2013-cü ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan pulların bir müddət öncə həmin qurumların hesablarına köçürüldüyü barədə məlumat vermişdik. Bəs ayrılan pullar hansı istiqamətdə xərclənəcək? Modern.az bir neçə partiya arasında sorğu apararaq, bunu öyrənməyə çalışıb.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın cavabı belə olub: “Aldığımız pulların 40 faizi əmək haqqı, maaş fonduna, partiya aparatının saxlanması üçün xərclənəcək. Həmçinin texniki təchizat məsələlərinə, rayon təşkilatlarına və partiyanın kommunal və ezamiyyət xərclərinə də sərf ediləcək. Partiya qərargahının təmir olunması üçün bu vəsaitdən maliyyə ayrılması isə hələlik gündəmdə deyil. Çünki partiyanın yerləşdiyi binanın kapital təmiri nəzərdə tutulur. Nizami rayon İcra Hakimiyyətinin balansında olan həmin bina dövlət tərəfindən təmir olunandan sonra partiyamızın qərargahında da müəyyən işlər aparılacaq”-deyə bildirib.
Ədalət partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib ki, alınan pullar əsasən partiyanın inkişafı və tərəqqisi üçün xərclənəcək.
“Strukturumuzun və aparatımızın iş fəaliyyətini normal təmin etmək və onların saxlanması üçün yüksək məbləğdə maaş veririk. Bundan başqa, yerlərdə partiyamızın ayrı-ayrı tədbirlərini həyata keçirmək niyyətindəyik”.
Vətəndaş Həmrəyliyi partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli deyib ki, ayrılan pullar qanuna uyğun olaraq xərclənəcək.
“Maaşların verilməsi, texniki təchizat digər tədbirlərin keçirilməsi yönündə pullar xərclənəcək. Əsas xərclər partiyanın cari fəaliyyətinə sərf olunacaq”.
Xatırladaq ki, siyasi partiyalara 2013-cü il dövlət büdcəsindən 2,5 milyon manat pul ayrılıb. “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Ölkə Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən, siyasi partiyalara dövlət büdcəsindən ayrılmış vəsaitin siyasi partiyalar arasında bölgüsü onların müvafiq bank hesablarına köçürülməsinin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
Göstərilənləri əsas götürülməklə, 2013-cü il dövlət büdcəsində siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı nəzərdə tutulan maliyyə yardımı aşağıdakı məbləğlərdə aidiyyəti siyasi partiyalar arasında bölüşdürülüb.
Aqşin Kərimov