Modern.az

Süleyman Dəmirəl və Azərbaycan əlifbası

Ədəbi̇yyat

1 Avqust 2022, 20:52

İbrahim Nəbioğlu

2001-ci ilin iyul ayının son günlərindən birində Ankarada Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəldən geniş müsahibə aldım. Xalqımızın böyük dostu Süleyman Dəmirəl müsahibədə bir sıra önəmli beynəlxalq hadisələr, Qarabağ məsələsi və Türkiyə-Azərbaycan münasibətləri haqda maraqlı fikirlər səsləndirdi.


Bir saata yaxın müsahibənin kassetini alıb Bakıya uçdum. AzTV-də "Xəbərlər"in saat 20.00 buraxılışında müsahibənin 2-3 dəqiqəlik bir bölümünü verdikdən sonra aparıcı geniş müsahibənin 20:30-da yayıçmlanacağını anons etdi.


Müsahibəni AzTV-nin foyesindəki televizordan seyr etdim. Veriliş bitəndə koridorun o biri ucundan Nizami Xudiyev çıxdı. O vaxtkı sədr məni görən kimi "Heydər Əliyev zəng elədi, müsahibəyə baxıb, bəyənib. Hətta tapşırıb ki, müsahibənin mətni sabah dövlət qəzetlərində verilsin".


Ertəsi gün qəzet köşkündən bir neçə nüsxə "Xalq qəzeti" aldım. Onları səliqə ilə qırışdırmadan özümlə Ankaraya gətirdim. Çankayada, Atakulenin altındakı Fuji studiyasının sahibi ilə yaxın idim. Qəzetin 1-ci səhifəsini solmayan xüsusi bir kağıza "kopyalatdırdım". O kopyanı isə çərçivəçi dükanında sadə, amma gözəl bir ramkaya saldırdım.



Süleyman Dəmirəlin mətbuat katibinə zəng vurub hazırlatdığım hədiyyədən danışdım, onu necə təqdim edəcəyimi soruşdum. Bir saat sonra zəng gəldi ki, şənbə günü Süleyman Bəy səni Güniz Sokakdakı evinə səhər yeməyinə dəvət edir...


Süleyman Dəmirəlin evinə səhər yeməyinə dəvət olunurdum, mutlu və sevincli idim. Dəfələrlə həm prezident sarayında olmuşdum, həm də öz evində. Ancaq qəhvəaltıya dəvət nadir görülən hadisə idi.


Şənbə günü Güniz Sokakdakı 3 qatlı Ankara evinin 1-ci mərtəbəsində yemək salonuna keçmədən Dəmirəl çərçivənin üstündəki karton kağızı açdırdı. "Xalq qəzeti"nin 1-ci səhifəsinin yarıdan çoxunu müsahibəsi tuturdu. Üzündəki sevinci ifadə etməyə çətinlik çəkirəm. "Nazmiye, Nazmiye" deyə həyat yoldaşını çağırdı.


Türkiyənin 9-cu prezidentinin həyat yoldaşı Nazmiye Demirəl asta addımlarla bizə yaxınlaşdı, Süleyman Bəy sanki həyatında ilk dəfə idi ki, qəzetdə müsahibəsi çıxmış kimi "Bak, Azərbaycan Latın alfabesine geçdi ve ilk latince gazete sayısında manşette ben varım" dedi.


Yemək masasında mətbuat katibinə dedi ki, hədiyyəni doğulduğu Ispartaya göndərsinlər. İndi mənim o hədiyyəm Ispartadakı "Süleyman Demirəl Mərkəzi"ndəki eksponatlardan biridir. Vəfatından öncə Süleyman Demirəl bütün şəxsi əşyalarını bu mərkəzə hədiyyə etmişdi…


1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu əlamətdar gün prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib. Müstəqillik tarixizin ən böyük hadisələrindən biridir məncə bu tarixi sənəd. Çoxumuz bu hadisənin canlı şahidi olduğumuzdan bəlkə də onun ölkəmiz, millətimiz üçün nə qədər cahan-şümul bir qərar olduğunun tam fərqində deyilik.


Mənim üçün unudulmaz olan bu gündə xatirəmi sizinlə paylaşmaq istədim…


Yaşasın Ana Dilimiz!...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu