Modern.az

Pirallahı rayonunun icra başçısı ilk qəbul günü keçirib, vədlər verib - FOTOLAR

Pirallahı rayonunun icra başçısı ilk qəbul günü keçirib, vədlər verib - FOTOLAR

Təhsil

26 Mart 2013, 17:51

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılmasından sonra mart ayının 25-də Pirallahı rayonu İcra hakimiyyətində sakinlərin ilk qəbulu təşkil edilib. Pirallahı RİH mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulu icra başçısı Vasif İmanov keçirib. İcra hakimiyyətinin başçısı qeyd edib ki, Prezident İlham Əliyev Pirallahı və Çilov adalarının, eləcə də Neft Daşlarının iqtisadi və sosial inkişafının daha da gücləndirilməsi, burada yaşayan, əsasən neftçiləri təmsil edən əhalinin sosial-rifah halının daha da yüksəldilməsi, rayonun turizm potensialından səmərəli istifadə edilməsi məqsədilə Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında sərəncam imzalayıb.

“Biz sizinlə birlikdə Pirallahının abad və gözəl bir şəhərə çevrilməsi məqsədilə əlbir çalışmalıyıq”, - deyən Vasif İmanov vurğulayıb ki, Pirallahı rayonunda əhalinin rifah halının yüksəldilməsi üçün zəruri olan bütün tədbirlər həyata keçiriləcək.

Qəbula gələn Pirallahı sakinləri Baba Hüseynov, İlham Tağıyev, Oqtay Mahmudov, Zaur Rəfiyev, Elman Eyvazov, Akif Xankişiyev, Arif Əhmədov, Kamal Qəhrəmanov, Əhliman Əliyev və başqaları onları maraqlandıran suallarla müraciət ediblər. Suallar əsasən sənədsiz evlər, bələdiyyə torpaq sahələri, işlə təminat, qəzalı vəziyyətdə olan evlər, təhsil, qəsəbənin su təchizatı və digər məsələləri əhatə edib. Sakinlərin suallarını ətraflı cavablandıran icra başçısı ilin sonunadək su probleminin birdəfəlik həll ediləcəyini, işlə təminatda böyük irəliləyiş olacağını bildirib. Rayona yeni su xəttinin çəkilişi başa çatana kimi hər gün qəsəbə sakinlərinə ödənişsiz olaraq 40 ton su paylanacağını deyən icra başçısı Pirallahının digər bütün problemlərinin də yaxın vaxtlarda həllini tapacağını bildirib.

İcra hakimiyyətinin başçısı öz növbəsində qəsəbədə məscidin və xeyir-şər evlərinin abadlaşdırılması, binaların tüstü bacalarının təmizlənməsi, qəsəbə küçələrinin gecə işıqlandırılması, avtobus marşrutlarının tənzimlənməsi və digər məsələləri qaldırıb, qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində müvafiq göstərişlər verib.

Qeyd edək ki, bayram günlərində - martın 24 və 26-da İcra hakimiyyətinin başçısı qəsəbə sakinləri ilə səyyar görüşlər keçirib və bu qəbildən olan tədbirlərin mütəmadi xarakter daşıyacağı bildirilib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?