Modern.az

Parlamentlərarası yeni əməkdaşlıq formatı nə vəd edir...

Parlamentlərarası yeni əməkdaşlıq formatı nə vəd edir...

Parlament

29 İyul 2022, 16:24

Dünən Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopla görüşüb. Tərəflər iki ölkənin parlamentləri və komitələri arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının üçtərəfli formatında fəal parlament əlaqələrinin olduğu vurğulanıb.

 

TBMM-in sədri Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin Gürcüstanın xarici siyasi prioritetlərinə ikitərəfli və çoxtərəfli formatlarda güclü dəstəyini bir daha təsdiqləyib.

 

Tərəflər eyni zamanda bölgədə təhlükəsizlik çağırışlarını nəzərdən keçirib, sülh və sabitliyə nail olmaq üçün birgə səylərinin vacibliyini qeyd ediblər.

 

Üçtərəfli əlaqələrin gələcək inkişafı haqqında Modern.az-a danışan Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərli qeyd edib ki, üç ölkə arasında münasibətlərin möhkəmlənməsi bölgənin rifahına xidmət edən məqamdır.

 

 

“Azərbaycanla Türkiyənin münasibətləri hər kəsə məlumdur – bir millət iki dövlətik. Bütün sahələrdə ölkələrimiz bir-birinin yanındadır. 2021-ci ildə imzalanan Şuşa bəyannaməsi də bunu rəsmiləşdirən bir sənəddir. Türkiyə və Azərbaycan öz tarixində ilk dəfə olaraq Şuşada müttəfiqlik haqqında müqavilə bağladılar.

 

Cənubi Qafqazın 3 dövləti – Azərbaycan, Ermənistan və Gürcüstanın münasibətlərinə nəzər salanda görürük ki, tarixən Azərbaycan və Gürcüstan həmişə bir yerdə olub.

 

1919-cu ildə Azərbaycanla Gürcüstan arasında hərbi pakt imzalandı, Bakı- Batumi neft kəməri fəaliyyətə başladı. O zaman da Tiflisdə gürcü nümayəndə heyətinin rəhbərliyi və Azərbaycanla Ermənistan arasında danışıqlar getdi. Erməni tərəfi bu danışıqları pozdu, müqavilə imzalamadı. Amma gürcü tərəfi bu cəhdi göstərdi. İndi də, xüsusilə iki həftə bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları, Gürcüstan tərəfinin məsələyə qoşulması, Gürcü parlamentinin fəaliyyəti göstərir ki, Gürcüstanın siyasəti konstruktiv siyasətdir".

 

Deputat vurğulayıb ki, bu gün Türkiyə Cümhuriyyəti Cənubi Qafqazda sülhün təmin olunmasına dəstəyini göstərir:

 

"Türkiyə dünyada böyük nüfuz sahibidir, Azərbaycanın haqq işini müdafiə edir, Ermənistanla münasibətləri normallaşdırmağa çalışır və Gürcüstanla münasibətləri də əla səviyyədədir. Bu mənada gürcü tərəfi ilə Türkiyə Cümhuriyyətinin parlamentlərarası, hökumətlərarası münasibətləri Azərbaycanın burada fəallığı göstərir ki, Cənubi Qafqazda əmin-amanlıq, sabitlik olmadıqca inkişaf da olmayacaq. Amma münasibətlər normallaşsa, ərazi iddialarından imtina edilsə, Cənubi Qafqazda inkişaf sürətlənəcək”.

 

 

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cavid Osmanov isə düşünür ki, üçtərəfli formatda parlamentlərarası əlaqələrin inkişafı bütün dünya üçün nümunədir:

 

“Azərbaycan Türkiyə ilə qardaşdır və dünyada ikinci belə ölkələr yoxdur ki, bu qədər yaxın münasibətləri olsun. O cümlədən parlamentlər səviyyəsində də görürük ki, Azərbaycan-Türkiyə münasibətləri nümunədir. Müxtəlif tədbirlərdə hər zaman parlamentarilər iştirak edirlər və çox yaxından bir-birlərinə dəstək olurlar.

 

Azərbaycan və Gürcüstan arasında regionun dost ölkələri, mehriban qonşu kimi ən yüksək səviyyədə münasibətlər qurulub. Bir neçə ay öncə Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri baş tutub. Gürcüstan parlamentariləri də dəfələrlə Azərbaycanda olublar. Bütün bunlar Azərbaycanın qonşu ölkələri ilə yüksək səviyyəli münasibətlərinin göstəricisidir. Həyata keçirilən meqalayihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər layihələr üç dövlət arasında iqtisadi və siyasi əlaqələrinin möhkəmlənməsinə xidmət edib”.

 

Digər ölkələrlə parlamentlərarası əlaqələrin möhkəmləndirildiyini vurğulayan Cavid Osmanovun sözlərinə görə, son illər xüsusilə Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə yeni təşəbbüslər irəli sürülüb:

 

“Digər ölkələrin parlamentləri ilə əlaqələrin daha da möhkəmlənməsinə istiqamətlənən addımlar atılıb. Biz Qoşulmama Hərəkatına üzv ölkələrlə formalaşdırılan bu cür əməkdaşlığı nümunə göstərə bilərik. Ölkə başçısı hərəkatın parlament şəbəkəsinin təşkil edilməsi ilə bağlı təşəbbüs göstərmişdi. Şəbəkənin ilk dəfə Bakı konfransı keçirildi və bir çox məsələlər burada müzakirə edildi.

 

Parlament diplomatiyasının yeni dünya düzənində çox mühüm rolu var. Azərbaycan həm Türkiyə, həm də Gürcüstanla parlament səviyyəsində yüksək münasibətlər qurub. Bu ümumi işimizə, həm regionun təhlükəsizliyinə, həm ümumi dünyaya baxışa, əlaqələrin daha da möhkəmlənməsinə, həm də bir çox sahələrdə yeni platformanın axtarılmasına töhfə verəcək. Gələcəkdə üç ölkə - Azərbaycan, Türkiyə və Gürcüstan arasında yeni əməkdaşlıq platformaları qurula bilər”.

 

 

Aysel Aslan 

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi