Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 9 il müddətində azadlıqdan məhrumetmə hökmü çıxardı. Sabiq deputat, hazırda AR Cinayət Məcəlləsinin dələduzluq və cinayəti qəsdən ört-basdır etmə maddələrilə təqsirli bilinən Gülər Əhmədovanın ittihamları ilə həbs edilən Ə.Zeynallı 11 ay sürən məhkəmə prosesi zamanı dəfələrlə həbsinin siyasi sifarişlə həyata keçirildiyini bildirmişdi.
Lakin nə məhkəməyə sədrlik edən hakim Ramella Allahverdiyeva, nə də hakimlər Novruz Kərimov və Tamila Nəsrullayeva sonda qərar çıxarılarkən, baş redaktorun məhkəməyə təqdim etdiyi faktları nəzərə almışdı. Modern.az-ın məlumatına görə, Əvəz Zeynallı hakim Ramella Allahverdiyevaya açıq məktub yazıb. Bu barədə məlumat verən baş redaktorun həyat yoldaşı Məlahət Zeynallı bildidib ki, açıq məktubunda Ə.Zeynallı ədalət mühakiməsi sahəsindəki problemlərdən bəhs edib, hakimlərin insani, vicdani və mənəvi keyfiyyətlərdən nə qədər uzaqlaşdırıldığını qeyd edib. Ə.Zeynallı "təbəssümünüzü də saxtalaşdırmısınız" - deyə, hakimləri ittiham edir. Əvəz Zeynallının hakimlərə ünvanladığı açıq məktubu martın 27-də Bakı İstintaq Təcridxanasından BACM-nin hakimi Ramella Allahverdiyevanın ünvanına göndərilib. Bundan başqa, Ə.Zeynallının məhkəyə verdiyi 103 səhifəlik ifadəsi də hazırda çapa hazırlanır. Baş redaktor həmin ifadəsində ona və "Xural" qəzetinə qarşı son 10 ildə həyata keçirilən təzyiqləri və təqibləri ardıcıllıqla göstərib. İfadədə "Xural" qəzeti ətrafında qurulması planlaşdırılan "dövlət şevrilişinə cəhd" planından tutmuş, "üzəduran" şahidlərin hakimiyyətdə təmsil olunan hansı məmurlarla qohumluq, dostluq, yaxınlıq əlaqələrinin olduğunu açıqlanıb: Martın 27-də Ə.Zeynallının apellyasiya şikayəti də Apellyasiya Məhkəməsinə təqdim olunub. Modern.az