Modern.az

Asif Ata fəlsəfəsi, XVI Benedikt və Allahşükür Paşazadə

Asif Ata fəlsəfəsi, XVI Benedikt və Allahşükür Paşazadə

26 Mart 2013, 12:44

Böyük filosof Asif Ata düşüncəsinin təməlində mütləqə inam fəlsəfəsi durur. Mütləq olanlardan biri də insandır. Adam ötəri, keçicidir, insan, insanlıq əbədidir. İnsanlıq adamın daxilindəki məna, mahiyyətdir. Bu mahiyyəti dərk etmək üçün İNSANa inam olmalıdır. Lakin elə bir zəmanədə yaşayırıq ki, insanın insana inamı azalıb. Çünki cəmiyyətdə insanlıqdan uzaqlaşma prosesi gedir. Fərdlərin insanlıqdan uzaqlaşması isə həm də xalq olmaqdan uzaqlaşmağa aparıb çıxarır. Asif Ata xilas yolunu insan olmaqda görürdü. İnsanığı ən ali məqam hesab etdiyi üçün üzünü bəşəriyyətə tutub gur səsiylə “İnsanlaşın!” deyirdi. Qəti şəkildə bildirirdi ki, ağalıq insanlığa qarşıdır. Ağalıq olan yerdə əsarət var. İnsana məxsus olan İnam, İdrak, Mənəviyyat, İradə üzərində Ağalıq yolverilməzdir.  Şüarı bundan ibarət idi: “İnsana inam, sayğı, qayğı, sevgi!”

Asif Ata fəlsəfəsinə görə insanı insandan uca tutmaq yox, insanlığı uca tutmaq lazımdır. Şah, nazir, deputat, rəis, müdir olmaq müvəqqətidir. Bunlar adamın üzdə olan görüntüləridir. Kim olursansa ol, öncə insan ol, insanlığa yetiş. Asif Ata məhz insana, insanlığa inamı təbliğ edirdi. Tükənməz biliyə, dərin zəkaya, təfəkkürə, geniş dünyagörüşünə malik filosofun fikir və düşüncələri bu günümüz üçün də çox aktualdır. Onun hər cümləsinin arxasında böyük-böyük mənalar yatır. Belə cümlələlər isə bir deyil, beş deyil, minlərlədir. Hər birinin məğzinin açılmasına, araşdırılmasına  böyük ehtiyac var. Bunun üçün səbr, həvəs və vaxtın vəhdətini yaratmaq lazımdır. Qayıdaq əsas mətləbə.

Bu yaxınlarda Roma papası XVI Benediktin istefa verməsi bütün dünyaya şok yaşatdı. Çünki indiyədək belə bir şey baş verməmişdi. Bütün papalar ömürlərinin sonuna kimi xristian dünyasına papalıq – atalıq edib. Dünyalarını dəyişdikdən sonra yerlərinə başqası seçilib. Ancaq bu dəfə ənənə pozuldu. XVI Benedikt sağ və sağlam ola-ola ilk dəfə öz yerini başqasına verən dini lider oldu. Asif Ata fəlsəfəsindən çıxış etsək görərik ki, o, görünən və müvəqqəti olandan ayrılıb insanlıq mərtəbəsinə ucaldı. Dünyaya mesaj verdi ki, insan olmaq papalıqdan çox yüksəkdir. O, tarixdə bu iradəsi ilə yaşayacaq. Axı, Vatikanın dörd divarı arasında, yaxud da güllə keçirməyən şüşə qəfəsdə nə qədər cansıxıcı, bezdirici, yeknəsək ömür sürmək olar? Bu, həyatda insan kimi yaşamaqdan özü-özünü məhrum etməkdir. Bütün xristianların ağası olsa da, daşıdığı vəzifənin qulu idi. Sərbəst şəkildə bir çəmənliyə uzanıb çayların şırıltısını, quşların cəh-cəhini eşitmək üçün darıxmışdı. Həbsdən azad olmaq istəyirdi. Və XVI Benedikt buna iradəsinin gücü ilə nail oldu. Bütün Şərq ölkələrində, o cümlədən Azərbaycanda maddiyyat sarıdan demək olar ki, hər şey var. Yeganə çatmayan iradədir. Burda insan hər şeyə hakim olur, ancaq iradəsinə hakim ola bilmir. İradəsizlik onu tamahının, nəfsinin arxasınca aparır. Vəzifədə ağalıq var, pul var, nəfs var. Qarşı tərəfdə isə iradə. İradə güclüdürsə, nəfsin kürəyini yerə vurmağı bacarırsa, vəzifə sənin qulundur. Bu mücadilədə nəfs qalib gələrsə, onda cən özün qulsan. Bütün normal cəmiyyətlərdə insan nəfsin ağası, vəzifənin  quludur. Yəni həm hökmransan, həm də qul. Şərqdə, o cümlədən Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Ya hökmransan, ya da qul.

Cəmiyyət elə qurulub ki, mənsəb varsa hökmransan, yoxdursa qulsan. İnsanlar qul olmaqdan qorxduqları üçün vəzifədən dördəlli yapışırlar. Əgər vəzifənin qulu olduqlarını dərk etsəydilər bilərdilər ki, insanlıq mərtəbəsi mənsəb mərtəbəsindən çox yüksəkdir. Çünki  vəzifə insana xidmət üçün düşünülüb. Deməli, vəzifə insandan, insanlıqdan        yüksək ola bilməz. Təəssüf ki, bunu heç də hamı dərk etmir. Ona görə də hər kəs XVI Benedikt ola bilmir. Bizim dini liderimiz də Allahşükür Paşazadədir. Dinin dövlətdən ayrı olduğu bir ölkədə tam siyasiləşmiş din xadimidir. Vaxtının çox az hissəsini məlum dini ritualları yerinə yetirməyə sərf edir. Ritual dedikdə, yəni ölən böyüklərin salavatını o verir. Əsas vaxtı isə Həcc ziyarətinin təşkilinə gedir. Məkkəyə təyyarə və ya avtobusla getməyin gedişhaqqını təyin edir. Eyni zamanda seçkilərdə qalib gələn siyasi liderlərin təbliğatı ilə məşğul olur.

Digər tərəfdən mətbuatda zaman-zaman adı biznes qalmaqallarında çəkilir. Hansısa malların ölkəyə gətirilməsinin onun monopoliyasında olduğu, bahalı villalar tikdirdiyi bildirilir. Düzdür, biznes və villalarla bağlı deyilən və yazılanların təkzibinə mən rast gəlməmişəm. Ancaq şəxsi məsələlərlə bağlı məhkəmə çəkişmələrində qalib gəldiyi hər kəsə məlumdur. Allahşükür Paşazadə bu deyilənləri bir kənara qoyaraq Papa kimi istefa vermək, başqalarına örnək olmaq üçün ayrı bir səbəb də tapa bilər. Məsələn, yüksək vəzifəli məmurların çoxunu o, Həccə yola salıb, yaxud da orada müşayiət edib. Ancaq ziyarətçilərin böyük əksəriyyəti geri qayıdandan sonra yenə də vəzifənin ağası, nəfsin qulu olaraq qalıb. Yəni insanları saflaşdırmaq-paklaşdırmaq kimi bir missiyanı yerinə yetirə bilməməsi Şeyxin istefası üçün bəhanə ola bilər. Belədə bəlkə enerjisi, potensialı 10-15 il əvvəl tükənmiş məmurlar da ona baxar, mənsəb mərtəbəsindən daha yüksək mərtəbəyə qalxmaq barədə düşünərlər. Ancaq bunları necə inandırasan ki, XVI Benedikt indi papa yox, əsl insan olduğu üçün daha xoşbəxtdir. Asif Ata fəlsəfəsini sözümüzə söykək etsək görərik ki, papa vəzifə kürsüsündə sadəcə adam idi və qanunla müəyyən edilmiş çərçivə daxilində ritualları yerinə yetirirdi. İnsana məxsus tələbatlarını isə ödəməkdən məhrum idi. İndi o azaddır və insan kimi yaşayır. Şeyxə də bu xoşbəxtliyi arzulayıram.  

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI