Martın 19-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliklərində iştirak ediblər.
Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Meydana toplaşmış şəhər sakinləri, paytaxtın qonaqları dövlət başçısını və xanımını hərarətlə qarşılayıblar.
Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə bayram xonçası təqdim ediblər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Sonra dövlət başçısı və xanımı Dənizkənarı Milli Parka gəliblər.
Azərbaycan Prezidenti İlham Əliyev bayram şənliyində nitq söyləyib.
Daha sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva burada nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri ilə tanış olublar.
Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.
Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.
Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənilib. Prezident İlham Əliyev Federasiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Azərbaycan Prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içiblər.
Dövlət başçısı və xanımı zorxana güləşçiləri ilə xatirə şəkli çəkdiriblər.
Prezident və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olunlar.
Azərbaycan Prezidenti onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.
Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Modern.az