Müasir qloballaşan dünyada xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə rolunun getdikcə artması Azərbaycan diasporunun da üzərinə məsuliyyət qoyur. Artıq nə Azərbaycan əvvəlkidir, nə də diasporumuz. Hədəflər böyüdükcə, məsuliyyət zonası da genişlənir, yeni istiqamətlər açılır...
Azərbaycan diasporu 44 günlük müharibədəki parlaq qələbədən sonra yeni mərhələyə adlayıb. Qalib xalqın qalib diasporu olmaq böyük məsuliyyət olmaqla yanaşı, həm də fəxarətdir. Bu gün sevinclə deyə bilərik ki, səsimiz nəinki Cənubi Qafqazdan, dünyanın dörd bir tərəfindən eşidilir.
Azərbaycan diasporu gücünə güc qatır...
Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, qalib və güclü xalqın diasporunun səsi dünyanın hər bir guşəsindən gəlir:
“44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, əzmkarlığı və Milli Ordumuzun peşəkarlığı ilə xalqımız parlaq qələbə qazanıb. Şəhidlərimizin qanı bahasına, dünya azərbaycanlılarının həmrəyliyi ilə əldə olunan tarixi qələbə bizim hər birimizə unudulmaz anlar yaşadıb. Təbii ki, bizim hər birimiz bununla qürur duyuruq. Bu gün dünyada ərazisinin bir parçası işğal edilmiş vətənin övladları yox, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın vətəndən kənarda yaşayan övladlarıyıq. Biz Rusiyada yaşayan azərbaycanlılar yaxşı bilirik ki, bura bir çox xalqın nümayəndələrinin yaşadığı ölkədir. Deyə bilərik ki, müharibədən əvvəl istər-istəməz burada da erməni xalqının nümayəndələri ilə qarşı-qarşıya gəlirdik. Bəzən onların yanında özümüzü narahat hiss edirdik. Amma hazırda qalib xalqın nümayəndəsi olmaq bizim üçün sevinclidir. Qalib xalqın diasporu olmaq da qürurvericidir. Artıq deyə bilək ki, qalib xalqın diasporunun səsi dünyanın hər bir yerindən gəlir”.
Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov isə vurğulayıb ki, müzəffər xalqın nümayəndəsi olmaq böyük qürur və məsuliyyət deməkdir:
“Gələcək nəsillərə Zəfərimizi ötürmək lazımdır. Bunun üçün arxayın olmaq lazım deyil. Daha çox çalışmaq lazımdır. Cənab Prezidentin Şuşada keçirilən qurultaydakı çıxışı bizim üçün yol xəritəsidir. Azərbaycandan kənarda dilimizi təbliğ etmək, azərbaycançılıq məfkurəsini yaymaq bizim əsas hədəflərimizdir. Misirdə artıq neçə illərdir ki, Azərbaycan məfkurəsinin təbliği ilə məşğuluq. Ən əsası biz xaricdə dövlətimizə dost qazandırmalıyıq və onun inkşafına töhfələr verməyə çalışmalıyıq.
Ulu Öndərin azərbaycançılıq məfkurəsi xaricdə yaşayan soydaşlarımızın birləşdirilməsində əsas rol oynayır. Bu məfkurəni dil ilə daha da gücləndirməliyik. Biz də Misirdə bununa bağlı çalışırıq. Əgər vətənimizi seviriksə, onun daha da güclənməsi üçün çalışmalıyıq. Heç bir zama düşmənlərimizi unutmalı deyilik. Nə qədər güclü olsaq, bizim üçün bir o qədər yaxşıdır. Xaricdə yaşayan azərbaycanlılar olaraq bir yumruq altında birləşməliyik”.