Modern.az

Azərbaycan Yolu: hakimiyyət məsələsi

Azərbaycan Yolu: hakimiyyət məsələsi

Ölkə

25 Mart 2013, 13:34

Akif Nağı

Hakimiyyətin tez-tez dəyişidirilməsi, xüsusilə də zorla, güclə dəyişdirilməsi arzuolunan deyil. Bu dəyişiklik yaxşı heç nə vəd etmir. Çünki hər hansı hakimiyyət dəiyşikliyi gözlədiyimiz yeniliyi gətirməyəcək, arzu etdiyimiz situasiyanı yaratmayacaq. Biz hamımız, hakimiyyətdə olanlar da, müxalifətdəkilər də, və yaxud hakimiyyətə gəlmək istəyən hər hansı başqa qüvvə də eyni materialdan düzəldilmişik. Hər kəs buna tam əmin ola bilər, DNK və ya digər analizə ehtiyac yoxdu, kifayətdir ki, hər kəs əlini ürəyinin üstünə qoyub vicdanla özündən yuxarıda-aşağıda olanlara və özünə baxsın. Ona görə də toplananların yerini dəyişməyin mənası yoxdur, daha doğrusu toplananların özü üçün mənası var, aşağıda olanlar yuxarıya, yuxarıda olanlar aşağıya keçəcəklər, amma bunun, eyni materialdan olanlardan kimin yuxarıda kimin aşağıda olmağının millət, dövlət üçün heç bir mənası yoxdur. Deməli çıxış yolu pis materialdan düzəldilmiş fərdlərin və bu fərdlərin təşkil etdiyi cəmiyyətin təkmilləşdirilməsindən ibarətdir. Toplum cəmiyyətin bu səviyyəsini kortəbii olsa da dərk və etiraf edir.
“Bu millətlə heç nə etmək olmaz” ifadəsi bu dərk və etirafın nəticəsidir. Amma xırda bir düzəlişə ehtiyac var: Heç kəs özünü o topluma aid etmir, yəni “məndən başqa hamı pisdi” tezisi işləyir. Əslində hər kəs özündən başlamalı, özünün həmin pis materialdan düzəldiyini və təkmilləşməyə ehtiyacı olduğunu anlamalıdır. Bu, hakimiyyətdə olan və hakimiyyətə gəlmək istəyənlər üçün çox vacibdir. Mənim dediklərim Nitşenin “Fövqəl insan”ı ilə bağlı deyil. Nitşenin dediklərini ondan çox-çox əvvəl qədim hind fəlsəfəsində nirvana nəzəriyyəsində, bizim hürufilikdə və başqa yerlərdə də göstəriblər. Mən bunlara insanlığın uzaq, bəlkə də qeyri-real hədəfləri kimi baxıram, hər halda mübahisə etmək istəmirəm.İndilikdə vacib olan cəmiyyət üçün yararlı olan, normal düşüncəli, dövlətcanlı fərdlərin yetişdirilməsidir.

Bunun üçün çox şey lazım deyil, sadəcə, hər kəs qarnını doydurandan, gündəlik tələbatını ödəyəndən sonra düşünməlidir ki, indi dövlətim, millətim üçün nə edə bilərəm və nəisə etməlidir. Yəni özünün ehtiyaclarını ödəyəndən sonra cəmiyyət üçün də nəisə etməyi özünə borc bilməli, etməyənə qədər özünü rahat hiss etməməlidir. Məsələn, Almaniyada vətəndaşların əksəriyyəti belədir, onlar bu cür fərdlərə “idealist” deyirlər. Bizdə də bu söz var, amma onu xeyli fərqli mənada işlədirlər. Almanlar hesab edirlər ki, millətə, dövlətə xidmət etmək üçün hansısa postu tutmağa, vəzifəyə keçməyə ehtiyac yoxdur, adi fəhlə, müəllim, təqaüdçü və sair kimi də görməli işlər çoxdur.

Dedik ki, vəziyyəti yaxşılaşdırmaq üçün hakimiyyəti dəyişdirmək çıxış yolu deyil. Vəziyyət doğurdan da ürəkaçan deyil. Rüşvətxorluq, ədalətsizlik geniş yayılıb, məhkəmələr, polis və digər hüquq-mühafizə orqanlarına heç bir inam yoxdur, hakimiyyət orqanları müraciətlərə reaksiya vermir, şikayətlərə baxan yoxdur, təhsil və səhiyyəmiz sıfır həddindədir, orduda çoxlu problemlər var və sair, çoxlu digər problemləri də sadalamaq olar. Dövlətin və millətin ən böyük problemi, daha doğrusu, yarımçıqlığı, natamamlığı isə odur ki, torpaqlarımız hələ də işğal altındadır, ərazi bütövlüyümüz pozulmuş vəziyyətdədir. Bunları hamı – yuxarıdakılar da, aşağıdakılar da görür və bilir.

Problemlər var, amma onların həlli yolları da var. Təbii ki, problemlərin həllində əsas ağırlıq hakimiyyətin üzərinə düşür. Hakimiyyətin bu yöndə müəyyən səyləri də hiss olunur, az da olsa, müsbətə doğru dəyişikliklər var. Riyazi terminlə desək Azərbaycan müstəqillik illəri ərzində mənfidən sıfıra, indisə sıfırdan müsbətə meyl etməkdədir. Hər kəs bilməlidir ki, bu problemlər təkcə hakimiyyətin problemi və ya hakimiyyətin yaratdığı problem deyil, həm də cəmiyyətin, bizim özümüzün yaratdığımız və yaşatmaqda olduğumuz problemlərdir. Bizi ümidləndirən odur ki, proseslər zəif də olsa müsbət dinamika ilə gedir, vicdanı olan hər kəs etiraf etməlidir ki, vəziyyət 10 il, 20 il əvvəlki ilə müqayisədə kifayət qədər fərqlidir.

Hakimiyyət də, cəmiyyət də hələlik mənfi və sıfır sahələrinin həndəvərlərində olduğuna görə, tərəqqi üçün bu gün “nə etməli?” yox, “nə etməməli?” sualının qoyulması daha düzgün olardı. Vəzifədəkilər rüşvət almamalı, işini keçirmək istəyənlər rüşvət verməməlidir. Yuxarıdakılar seçkiləri saxtalaşdırmaq üçün göstəriş verməməli, aşağıdakılar bu cür göstərişləri yerinə yetirməməlidirlər. Hakimlər məhkəmədə ədalətsiz qərar çıxarmamalı, müqəssirlər bu cür qərarların çıxarılması üçün təşəbbüs etməməlidirlər və sair. Bu mövqe ilk baxışdan subyektiv amillərin rolunun şişirdilməsi kimi başa düşülə bilər. Amma bu, belədir və çox şey elə subyektiv amillərdən, yəni insanlardan asılıdır. Hər kəs özündə vicdanlı məmur obrazını formalaşdırmalıdır, hakimiyyət bunu stimullaşdırmalıdır. Sovetlərin vaxtında “əsl kommunist” ifadəsi var idi, həqiqətən elə adamlar var idi. Onlar rüşvət almır, yalan danışmır, oğurluq etmirdi, həmişə sözün düzünü deyirdi. İmperiya bütün eybəcərliklərinə baxmayaraq, o cür insanları yetişdirirdi, müstəqil dövlətin “əsl vətəndaşı” deyilən insanları yetişdirmək imkanları daha genişdir, bu qəbildən olmaq istəyənlərin sayı da həddindən artıq çoxdur.

“Nə etməməli?” sualının bir cavabı da odur ki, hakimiyyət müxalifəti, müxalifət də hakimiyyəti pisləyib gözdən salmamalıdır. Hakimiyyət də, cəmiyyət də dövləti təmsil edir. Amma hakimiyyət daha ali təmsilçidir, ona görə də hakimiyyətin pislənməsi dövlətin, eyni zamanda millətin pis vəziyyətdə təqdim olunmasıdır. Müxalifət, ayrı-ayrı vətəndaşlar bunu nəzərə almalıdırlar. Hakimiyyətdə olanları bəyənməməklə, qara rəngdə görməklə heç nəyə nail olmur, işləri daha da korlayırıq. Baxın, son illərin hakimiyyətdə olanlarına hansı ayamaları qoşduq və qoşmaqda avam edirik: “Bambılı”, “stilyaqa”, “keçibəy”, “keqebeşnik”, “qumarbaz”. Hakimiyyətə gəlmək istəyənlərin də ayamaları artıq hazırdır: “kürd”, “mavi”, “pəltək” və sair. Bu praktikadan imtina edilməlidir. ABŞ-da hamı bilirdi ki, Buş debildi, amma heç kəs ona “debil” demirdi, yaxud Klintona “saksafonçu” demirdilər, Obamaya da “qarabala” demirlər. Bütün bunlara fikir verilməlidir, bunların hamısının mənası və əhəmiyyəti var. Hakimiyyət sistemli şəkildə təhqir deyil, tənqid edilməli, vacib tədbirləri həyata keçirməyə, təkmilləşməyə yönəldilməlidir. Hakimiyyət də müxalifətə münasibətdə yarlıqlardan imtina etməli, düşmən gözü ilə deyil, sabah onları hakmiyyətdə əvəz edəcək və, deməli, dövləti, milləti təmsil edəcək qüvvə kimi baxmalıdır.

Dövlətin idarə olunması, hakimiyyət formaları ilə bağlı bizə müxtəlif reseptlər təklif edirlər. Bunun üzərində geniş dayanmaq istəmirəm. Bu gün dünyanın əksər dövlətlərinin idarə olunduğu ümumi prinsiplər var və bizim hakimiyyət də həmin prinsiplərdən istifadə etməyə, Avropa Şurası kimi qurumların tələblərinə uyğunlaşmağa çalışır. Bu, ümumi bir prosesdir, ondan kənarda qalmaq çətindi. Amma bu prinsiplər hökmən öz süzgəcimizdən keçməlidir, kimlərinsə xoşuna gəlib gəlməməsindən asıl olmayaraq, bizim milli mentalitetimizə uyğun gəlməyən prinsiplər rədd edilməlidir. Digər tərəfdən, istənilən prinsip və idarəetmə formalarından asılı olmayaraq güclü hakimiyyət şərti hər şeydən öndə olmalıdır. Heç bir halda, ad və ya gəlişi gözəl sözlər altında hakimiyyətin zəyiflədilməsinə yol vermək olmaz. Güclü hakimiyyət insan haqları, söz azadlığı, demokratiya və digər prinsiplərdən öndə və onların üstündə dayanmalıdır. Hakimiyyətin gücü onun daxildə və xaricdə öz iradəsini qəbul etdirməsi və özünü müdafiə edə bilməsi ilə ölçülür. Məhz güclü hakimiyyət müstəqilliyimizin və azadlıqlarımızın qarantıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@illə İran arasında dağıdıcı hücumlar - Ölənlər var