Pirallahı rayonu İcra hakimiyyətindən Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı şəhəri inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonunun bütün ərazisi bu günlərdə yenidənqurma və abadlıq işləri ilə əhatə olunub. Bu barədə Modern.az-a Pirallahı rayonu İcra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, bayram ərəfəsində ARDNŞ və Pirallahı İcra hakimiyyəti uşaq bağçalarında tərbiyə alan körpələri və orta məktəblərin ibtidai sinif şagirdlərini bayram münasibətilə sevindirib, balacalara 1300-dən çox hədiyyə paylanıb. Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər bu kateqoriyadan olan insanlar da bu günlər qayğı ilə əhatə olunmuş, 300-dək ailəyə bayram sovqatı təqdim edilib.
Pirallahıda bayram tədbirləri qəsəbə ərazisində kəhər atlar qoşulmuş faytonların hərəkəti ilə başlayıb. Əsas bayram tədbirinə saat 16.00-da Gənclər Parkında start verilib. Bayramsayağı bəzədilmiş Parka daxil olan İcra hakimiyyətinin başçısını və digər qonaqları Bahar qızı əlində al-əlvan xonça ilə qarşılayıb. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif milli idman növlərinə aid olan nümunəvi çıxışlar nümayiş etdiriblər.
Meydanın digər tərəfində əsl Novruz ab-havası yaşanıb. Kimi səməni halvası, sacda yuxa, paxlava, şəkərbura bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı...
Pirallahının orta məktəbləri və uşaq bağçaları, Pirallahı uşaq yaradıcılıq mərkəzi və V.Mustafazadə adına mədəniyyət sarayı öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və s. vardı. Üzbəüzdə qurulmuş 10 molbert üzərində rəsm studiyasının yetirmələri Novruz mövzusunda improvizasiya ilə məşğul idilər...
Gənclər Parkında rəsmi qonaqları bayram iştirakçıları alqışlarla qarşıladılar. Bayram tədbirini giriş sözü ilə İcra hakimiyyətinin başçısı Vasif İmanov açıb. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən icra başçısı ulu Novruz bayramı haqqında geniş məlumat verib, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğulayıb, Novruz adətləri barədə danışıb.
Vasif İmanov daha sonra qeyd edib ki, Prezident cənab İlham Əliyev Pirallahı və Çilov adalarının, eləcə də Neft Daşlarının iqtisadi və sosial inkişafının daha da gücləndirilməsi, burada yaşayan, əsasən neftçiləri təmsil edən əhalinin sosial-rifah halınının daha da yüksəldilməsi, rayonun turizm potensialından səmərəli istifadə edilməsi məqsədilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında qanunun qüvvəyə minməsi ilə əlaqədar sərəncam imzalayıb. Builki Novruz bayramı tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən icra başçısı bundan sonra da əlbir işləməklə Prezidentin qarşıya qoyduğu vəzifələrin birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə edib.
Tədbirdə çıxış edən qonaqlar da Pirallahı sakinlərini Novruz bayramı münasibətilə ürəkdən təbrik etdilər, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzulayıblar. Bayram tədbiri mədəniyyət işçilərinin ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam edib. Hava qaralana yaxın bayram meydanına Dədə Qorqud daxil olub, iştirakçıları Novruz münasibətilə təbrik edib və bayram tonqalını alovlandırıb. Rəngarəng Novruz bayramı tədbirləri Çilov adası və Neft Daşlarında da təşkil edilib.
Modern.az