Modern.az

Yeni layihə: “...Partiyamızdır!”: Birinci partiyanın sonuncu demarşı

 Yeni layihə:  “...Partiyamızdır!”: Birinci partiyanın sonuncu demarşı

Ölkə

30 Mart 2013, 11:29

Azərbaycanın ictimai-siyasi həyatında 2013-cü il prezident seçkisi mühüm əhəmiyyət kəsb edir. Seçkidə  əhəmiyyətli rol oynayan siyasi partiyaların çoxu isə hələlik iştirakla bağlı mövqe sərgiləmirlər. Modern.az bu ilin seçki ili olduğunu nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar haqqında məlumat verməklə “...Partiyamızdır” adlı yeni layihəyə start verir. İlk olaraq Azərbaycan Milli İstiqlal Partiyası haqqında qısa tarixi arayışa diqqət edək.

Niyə AMİP?

AMİP SSRİ-nin tərkibindən ayrılıb ikinci dəfə  müstəqilliyinə qovuşan Azərbaycanda ilk rəsmi qeydiyyatdan keçən partiyadır. AMİP 1992-ci ilin 4 iyulunda təsis edilib. Bundan bir neçə gün sonra-iyulun 17-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Bununla müstəqil  Azərbaycanın tarixində çoxpartiyalı sistemin əsası qoyulub. Bundan başqa AMİP siyasi hakimiyyət uğrunda aparan ilk siyasi təşkilatdır.

Bir zamanların aktiv siyasətçisi...

Partiyanın qurucusu və lideri Milli Azadlıq Hərəkatının öncüllərindən olmuş, bir müddət Lefertovo türməsində  həbsdə qalan Etibar Məmmədovdur. Həbs olunmasına səbəb isə 20 Yanvar qırğını ilə bağlı həmin ayın 26-da Moskvada mətbuat konfransı keçirməsi olub.

1992-ci ildə Azərbaycanda keçirilən prezident seçkisində Etibar Məmmədov öz namizədliyini geri götürüb. 1995-ci ildə parlament seçkisində AMİP 8% lik baryeri aşaraq Ali Qanunverici orqana 3 mandat qazanıb. 12 noyabr 1998-ci il tarixində Azərbaycanda keçirilən prezident seçkisi zamanı Etibar Məmmədov böyük nüfuza malik idi. Belə ki, bu seçkidə Etibar Məmmədov eks mərhum prezident Heydər Əliyevin güclü rəqibi idi. Məhz bunun nəticəsi idi ki, Heydər Əliyevdən sonra ən çox səsi Etibar Məmmədov toplamışdı.

Birdən - birə nə baş verdi?

AMİP 2000-ci ildə parlament seçkisində heç bir uğur qazana bilmədi. Partiya funksionerləri bunu hakimiyyətin seçkiləri saxtalaşdırdığının nəticəsi olduğunu bildiriblər.  15 oktyabr 2003-cü il prezident seçkilərində AMİP-in ətrafında yaranmış "Qələbə" blokunun namizədi kimi Etibar.Məmmədov  əldə edilmiş rəsmi protokolların nəticələrinə görə 3-cü olub. 2004-cü ildən isə Etibar Məmmədov siyasəti tərk etdi. Bununla da AMİP-in siyasi müstəvidə nisbətən nüfuzu aşağı düşdü. Etibar Məmmədov 2013-cü il prezident seçkisində iştirak etməyəcəyini də açıqlayıb.  Hal-hazırda partiyanın sədri Yusif Bağırzadədir.

Kimlər gəldi, kimlər getdi...

Maraqlı cəhət ondan ibarətdir ki, bir çox tanınmış şəxs öz siyasi karyerasını AMİP-dən başlayıb. Bunlardan Şadman Hüseynov, Nazim İmanovu, Vaqif Kərimovu  göstərmək olar. Bundan başqa YAP icra katibinin müavini Mübariz Qurbanlı da bu partiyanın funksionerlərindən olub. Açıq Cəmiyyət Partiyasının lideri, Milli Məclisin eks spikeri, hal-hazırda mühacirət həyatı yaşayan Rəsul Quliyev də AMİP sırlarında yer alıb. Tarixçi Məhərrəm Züfüqarlı, REAL hərəkatının sədri İlqar Məmmədov bu partiyanın aparıcı şəxslərindən olublar. Heydər Əliyevin eks müşaviri, politoloq Qabil Hüseynli vaxtilə AMİP-də yer alıb.

Yurdsuz qalan partiya...

Azərbaycan Milli İstiqlal Partiyası vaxtilə Azərbaycanda  ən yaxşı qərargaha malik olan siyasi təşkilat olub. 2001-ci ildə Azadlıq prospekti 171-də yerləşən qərargah da dövlət ehtiyacları adı altında AMİP-dən alınıb və bundan sonra heç bir ofislə təmin olunmayıb.  
Bir müddət şəhərin ayrı-ayrı yerlərində kirayə ofis götürən AMİP hazırda partiyanın Nəsimi rayon təşkilatının ofisinə sığınıb. Mərkəzi qərargahı isə yoxdur. Tibb Universitetinin yaxınlığında yerləşən qərargah 5 otaqdan ibarətdir. Bu barədə AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev  məlumat verib. 
“Biz bu çətinliklərə baxmayaraq fəaliyyətimizi davam etdiririk. Özümüz şərait yaratmışıq. Kompüter avadanlıqları və internetimiz var. Bundan başqa, bizim digər bölgələrdə də rayon təşkilatlarının qərargahları var. Bütün bu qərargahların əksəriyyəti 1992-1993-cü illərdə dövlətdən müqavilə əsasında icarəyə götürülüb. Partiyanın siyasi şuralarının toplantıları belə qərargahlarda keçirilir. Mərkəzi Şuranın 180-ə yaxın nümayəndəsi olduğu üçün onların iclasları, görüşləri müqavilə əsasında hansısa oteldə və ya digər partiyaların qərargahlarında olur. Qurultaylar da icarəyə götürdüyümüz digər yerlərdə baş tutur”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir