Modern.az

Xaricdəki dayağımız - Çətin işdə qazanılan böyük uğur...

Xaricdəki dayağımız - Çətin işdə qazanılan böyük uğur...

Diaspor

30 Avqust 2022, 11:00

Son illər diaspor sahəsində başlanan dirçəlmə 44 günlük Vətən savaşından sonra daha böyük vüsət alıb. Belə ki, Azərbaycan diasporu Vətən müharibəsindən sonra qalib ölkənin qalib diasporu olaraq xaricdə yeni mərhələyə qədəm qoyub. Bu yolda xaricdə olan soydaşlarımızın, eyni zamanda komitənin də üzərinə böyük vəzifə düşür. Qarşılıqlı iş, əməkdaşlıq xaricdə Azərbaycan adının, diasporunun daha da tanınmasına gətirib çıxarır.

 

Diaspor təşkilatlarının fəaliyyəti barədə Modern.az-a danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu gün ölkəmizdə və xaricdə yaşayan soydaşlarımız bir yumruq altında birləşiblər. Onun sözlərinə görə, son illər Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində çox böyük işlər görülüb:

 

“Möhtərəm Prezidentimizin 2003-cü ildən bəri həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində böyük nailiyyətlər əldə edilib. Ötən və bugünkü dövrümüzü müqayisə edəndə əldə olunan uğurların nə qədər misilsiz olduğunun şahidi oluruq. Genişmiqyaslı, həm də əsaslı həyata keçirilən islahatlar dövrün çağırışlarına uyğun olaraq həyata keçirilir. Qeyd etdiyim kimi, islahatlar bütün sahələrdə aparılır və bunun nəticəsidir ki, ölkəmiz çox sürətlə inkişaf edir. Bu bir reallıqdır ki, möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət mütləq əksəriyyət tərəfindən dəstəklənir. Ölkəmizin ictimai-siyasi həyatında böyük nailiyyətlər əldə olunur. Son illərdə birmənalı olaraq Azərbaycanda möhkəm vətəndaş həmrəyliyinin şahidi oluruq. Bu, ölkəmizin siyasi həyatında da belədir. Siyasi partiyalar, xüsusən də iqtidar, müxalifət partiyaları arasında konstruktiv, sağlam dialoq mövcuddur. Bu münasibətlər sözsüz ki, ölkəmizdə yaranmış yeni siyasi konfiqurasiyada və siyasi istablişmentində özünü biruzə verir. Azərbaycan demokratik dövlət quruluşu istiqamətində inkişaf edən ölkədir və demokratik dəyərləri özündə birləşdirir. Dövlət siyasətində demokratik dəyərlər, söz azadlığı, insan hüquqları, qanunun aliliyi əsas prinsiplərdir. Bu gün ölkəmizdə 50-dən çox müxalif siyasi partiyanın olmasına baxmayaraq, hər bir partiya yumruq kimi prezidentimizin arxasında birləşib. Biz 44 günlük Zəfər savaşında bunun şahidi olduq. Bu birlik dəmir yumruğu daha da sarsılmaz etdi. Məhz birlik və həmrəylik sayəsində dünyada analoqu olmayan Zəfər qazandıq”.

 

Deputat, həmçinin xaricdə aparılan islahatlara toxunub, uğurlu nəticələrin əldə edildiyini söyləyib:

 

“Aparılan islahatların nəticəsidir ki, dövlətimizin xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində də ciddi uğurlar əldə edilib. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərinin dəyişməsi, rəhbər vəzifəyə gənc, dinamik fəaliyyətə malik, bu sahədə təcrübəli siyasətçi olan gənc kadrın, daha doğrusu, Fuad Muradovun təyin olunması islahatın tərkib hissəsidir. Bu gün komitə xaricdə yaşayan soydaşlarımızla çox gözəl işlər görür. Bu gün diasporumuz özünün ən yeni və mütəşəkkil mərhələsini yaşayır. Biz bunun nəticələrini Vətən müharibəsində və ondan sonra da görürük. Artıq bütün sahələrdə uğurlu şəkildə aparılmış islahatların bəhrəsini görürük. Hətta bu nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Bu gün ölkəmizdəki sağlam ictimai mühit siyasi müstəvidə vaxtı ilə mövcud olan intriqa və siyasi demoqoqiya kimi hallar konstruktiv əməkdaşlıqla əvəz olunub. Sözsüz ki, bu mühit və münasibətlər xaricdə yaşayan soydaşlarımız arasında da formalaşıb. Xaricdə yaşayan soydaşlarımız dünyada baş verən təhlükəli tendensiyaları və geosiyasi prosesləri çox düzgün anlayırlar və bu səbəbdən cənab Prezidentimizin həyata keçirdiyi siyasi kursu dəstəkləməyin birmənalı olaraq vətəninə və dövlətinə xidmət etmək olduğunu qəbul edirlər.

 

Bunun nəticəsidir ki, dövlətimizin xaricdəki dayaqlarından biri olan diasporumuz ildən ilə güclənərək daha yeni uğurlara imza atır. Əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Çünki xaricdə yaşayan müxtəlif düşüncəli soydaşlarımızı bir təşkilat, bayraq altında möhkəm birləşdirmək o qədər də asan iş deyil".

 

Parlamentari hesab edir ki, Azərbaycandan kənarda soydaşlarımızı bir araya yığmaq, onların fikirlərini öyrənmək, vahid kordinasiya yaradaraq, müxtəlif fikirli və mövqeli soydaşlarımız arasında milli maraqlara xidmət edən vahid platforma təşkil etmək asan deyil. Amma məmnunluqla demək lazımdır ki, artıq diaspora üzv olan  bütün təşkilatlarımız vahid məqsəd və eyni hədəf istiqamətində fəaliyyət göstərir. Bunun da nəticələri göz önündədir. Sözsüz ki, elə də asan olmayan bu işlər komitə tərəfindən uğurla həyata keçirilib.

 

"Çox sevindirici haldır ki, Almaniyanın Dortmund şəhərində keçirilən və Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin də iştirak etdiyi görüşdə Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvləri, Almaniyanın 31 şəhərində yaşayan Azərbaycan diasporunun fəalları, türk icmasının üzvləri və güneyli azərbaycanlılar iştirak ediblər.

 

Sözsüz ki, görüşdə diaspor fəallərı və Almaniyanın siyasi dairələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması yolları müzakirə olunub. Belə sağlam mühitin və müzakirənin nəticəsi kimi diaspor fəallarının əksəriyyəti Düsseldorf şəhərində Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılması təklifini yekdilliklə dəstəkləyib. Əvvəlki illərdən fərqli olaraq artıq müxtəlif sayt və sosial şəbəkələrdən də oxuduğumuz kimi diasporumuz mövcud olan plüralizm, konstruktiv münasibət və dialoq xaricdə fəaliyyət göstərən bir qrup müxalif təşkilatlar, eləcə də hüquq müdafiəçiləri tərəfindən müsbət dəyərləndirilir. Onlar da diasporun fəaliyyətində yaxından iştirak edirlər. Sözsüz ki, diasporun vahid məqsəd və hədəf uğrundakı mübarizəsi Azərbaycan diasporunun yaxın gələcəkdə Avropa siyasətinə təsir etmə gücünə malik olacağına gətirib çıxaracaq. Möhtərəm Prezidentimizin xaricdə yaşayan azərbaycanlılar və diaspor sahəsində həyata keçirdiyi siyasət, Azərbaycan -Türkiyə, eləcə də yaşadığı coğrafiyadan asılı olmayaraq bütün azərbaycanlıların vahid bayraq altında birlik və həmrəylik göstərməsi prinsipləri və amalı artıq özünün ciddi bəhrəsini verib.

 

Bütün bunlar bir daha göstərir ki, geniş perspektivlərə malik Azərbaycan diasporunun gələcək fəaliyyəti  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizi sevməyən qüvvələrə qarşı mübarizədə daha böyük uğurlar gözlənilir. Fürsətdən istifadə edərək bu yolda Diaspor Komitəsinə, onun rəhbərinə, xaricdə yaşayan hər bir soydaşımıza böyük uğurlar və yorulmaz fəaliyyət arzulayıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər