“Yeni Müsavat” qəzeti “Qasid” mətbuat yayım firması qarşısında aksiya keçirəcək. Bu barədə facebook sosial şəbəkəsində dəvət yaradılıb.
Həmin dəvətdə deyilir: “Yeni Müsavat" qəzeti aprelin 1-i saat 14-də "Qasid" mətubat yayım firmasının qarşısında etiraz aksiyası keçirəcək. Səbəb sözügedən firmanın qəzetə yığılıb qalan külli miqdarda borcu ödəməməsidir. “Qasid” həmin borcu ödəməməsi “Yeni Müsavat”ın fəaliyyətinə ciddi şəkildə ziyan vurub, əməkdaşlarının məvacib almalarına problem yaradıb. Bu məqsədlə qəzet kollektivi yenidən "Qasid" firması qarşısında aksiya keçirmək qərarına gəlib. Bütün “Yeni Müsavat” sevərləri aprelin 1-i saat 14-də "Qasid" in “Memar Əcəmi” metro stansiyası ilə üzbəüz keçmiş Moskva Univermağının arxasında yerləşən ofisinin qarşısında keçiriləcək aksiyaya dəvət edirik. Gəlin, sevərək oxuduğunuz qəzetə dəstək olun!”
Qeyd edək ki, ötən ilin oktyabrında “Yeni Müsavat” və “Azadlıq” qəzetinin kollektivi “Qasid” firmasının qarşısında aksiya keçiriblər. Həmin aksiyanın əsas məqsədi hər iki qəzetin “Qasid” yayım firmasında yığılıb qalan pullarının tələb edilməsi ilə bağlı olub.
Modern.az