Bu gün - martın 31-də saat 18:00-də bir qrup müsavatçı fəal Atatürk prospektində siyasi məhbuslara azadlıq tələbi ilə flaş-mob keçirib. Aksiya iştirakçıları qondarma ittihamlarla həbsdə olan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqubluya, ReAl hərəkatının rəhbəri İlqar Məmmədova (hər ikisi 24 yanvar İsmayıllı üsyanından bir gün sonra bu rayona getməkdə (!-red.) ittiham olunur), NİDA vətəndaş hərəkatı üzvlərinə və İsmayıllı məhbuslarına azadlıq tələb edən plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Flaş-mob aksiyada 50-dən artıq Müsavat fəalı iştirak edib. Aksiya insidentsiz başa çatıb. Daha doğrusu, gənc fəallar polisin aksiyaya müdaxilə etməsinə imkan verməyiblər. Belə ki, onlar polis hadisə yerinə gəlib çıxana qədər tədbiri başa çatdırıblar. Bu üzdən də polislə hər hansı toqquşma və insident qeydə alınmayıb.
Modern.az