Modern.az

Parlament kuryozları: Açıq-saçıq geyimli xanım jurnalist yaşlı deputatı necə çaşdırdı - MARAQLI

Parlament kuryozları: Açıq-saçıq geyimli xanım jurnalist yaşlı deputatı necə çaşdırdı - MARAQLI

Parlament

30 Mart 2013, 10:10


Azərbaycanın qanunverici orqanı daim cari məsələlər, qanun layihələrin müzakirəsi və qəbul olunduğu yer kimi xarakterizə edilir. Deputatlar parlamentin plenar və komitə iclaslarında bu və ya digər məsələlərlə bağlı fikirlər səsləndirir, təkliflər verir. Ciddi müzakirələrin getdiyi bu yerdə bir sıra hallarda maraqlı məqamlar da yaşanır. Modern.az bu dəfə də həmin maraqlı məqamları izləyən parlament jurnalistləri arasında sorğu keçirib. Görəsən onlar parlament müxbiri olduqları zaman hansı maraqlı situasiyaları yaddaşlarında saxlayıblar?

AzərTAc Dövlət Agentliyinin əməkdaşı Xətai Əzizov Milli Məclisdə qanun layihələrinin hazırlanması, yazılması, dil üslubu müzakirə olunarkən deputat Fəzail Ağamalının çıxışı zamanı yaranan maraqlı hadisəni danışıb.
“Müzakirə zamanı Fəzail Ağamalı dedi ki, “siz qanunun preambula hissəsinə fikir verin, gorün nə yazılıb, axı bunun ampulası yoxdur”. Nazim İmanov yerdən dedi ki, “Fəzail bəy, dayanın, daha deməyin siz Allah, indi jurnalistlər yazacaqlar. Onda rəhmətlik Murtuz müəllim dedi ki, “Nazim niyə narahatsan, nəyi yazacaqlar?” Nazim bəy dedi ki, “Fəzail bəy “preambula” sözü ilə “ampula” sözünü dəyişik salıb, onu deyirəm”. Murtuz müəllim də qayıtdı ki, “sən ölməyəsən, heç kim bilməyəcəkdi, amma bax indi bildilər və yüz faiz yazacaqlar. Fəzail, sən də diqqətli ol da, bilmədiyin şeyi danışma, a kişi bu ampula deyil ey sənin üçün, deputatıma bax!”.

X.Əzizov digər maraqlı hadisənin isə Milli Məclisdə qrant məsələsinin müzakirəsi zamanı yaşandığını qeyd edib.
“Qadin deputatlardan biri ya Sabirabaddan seçilmişdi, ya da Əli-Bayramlıdan (hazırda Şirvan). İclasdan çıxanda məzə üçün soruşduq ki, “siz nə deyə bilərsiniz bu barədə”. Qayıtdı ki, “əşşi, bunlar niyə narahatdırlar, heç özüm də bilmirəm, məgər Bakıda normal su olur ki, krantın da dərdini çəkək. Siz fikir verməyin, baxıram elə jurnalistlərimiz də bəzi deputatlarımız kimidirlər, deməyə, yazmağa söz tapmırlar. O gün də biri spiraldan danışırdı, Əli Nağıyev cavabını verdi. Daha mən nə deyim. Gərək adam olan şeydən danışsın. Biri deyir ki, ölkədə elektrik enerjisi yoxdur, camaat qaranlıqda oturur, uşaqlar oxuya bilmirlər. Mirmahmud ağa deyir ki, xaricilər gətirib Sumqayıtda qadınlara spiral paylayırlar. İşıq olmayan yerdə spiralı neyləyirlər, indi də deyirlər ki, xaricilər qrant paylayırlar. Məgər su var ki, krant da paylayırlar, görünür, onlarda çoxdur bizə sırıyırlar, camaat da ayıq olsun, hər zir-zibili almasınlar da. Bax siz jurnalistlərdən burda çox şey asılıdır, çalışın almasınlar. Ele-belə də yazın mənim sözlərimi, daha gedib təhrif etməyin!”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadənin yadında qalan ən maraqlı hadisə deputatlar Hüseyn Abdullayevlə Fəzail Ağamalının qalmaqalı olub.
“Bu qalmaqal müxalifət və iqtidar deputatları arasında deyil, hakimiyyəti dəstəkləyən iki deputat arasında baş vermişdi. Bundan başqa, həmin iclasda Baş nazir Artur Rəsizadə daxil olmaqla hökumətin əksər üzvləri iştirak edirdilər. Nazirlər, komitə sədrləri və başqaları orada idi. Nəhayət, ilk dəfə idi ki, parlamentdəki davranışına görə bir deputat həbs olundu, mandatı əlində alındı. Belə cəzalarla üzləşən isə sıradan bir deputat deyildi. Geniş imkanları, maliyyəsi, hakimiyyətdə dayaqları, nüfuzu olan Hüseyn Abdullayev idi. Münaqişənin digər iştirakçısına olan Fəzail Ağamalıya isə heç nə deyən olmadı”.

Modern.az xəbər agentliyinin əməkdaşı Elşad Eyvazlı deyir ki, bir dəfə parlament jurnalistləri arasında belə bir şərt qoyulmuşdu ki, hər iclas günü növbə ilə özlərindən məsələ uydurub deputatlara sual versinlər.
“Deputatlar da çox ciddi şəkildə sualları cavablandırırdılar. Bir gün növbə mənə düşdü. Sualı sabiq deputat Səyyad Arana verməli idim. Çox fikirləşdim və Səyyad Arana "Partizan müharibəsinin başlayacağı barədə məlumatlar var. Sizcə, bu yolla nəyəsə nail olmaq mümkündürmü” sualı ilə müraciət etdim. Səyyad Aran danışmağa başladı və bu zaman ətrafda olan jurnalistlər güldülər. İşin nə yerdə olduğunu bilən Səyyad Aran "Hesab edirəm ki, bu, mövzu qıtlığı nəticəsində verilən sualdır", – deyə əsəbiləşdi. Ondan sonra Səyyad Aran düz altı ay mənim suallarımı cavablandırmadı”.

Elşad Eyvazlının xatırladığı digər maraqlı məqam isə parlamentdə "reket" jurnalistlərin tüğyan etdiyi zamanlarla bağlıdır.
“Bu kateqoriyaya mənsub olan qadın jurnalistlərdən biri çox açıq-saçıq geyinmişdi. Biz deputatların birindən - rəhmətə gedib deyə, adını açıqlamıram - müsahibə alırdıq. Müsahibənin şirin yerində o xanım jurnalist özünü verdi qabağa. Sinəsinə də bir dəftər tutmuşdu. Arada dəftəri sinəsindən götürəndə deputatın baxışları onun sinəsində dayanırdı və çaşırdı. Hətta nə danışdığını belə unudurdu. Beləcə, həmin qadın jurnalist deputata imkan vermədi ki, jurnalistlərin suallarını normal şəkildə cavablandırsın. Hər dəfə dəftəri sinəsindən geri çəkəndə deputat udqunurdu”.

Aytən Əliyeva

***
Həmçinin oxu

"Əhəd Abıyev Gülər Əhmədovanın yerini mənimsəmişdi" - Parlament kuryozları
//modern.az/articles/35890/1/

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım