansısa təsir göstərmir. Tədris ilinin müddəti uzadılarsa, ölkəmizin dağlıq və dağətəyi məktəblərində şagirdlərin yay məktəblərinə, düşərgələrinə cəlb olunması üçün dövlət proqramı həyata keçirilməlidir”.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 oktyabr 2014-cü il tarixli qərarına əsasən ölkəmizdə tədris ili sentyabrın 15-i başlayıb, iyunun 14-ü başa çatır.

 

Elmar Hüseynov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu