Modern.az

50 yaşın 40-cı günü – Zülfiyyə Eldarqızının yubileyinə “gecikmiş” təbrik...

50 yaşın 40-cı günü – Zülfiyyə Eldarqızının yubileyinə “gecikmiş” təbrik...

29 İyul 2022, 12:10

Şərq mifologiyalarında, xalq mədəniyyətində, islam inanclarında 40 müqəddəs rəqəm sayılır. Elə elimizdə də belə bir adət var ki, yeni doğulmuş körpəni 40 gündən sonra görməyə gedərlər. Mən də bu müqəddəsliyi nəzərə alıb dost yubileyini 40 gündən sonra təbrik etməyi qərara aldım. 50 yaşın 40-cı günündə...


Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa, bədii qiraət ustası Zülfiyyə Eldarqızı ömrünün 50 il 40 gününü arxada qoydu. Yəni,  ümumilikdə 18 min 302 günü, yaxud da, ömrün 439 min 248 saatını, bir az da incələsək 26 milyon 354 min dəqiqə arxada qaldı. Deyəsən, bu rəqəmlər məni mətləbdən bir az uzaqlaşdırdı. Lap Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndəki Səfdər dayı kimi rəqəmlərin fərqinə çox vardım.


Əslində, yaşla bağlı rəqəmlər çox da önəmli deyil. Bu sadəcə təqvim göstəricisidir. Əsl yaş yaşadığın illərin keyfiyyətidir. Keyfiyyət deyəndə, yadıma sovet dövründəki “znak kaçestva” düşür. Məhsulların üzərinə vurulan beşkünclü keyfiyyət nişanı adamda fərqli bir təəssürat yaradırdı, brendin xüsusiliyini əks etdirirdi, müştərinin alıcılıq istəyini artırırdı. İnsanlarda da bu keyfiyyat nişanı var, sadəcə həmim nişan adamın göründüyü yerə həkk edilmir, insan öz əməlləri ilə qazanır həmin keyfiyyət nişanının. Zülfiyyə Eldarqızı kimi...


Bu kiçik təbrik yazısında mən Zülfiyyə Eldarqızının sənəti haqqında söz demək, onu təhlil etmək fikrində deyiləm. Bu mənim “gücüm” və səlahiyyətim daxilində deyil. Sənətkar haqqında sənətkar söz deyər. Amma onun yaradıcılığını ardıcıl izləyən sıravi bir seyrçi kimi yalnız onu deyə bilərəm ki, illərdir Zülfiyyə xanın səhnələrdə yaratdığı obrazlarla, bədii qiraəti ilə, aldığı rollarla zövqümə sığal çəkir.


Zülfiyyə xanım o sənətkarlardandır ki, onun tamaşaçı və dinləyici auditoriyası sevgilərlə, məhəbbətlə zəngin olur. Mən onun yubileyində də bir daha bunun şahidi oldum. Mətbuatda, sosial şəbəkələrədə Zülfiyyə xanıma ünvanlanan səmimi təbriklər əsl sevgi yağışına bənzəyirdi. Məhz elə bu səmimiyyət bolluğundan, bu sevgi yağışından çəkinib həmin günü onu təbrik etmədim. Təbrikimin bu yağışda bir damcıya çevriləcəyindən ehtiyat etdim.  Düzdür, fərqli təbrik yazacaqdım, dost sevgimi olduğu kimi çatdırmağa cəhd edəcəkdim, amma hər halda həmin yubiley günü sıradan gələn birinə çevrilmək istəmədim. Onu da yaxşı bilirəm ki, təbriklər arasında mənim adımı görməyəndə Zülfiyyə xanımın ürəyindən “ay etibarsız dost” ifadəsi də keçib. Bunu təbii qəbul edirəm. Çünki uman yerdən küsərlər...


Zülfiyyə xanımın adının qarşısından çox dostların naxələf çıxdığı bir dövrdə böyük inamla “dost” sözünü yazmaq, güvənc yeri kimi ona həmişə etibar etmək olar. Lap gecənin bir aləmində Zülfiyyə xanıma zəng vurub rahatlıqla bölüşmək də olar. O, hər şeyi “həzm” etmək gücündədir, dostun sevincini də, kədərini də.


Qabriel Qarsia Markesin maraqlı bir aforizmi var: “Nə vaxtsa heç kimi eşitmək istəməsən, mənə zəng vur, söz verirəm ki, susacağam...” Zülfiyyə xanım məqamı gələndə susmağı, yaratdığı sükutla məlhəm olmağı da bacarır.


Zülfiyyə Eldarqızının dünyaya gəldiyi 1972-ci ildən üzü bəri çox şeylər dəyişib, ictimai-siyasi proseslər, tarixi hadisələr, texnologiyaların inkişafı, insanların dünyaya baxışı  və s. Amma zaman onu dəyişə bilməyib. Yəni, Zülfiyyə xanım yenə də öz “ampula”sındadır. O, bu “ampula”da yenə də gözəldir, cazibədardır, seviləndir, seçiləndir...


Bu yubiley təbrikində əziz dostumu, Zülfiyyə Eldarqızını dağ başına çıxartmaq fikrində deyiləm. Zirvələrdə oaln adamın buna heç ehtiyacı da yoxdur. Bu yazı ilə sadəcə Zülfiyyə xanıma 50 yaşın 40-cı günündə yenidən yubiley təntənəsi yaşatmaq istədim. Əgər buna nail oldumsa, qələmimə güc, ürəyimə səmimiyyət verən Tanrıma minnətdaram.


Bir daha təbriklər, ƏZİZ DOST! Titrək səsindən dağ əzəməti, çöhrəndən təbəssüm, ürəyindən sevgi əskik olmasın.


Hə, bir də, bir xahişim olacaq səndən, Zülfiyyə. Bir də “Laçınla Şuşanın söhbətini” oxuma. Bu qiraətinlə neçə illər ürəyimizdə qövr edən vətən yarasını dönə-dönə, təkrar-təkrar “amansızcasına” qopardın. İndi Laçında, Şuşada, cəmi Qarabağda çal-çağır havasıdır. Səsin dədə yurdundan gəlsin...


İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər