Bir müddət öncə xəbər verdiyimiz kimi, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.
Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.
Qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim etmələri parlament tərəfindən xahiş olunub.
Maraqlıdır, müxalifət partiyalarının "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üçün hansı təklifləri var?
Müsavat Partiyasının sədri Arif Hacılı Modern.az-a açıqlamasında bildirib ki, bu məsələlər hələ müzakirə edilir:
“Biz partiyada müzakirələr aparırıq. Nəticələrə uyğun addım atılacaq”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə “Siyasi partiyalar haqqında” yeni qanun üçün təklif göndərməyəklərini bildirib:
“Çünki güman etmirəm, bizim göndərdiyimiz təkliflər Milli Məclis tərəfindən qəbul olunacaq. Bundan əvvəl Konstitusiya dəyişiklikləri ilə bağlı təkliflərimizi göndərmişdik. İndi Seçki Məcəlləsi ilə bağlı təkliflərimizi işləyib hazırlayırıq, cəmiyyətə təqdim edəcəyik”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qanun layihəsinə alternativ layihə hazırlayıb, təqdim edəcəklərini deyib:
“Bizim belə bir sənədimiz var. Zaman-zaman Prezidentə və parlamentə bununla bağlı təkliflərimizi göndərmişik. İndi zərurət yaranır ki, qanun dəyişdirilsin. Azərbaycanda çoxpartiyalı sistemin inkişafı ilə bağlı tərəfimizdən hazırlanan təklifləri göndərəcəyik”.
AĞ Partiya sədri Tural Abbaslı isə təkliflərin nəzərə alınmayacağını düşünür:
“Biz istər Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsiylə təmas zamanı, istərsə də media vasitəsilə təkliflərimizi vermişik. Bu, ümumi sözdür, bəs təkliflərimizi hara verək? Gəlin, ümumi dəyirmi masa təşkil edək, ya da parlamentin müvafiq komitəsində iclas keçirək. Layihə ortaya qoyulsun, hansı modeli əsas götürürük bilinsin. Partiyaların problemləri aydınlaşdırılmalıdır ki, təklif də ortaya qoyula bilsin”.
Bundan öncə verilən rəsmi məlumata əsasən, 29 siyasi partiya yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər.
Həmin partiyaların siyahısını təqdim edirik: