Sabiq deputat Gülər Əhmədovanı Novruz bayramı münasibətilə saxlandığı İstintaq Təcridxanasında ziyarət edən olmayıb.
Bu barədə bizə açıqlamasında onun vəkili Raqif Mustafayev bildirdi. Onun sözlərinə görə, vəkillərə bayram günü müvəkkili ilə ziyarət etməyə icazə verilmir. Müsahibimiz ailə üzvlərindən də heç kimin onunla görüşmədiyini dedi: ”Həyat yoldaşı görüş üçün müraciət edəcəkdi. Amma mən bildiyim qədər ilə görüş olmayıb”.
Müsahibimiz bayramdan sonrakı ilk iş günündə istintaqın hərəkəti ilə bağlı geniş açıqlama verəcəyini dedi.
Bu arada R.Mustafayev qəzetimizin sonuncu sayında G.Əhmədova ilə aralarında maddi anlaşılmazlıq olması ilə bağlı yazılanları da təkzib etdi. Dedi ki, bu, müvəkkillə vəkil arasında olan söhbətlərdir və bunun mətbuata çıxarılması doğru deyil.
G.Əhmədovanın digər vəkili Eldar Qədimi də bunu təkzib etmişdi.
Xatırladaq ki, sözügedən məqalədə G.Əhmədovanın vəkilləri ilə aralarında qonarar anlaşılmazlığı yarandığı bildirilmişdi.
Məqaləyə görə, sabiq deputatın ilk vəkili Eldar Qədimiyə vəd etdiyi qonorarı verə bilmədiyi, R.Mustafayevlə isə sonuncunun yüksək qonarar tələbinə görə anlaşa bilmədiyi yazılmışdı.
G.Əhmədova qalmaqalında adı hallanan, İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın ailəsi isə bayram günündə mərhumənin qəbrini ziyarət edib və qara bayram keçirib. Oğlu Ayxan Məmmədov anası olmadan keçirdiyi ilk bayramın onun üçün ağır keçdiyini dedi.
S.Babayevanın ailəsi hazırda gözünü Türkiyəyə dikib. Ailə anasının ölümü ilə bağlı İstanbulda keçirilən ekspertizanın nəticələrini gözləyir. A.Məmmədov: ”Biz anamı itirmişik. Heç olmasa haqq-ədalət itməsin, öz yerini tapsın”./musavat.com/