Türkiyədə ömürlük həbsdə olan kürd separatçılarının lideri Abdulla Öcalan bu gün rəhbərlik etdiyi Kürd Fəhlə Partiyasını (PKK) təslim olmağa, ölkə ərazisindən silahlı dəstələri çıxarmağa, uzun sürən münaqişənin nizamlanması üzrə sülh danışıqlarına başlamağa çağırıb.
Modern.az-ın Türk mətbuatına istinadən verdiyi məlumata görə, Öcalan "Milyonlara müraciət edirəm, kim silahlıdırsa, Türkiyəni tərk etsin" deyə müraciət edib.
Müraciəti səsləndirənlər isə Diyarbəkir şəhərində leqal fəaliyyət göstərən kürdyönlü Sülh və Demokratiya Partiyasının nümayəndələri olub.
"Bu gün proses başlayır. Biz illərlə özümüzü xalq üçün qurban vermişik. Bu gün biz deyirik - müharibəyə son... Bu gün milyonlarla insanın iştirakı ilə yeni prosesə başlayıram. Birinci planda silah yox, siyasətdir. Artıq silahları yerə qoymağın və türk və kürd millətlərinin qanını axıtmağa son qoymağın vaxtı çatıb. Silahlarınızı yığışdırın və ölkə hüdudlarını tərk edin. Biz silahlı mübarizədən demokratik mübarizəyə keçirik", - bu kimi fikirlər Öcalanın müraciətinin əsas xətti olub.
Elçin AĞAYEV