Modern.az

Hüquq müdafiəçisi: “Milli Demokratiya İnstitutuna qarşı cinayət işi açıla bilər”

Hüquq müdafiəçisi: “Milli Demokratiya İnstitutuna qarşı cinayət işi açıla bilər”

29 Mart 2013, 15:39

“Azərbaycanda fəaliyyət göstərən hər hansı bir beynəlxalq təşkilatın nümayəndəsinin diplomatik toxunulmazlığı yoxdursa və həmin şəxs hər hansısa cinayət edibsə, şübhəsiz, onun barəsində qanunla nəzərdə tutulan bütün tədbirlər görülür”.

Bunu Modern.az-a hüquq müdafiəçisi Əliməmməd Nuriyev ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətindəki nöqsanlarla bağlı məsələyə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisi məsələdən xəbərsiz olduğunu desə də hüquqi tərəfdən məsələyə münasibət bildirib. O, qeyd edib ki, Azərbaycanda xarici hüquqi şəxslər də, onların rəhbər orqanları da, vəzifəli şəxsləri də korrupsiya cinayətinin subyekti ola bilərlər:

“Bu beynəlxalq konvensiyanın, eyni zamanda Avropa Şurasının Strasburq Konvensiyasının korrupsiya qarşı cinayət məsuliyyətinin artırılması ilə bağlı konvensiyasında da beynəlxalq hüquqi şəxslərin korrupsiyanın subyekti kimi qismində tanınması göstərilib. Ona görə də hər hansı bir beynəlxalq təşkilat və onun vəzifəli şəxsi tərəfindən korrupsiya hüquq pozuntularına yol verilirsə və bu müvafiq qaydada qanunvericiliyə uyğun olaraq öz təsdiqinin tapıbsa, onda qanunun tələbinə uyğun olaraq bütün tədbirlər görülür. Azərbaycanda fəaliyyət göstərən hər hansı bir beynəlxalq təşkilatın nümayəndəsinin diplomatik toxunulmazlığı yoxdursa və həmin şəxs hər hansı cinayət edibsə, barəsində qanunla nəzərdə tutulan bütün tədbirlər görülür”.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralov ABŞ Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətindəki nöqsanlarla bağlı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstara müraciət edib. Məktubda deyilir ki, mətbuatda nümayəndəliyin işində mövcud olan nöqsanlarla bağlı dərc olunmuş məqalələr cəmiyyətdə böyük ictimai rezonans doğurub. Prokurorluq orqanlarının apardığı araşdırmalar nəticəsində MDİ-nin ölkəmizdəki nümayəndəliyi tərəfindən fəaliyyətinin həyata keçirilməsi zamanı “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Qrant haqqında” Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.12.2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesablarının forması, məzmunu və təqdim edilməsi Qayda”sının tələbləri pozulmaqla, 23.07.2012-ci il tarixə kimi Bakı, Gəncə, Tovuz, Şirvan, Yevlax, Şəki, Xaçmaz və Cəlilabad şəhərlərində ofis və regional məlumat mərkəzlərinin müvafiq qaydada qeydiyyata alınmadan və akkreditə olunmadan fəaliyyət göstərərək qrantlar payladığı, hesabat dövr başa çatdıqdan sonra illik maliyyə hesabatlarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi kimi qanunsuzluq hallarına yol verilib. Nümayəndəliyin rəhbəri Aleks Qriqoryevsin Beynəlxalq Bankda açılmış hesabından 02.03.2010-cu il tarixdən 13.12.2012-ci il tarixə kimi olan dövr ərzində 1.007.990.44 ABŞ dolları məbləğində pul vəsaitinin istifadə olunma təyinatı barədə məlumatlar verilmədən məxaric olunduğu müəyyən edilib.

Məlumata görə, Milli Demokratiya İnstitutu pulları nağd şəkildə paylayıb.

 

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu