Bu ilin may ayında Zaqatalaya turist kimi gələn hindistanlı Kondaveeti Manikathın itkin düşməsindən üç ay keçir. 29 yaşlı turistin axtarışları hələ də davam edir.
Hindistanlı turistin qardaşı Dharan Kondaveeti Modern.az-a bildirib ki, onlar hələ də Azərbaycandadırlar:
"Mən və ailəm hələ də buradayıq. Axtarışları davam etdiririk. Amma bir nəticə yoxdur. Axtarışlar nəticəsində indiyədək heç bir iz tapılmayıb. Sadəcə ümid edirik ki, bir ipucu taparıq. Hələ də ümidimizi itirməmişik. Axtarışlar bitənə qədər burada qalacağıq. Əgər bir ay ərzində nəticə əldə etməsək, daha böyük axtarışlara başlayacağıq. Payızda ağacların yarpaqları tökülür, o zaman axtarışlar daha əlverişli olar. İndi sadəcə qardaşımın tapılması üçün dua edirik".
Qeyd edək ki, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath mayın 11-də Zaqatalaya gəlib. O, mayın 12-də Zaqatalada qaldığı hoteli tərk edərək dağa qalxıb. Turist itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Chandra Rao Kondaveeti Zaqatalaya gəliblər.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.