Modern.az

Milli Qəhrəmanlar: “Dövlət müharibə əlillərinə xüsusi rəğbət bəsləyir” 

Milli Qəhrəmanlar: “Dövlət müharibə əlillərinə xüsusi rəğbət bəsləyir” 

Qarabağ

2 Avqust 2022, 16:36

Bu gündən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Nazirlər Kabinetinin qərarına əsasən, Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8800 manat, II dərəcə əlilliyə görə – 6600 manat, III dərəcə əlilliyə görə – 4400 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

 

Azərbaycan dövlətinin müharibə əlilləri ilə bağlı qərarı keçmiş döyüşçülər və qazi ailələrinin sevincinə səbəb olub. 

 

Bu barədə Modern.az-a danışan Milli Qəhrəman İbad Hüseynov bildirib ki, dövlətimiz Qarabağın azadlığı uğurunda vuruşmuş qazilərə və şəhid ailələrinə daim diqqət göstərir, onlara dəstək olur.

 


“Bu, birinci dəfə deyil. Dövlətimiz, cənab Prezident İlham Əliyev əlillərə, qazilərə hər zaman diqqət göstərir. Dövlət başçısı çıxışlarında bildirir ki, şəhid ailələrinə, qazilərə və əlillərə xüsusi diqqətlə yanaşmalıyıq. 1994-cü ildən bəri Qarabağ döyüşçülərinə xüsusi həssaslıqla yanaşılır. Bu gün əlillərin çətin yaşayış şəraitini nəzərə alaraq müavinətlərin birdəfəlik ödənilməsi həyata keçirilir. İkinci Qarabağ müharibəsindən sonra da gördük ki, dövlət qazilərə, şəhid ailələrinə xüsusi rəğbət bəsləyir. Bu müsbət hallardır. Ali Baş Komandan həmişə qazilərin, döyüşçülərin və şəhid ailələrinin yanındadır”, - deyə Milli Qəhrəman vurğulayıb.

 

Birinci Qarabağ müharibəsi döyüşçüsü, Milli Qəhrəman Vahid Quliyev söyləyib ki, müavinətlərin birdəfəlik ödənilməsini müsbət qiymətləndirir və bu, dövlət qayğısından irəli gəlir:


“Hər bir veterana, əlilə bu gün göstərilən qayğı yüksək qiymətləndirilir. Hər bir Azərbaycan əsgəri dövlətin diqqətindədir. Qazilər torpaqlarımızın azadlığı üçün qan töküblər, şəhidlər can veriblər. Cənab Prezident qazilərin, şəhid ailələrinin rifahını yüksəltmək üçün əlindən gələni edir. Müavinətlərin ödənilməsi məhz onların rifahını düşünərək atılmış addımdır. Dövlətin qazilərə, əlillərə və şəhid ailələrinə diqqəti həmişə yüksək olub, bundan sonra da belə olacaq”.

 

Qeyd edək ki, Baş nazir Əli Əsədov bu gün “1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

 

Birdəfəlik ödəmə almaq hüququ olan şəxslər aşağıdakılardır:

 

- 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

 

- Hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər;

 

- Xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş, lakin sonradan reabilitasiya olunmuş şəxslər;

 

- Müəyyən edilmiş məbləğdən az məbləğdə sığorta ödənişi almış şəxslər;

 

- Yuxarıda göstərilən kateqoriyadan olan şəxslər vəfat etdikdə onların vərəsələri.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI