“Əslində Gülər Əhmədovanın vəkili bizim informasiyanı təsdiqləyir”. Bu sözləri Modern.az saytına açıqlamasında “aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu sabiq deputatın vəkilinin xəbərdarlığına cavab olaraq deyib.
“O, APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər yarandığını bildirib. Biz də bunu yazmışdıq. Sonra bildirmişdik ki, bu pisləşmə oğlunun xəsarət alması xəbərindən sonra baş verib. Bunu da vəkil təsdiqləyir. Vəkilin sözlərinə görə, oğlunun hərbi xidmətdə qolunun sınması barədə məlumat əldə edəndən sonra Gülər Əhmədovanın səhhəti pisləşib. Qaldı ki, xəbərimizin Gülər xanımın aclığa başlaması hissəsinə, bunun da doğru olduğuna əminik. Gülər xanım, sadəcə ona verilən yeməkdən imtina edib. Bəlkə bu, onun səhətindəki problemlərlə bağlı olub. Hər halda belə bir imtina açıq şəkildə baş verib. İndi biz nə edək, təcridxana rəhbərliyindən, yemək paylayandan xahiş edək ki, çıxıb bu faktı təsdiq eləsin?” deyə E.Zahiroğlu vurğulayıb.
Qeyd edək ki, Gülər Əhmədovanın vəkili Raqif Məmmədov Modern.az-a sabiq deputatın aclıq etməsi barədə xəbərin yalan olduğunu, məlumatın “aznews.az”da getdiyini və saytla əlaqə saxlayacağını bildirib. O həmçinin qeyd edib ki, sayt məlumatı təkzib etməsə, onları məhkəməyə verəcəklər.
Aytən ƏLİYEVA