Bakıda və Abşeron yarımadasında məhdud yeraltı süxur sularından başqa içməyə yararlı suyun olmadığını hamı bilir. Bunun üçün də paytaxta içməli su uzaq mənbələrdən, 150-200 kilometrlik məsafələrdən gətirilir. Hazırda Bakının içməli su təminatı 4 mənbədən qidalanır – ümumi uzunluğu 187 kilometr olan Bakı-Şollar su kəməri, “Samur-Abşeron” kanalı, Kür çayı və Ceyranbatan Su Anbarı. Son illərdə isə Oğuz-Qəbələ su kanalının çəkilməsi ilə Bakı daha bir mənbədən su aldı.
Modern.az Bakı və ətraf ərazilərə hansı mənbələrdən su aldığını öyrənib.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllının dediyinə görə, Yasamal, Səbayel rayonunun şəhər hissəsi, Nəsimi, Binəqədi rayonunun şəhər hissəsi Oğuz-Qəbələ kanalından suyu alır. Bakının həmin hissələrinə Oğuz-Qəbələ suyu ilə Şollar suyunun qarışığı verilir. ASC rəsmisinin sözlərinə görə, təmiz Şollar suyunu isə Sulutəpə, Pirəküşkül, Müşfiqabad, Stansiya Sumqayıt, Hacı Zeynalabdin Tağıyev Stansiyası, Sumqayıt şəhəri, şəhərin Şərq hissəsi, Bağlar massivi isə əsasən Ceyranbatan suyu alır.
Paytaxtın Xətai, Nizami, Nərimanov hissəsində yaşayan sakinlər Kürlə Ceyranbatan suyunun qarışığını içir. Qaradağ rayonunun qəsəbələri təmiz Kür suyu alırlar. Hacıqabul, Ələt, Sənqaçal, Lökbatan, Sahil, Qobustana isə təmiz Kür suyu verilir.
Anar Cəbrayıllı onu da bildirdi ki, bu ilin sonuna kimi Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu da tam hazır olacaq. Onun sözlərinə görə, istifadəyə veriləcək qurğudan şəhərin şərq hissəsi su ala biləcək. Pirallahı, Masazır, Xırdalan, Maştağa, Digah, Qala, Suraxanı və Sabunçu rayonunun kəndlərinə həmin qurğudan su paylanacaq.
Gültəkin Ələsgər