Erməni mətbuatı bu gün Batumidə baş tutan üçtərəfli görüşlə bağılı maraqlı məlumat yayıb. Modern.az-ın məlumatına görə, xəbərdə Azərbaycan xarici işlər naziri Elmar Məmədyarovun mətbuat konfransında Ermənistanla bağlı iki fikri şərhsiz, olduğu kimi verilib.
“Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq Ermənistan üçün aydın mesajdır” başlığı altında aşağıdakı sitatlar yer alır.
“Türkiyə, Gürcüstan və Azərbaycan regionun inkişafı üçün müxtəlif sahələrdə əməkdaşlıq platforması yaratdı ki, bu qonşumuz Ermənistana bir mesajdır. Ermənistan işğalda olan Azərbaycan torpaqlarını azad etməli, hərbi qüvvələrini Dağlıq Qarabağdan çıxartmalıdır. Regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi bundan asılıdır”.
Qeyd edək ki, bu gün Batumidə Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərləri 2016-cı ilədək idarələrarası əməkdaşlıq çərçivəsində iş planının yekun protokolunu qəbul ediblər. 2013-2015-ci illər üzrə idarələrarası əməkdaşlığın fəaliyyət planı üç ölkənin müvafiq idarələri tərəfindən hazırlanıb və konkret layihələrin və təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutur. Növbəti üçtərəfli görüş təxminən 2013-cü ilin ikinci yarısında Azərbaycanda keçiriləcək.
Elçin AĞAYEV