“Mən qətiyyətlə və tam məsuliyyətlə deyə bilərəm ki, Rusiya kommunistləri erməni lobbisinin təsiri altında deyil”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Rusiya kommunistlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya Kommunist Partiyası müxalifətdə olsa da, müəyyən təsir gücünə malikdir. Partiya sədri onu da əlavə edib ki, Rusiya kommunistlərinin parlamentdə fraksiyalarının olması, yerli dumalarda və icra orqanlarında yüksək səviyyədə təmsil olunması onların hər hansı xarici lobbinin təsir dairəsinə düşməsi qeyri-mümkündür.
R.Qurbanov qeyd edib ki, fevral ayında Moskvada olub və Rusiya communist partiyasının qurulutayında iştirak edib. “Mən o qurultaya qonaq simasında dəvət almışam. Ora qonaq kimi getdiyim üçün Azərbaycanın problemləri ilə bağlı hər hansı məsələni müzakirəyə çıxarmadıq. Orada Dağlıq Qarabağla bağlı heç bir fikir mübadiləsi aparılmayıb”-deyə partiya sədri bildirib.
Rauf Qurbanov qeyd edib ki, əgər beynəlxalq kommunsit hərəkatında ölkəmizin ictimai-siyasi vəziyyəti və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı məsələ gündəliyə salınsa, o zaman Azərbaycan Kommunist Partiyası öz mövqeyini ortaya qoyacaq.
Xatırladaq ki, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov, Rusiya Federasiyası KP MK-nin sədri Gennadi Zyuqanovun dəvəti ilə fevralın 22-dən 27-nə kimi Rusiya kommunistlərinin XV qurultayında iştirak etmək üçün Moskva şəhərində səfərdə olub. Aprel ayında isə Ukraynada kommunist partiyaları ittifaqının növbəti qurultayına dəvət alıb. Partiya sədri həmçinin may ayının axırlarında Brüsseldə dünya sol qüvvələrinin XXII seminarında da iştirak edəcək.
Aqşin Kərimov