Modern.az saytının məlumatına görə, bu gün – 26 mart tarixi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun təhsil sahəsinə rəhbər təyin olunmasının 15 ili tamamlanıb. Bu hadisə mərkəzi icra hakimiyyətində yüksək postlar tutan məmurlardan kimin neçə il eyni vəzifə kürsüsündə əyləşdiyi məsləsini bir daha gündəmə gətirib. Hakimiyyətin ən yuxarı pilləsində yüksək vəzifə tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da.
Modern.az saytı mərkəzi icra hakimiyyəti orqanlarına – nazirliklərə, komitələrə və onlara bərabər olan qurumlara rəhbərlik edən məmurlar arasında kimin neçə ildir eyni vəzifədə qaldığını diqətinizə çatdırır.
Beləliklə, gəlin yenidən siyahıya diqqət yetirək.
Konstitusiyaya görə, Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi - Baş nazir Artur Rasizadə 1996-cı ildən Nazirlər Kabinetinin sədridir. Bu isə o deməkdir ki, cənab Rasizadə 17 ildir Nazirlər Kabinetinə rəhbərlik edir.
Ölkədə üçüncü ali vəzifənin sahibi - Milli Məclisin sədri Oqtay Əsədov 2005-ci ildən qanunverici orqana rəhbərlik edir. Oqtay müəllim 8 ildir parlamentin spikeridir.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 1995-ci ilin fevralından Prezident Administrasiyasına rəhbərlik edir. Bu ilin fevralında cənab Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etməsinin 18 ili tamam oldu.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2006-cı ilin fevralından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. Kəmaləddin müəllimin bu vəzifədə çalışmasının 7 ili tamam olub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1994-cü ildə bu vəzifəyə təyin edilib. Azərbaycan Respublikasının daxili işlər naziri artıq 19 ildir yorulmadan eyni vəzifədə işləyir.
Təhsil naziri Misir Mərdanov 1998-ci ildən Azərbaycan Respublikasının təhsil sahəsinə rəhbərlik edir. Misir müəllim düz 15 ildir nazir kürsüsündə əyləşir.
Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov 2004-cü ildə hazırki vəzifəsinin başına keçib. General 9 ildir -Azərbaycanın xüsusi xidmət orqanına rəhbərlik edir.
Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin aprel ayında ədliyyə orqanının başına gətirilib. Bu günlərdə Fikrət müəllim eyni vəzifə tutmasının 13-cü ili tamam olacaq.
Vergilәr naziri Fazil Mәmmәdov da uzun illərdir eyni postda çalışan məmurlardandır. Ölkənin vergi sahəsində 1-ci şəxs olan cənab Məmmədov nə az-nə çox, düz 14 ildir nazir vəzifəsində işləyir.
Maliyyə naziri Samir Şərifov 2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziridir. Samir müəllim artıq 7 ildir bu vəzifənin sahibidir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da bu vəzifədə stajı az deyil. O, 2001-ci ildən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbəridir. Bu isə cənab Bağırovun 12 ildir ekologiya sahəsinə rəhbərlik etdiyini deməyə əsas verir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 2006-cı ilin fevral ayında indiki vəzifəsinə gətirilirb. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri 7 ildir eyni vəzifə kürsüsündə əyləşir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev 2008-ci il oktyabrın 31-dən iqtisadi inkişaf naziridir. O, 5-ci ildir nazir kürsüsündə əyləşir.
Xarici işlər naziri Elmar Məmmədyarovun bu il aprelin 2-də nazir postu tutmasının 9 ili tamam olacaq. Elmar müəllim 2004-cü ildən xarici siyasətimizə rəhbərlik edir.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2002-ci ilin 17 dekabr tarixində bu vəzifəyə təyin edilib. Pensiyaçılar Səlim müəllimi 11 ildir bu vəzifədə görürlər.
Kənd təsərrüfatı naziri İsmət Abasov bu vəzifədə 9 ildir işləyir. İsmət müəllim 23 oktyabr 2004-cü ildən isə kənd təsərrüfatı naziridir.
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov 25 aprel 2000-ci il tarixindən bu vəzifə kürsüsündə əyləşir. Deməli cənab Qaralov 13 ildir Baş prokuror vəzifəsində işləyir.
Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev 8 ildir hərbi sahədəki cinayət işlərini araşdırır. Xanlar Vəliyev 2005-ci idə hərbi prokuror vəzifəsinə gətirilib.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev uzun müddətdir eyni vəzifə tutan vəzifəli şəxlər sırasına daxildir. O, 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziridir – düz 18 il.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilib. O, 10 ildir vəzifəsini dəyişmir.
Hesablama Palatasının sədri Heydər Əsədov 2007-ci ildən Milli Məclisin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsinu tutur – 6 ildir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov 18 aprel 2001-ci il tarixində bu vəzifənin başına keçib. Qərib müəllimin komitə sədri postunu tutmasının 12 ili tamam olur.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 9 ildir rabitə sahəsində ən yüksək vəzifəni tutur
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2006-cı ildən mədəniyyət və turizm naziri posunu tutur. O, 7 ildir eyni vəzifə kürsüsündə əyləşir.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-cı il tarixli 750 nömrəli fərmanı ilə nəqliyyat naziri vəzifəsinə təyin edilib. Ziya Məmmədov 11 ildir nazir vəzifəsindədir.
Gənclər və idman naziri Azad Rəhimov 7 ildir gənclər və idman sahəsində rəhbər şəxsdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov 8 ildir bu mərkəzi icra hakimiyyətinə rəhbərlik edir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı həmkarlarından xeyli cavan və stajı azdır. O, 2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilib. Cənab Aslanlı 5-ci ildir bu postda çalışır.
Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənovu da gənc saymaq olar. Amma bu vəzifədə stajı çoxdur. K.Həsənov 2005-ci ildən Əmlak Məsələləri Komitəsinin sədri vəzifəsini tutur. Deməli 8 ildir eyni vəzifə kürsüsündə əyləşir.
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevi isə şəriksiz olaraq eyni vəzifədə ən çox işləyən məmur saymaq olar. O, 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. Bu isə düz 20 il edir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 8 ildir bu vəzifədə çalışır.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov uzaq səfərlər kapitanı kimi uzun müddətdir eyni vəzifə kürsüsündə əyləşir. Aydın Bəşirov Azərbaycan Respublikası prezidentinin 19 avqust 1994-cü il tarixli fərmanı ilə bu vəzifəyə təyin edilib. O, 19 ildir gəmiçiliyin başında durur.
Mərkəzi Bankının sədri Elman Rüstəmov 18 ildir ölkənin baş bankiridir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2002-ci ildən bu vəzifədədir. O, 11 ildir vəzifə kürsüsünü dəyişmir.
Ali Məhkəmənin sədri Ramiz Rzayevin bu vəzifədəki stajı 8 ildir. O, 2005-ci il aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov yüksək post tutan gənc məmurlardandır. Şahmar müəllim 7 ildir Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsində işləyir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2000-ci ilin may ayından seçkiləri həyata keçirən quruma rəhbərlik edir. Məzahir müəllim artıq 13 ildir yorulmadan eyni postda çalışır, seçkilər keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə 13 ildir tələbə qəbulu sahəsinə rəhbərlik edir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov yaşlı məmurlar sırasına daxildir. 76 yaşlı Abbas müəllim 6 ildir komitəyə rəhbərlik edir.
Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov 1996-cı ildən bu posta gətirilib. Azərbaycan Hava Yolları Dövlət Konserinin baş direktoru düz 17 ildir eyni vəzifədə qalır.
Sənaye və energetika naziri Natiq Əliyev 9 ildir sənaye və energetika sahəsində rəhbər məmurdur.
Müdafiə sənayesi naziri Yavər Camalov 2006-cı ilin mart ayında nazir postuna təyin edilib. Artıq 7 ildir bu vəzifəni həyata keçirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 7 ildir eyni vəzifə başındadır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 8 ildir bu vəzifəə çalışır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov yüksək vəzifə tutan məmurlar arasında ən az staja malik olan şəxsdir. 31 may 2012-ci il tarixində bu vəzifəyə təyin edilib – təxminən 1 il.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 1995-2006-cı illərdə bu vəzifədə çalışıb. 2007-2008-ci illərdə Nazirlər Kabineti yanında “İçərişəhər” Tarixi-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olub. 2008-ci ildə yenidən Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə qaytarılıb. Kamran müəllim 5 ildir eyni vəzifə kürsüsündə əyləşir.
Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirli 5 ildir bu vəzifədə çalışır.
Səhiyə naziri Oqtay Şirəliyev 8 ildir səhiyyə sahəsinə rəhbərlik edir.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov 15 ildir metro sahəsində birinci şəxsdir.
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov da uzun illərdir vəzifə kürsüsünü dəyişməyən şəxslər sırasına daxildir. General 1994-cü ildən bu vəzifədə çalışır, bu isə 19 il edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov 1998-ci ilin 18 noyabr tarixindən bu vəzifəni tutur. Əli Həsənov 15 ildir vəzifə kürsüsünü dəyişmir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev 2006-cı ilin fevral ayından bu vəzifədə çalışır. Ötən ay Aydın Əliyevin eyni vəzifədə çalışmasının 7 ili tamam oldu.
Adəm Qorxmaz