“Brüsseldə keçirilən görüş Azərbaycan diplomatiyasının növbəti uğurudur”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Bu gün Brüsseldə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşünün nəticələrini dəyərləndirən deputat Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqlardan sonra verdiyi bəyanat haqda fikirlərini bölüşüb:
“Bildiyimiz kimi, bu görüşün təfərrüatı ilə bağlı həm Azərbaycan, həm də Ermənistan tərəfindən açıqlama verilməyib. Biz görüşün gedişatı ilə bağlı ancaq Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin mətbuata verdiyi bəyanatdan tanış ola bilirik. Cənab Mişel qeyd edib ki, bu görüşün keçirilməsinə may ayında keçirilmiş son görüşdə razılıq verilib. Yəni bu görüş əvvəlcə keçirilmiş görüşün davamı olmaqla, müzakirə edilmiş məsələlər də eynidir. O, qeyd edib ki, üçtərəfli görüşdən əvvəl hər iki ölkə rəhbərini qəbul edib. 31 avqust görüşü bu formatda dördüncü müzakirə hesab edilir. Bəyanatda da qeyd edildiyi kimi, müzakirələrin əsas mövzuları Cənubi Qafqazda baş verən son hadisələrə, Aİ ilə hər iki ölkə arasında münasibətlərə və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə həsr edilib. Cənab Mişelin qeyd etdiyi kimi, müzakirələr açıq və məhsuldar olub. O bildirib ki, müzakirədə son görüşdə əldə olunmuş razılaşmaların daha da irəliyə aparılması üçün kifayət qədər müsbət addımlar atılıb. Şarl Mişel bəyanatında müzakirə olunmuş ayrı-ayrı məsələlər üzrə konkret fikirlərini də bildirib. Aİ Şurasının Prezidenti vurğulayıb ki, bu müzakirədə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflərlə razılaşma əldə edilib”.
Deputat xatırladıb ki, sözügedən bəyanatda sülh müqaviləsinin mətn layihələri üzərində işləmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə bir ay müddətində görüşmək tapşırılıb.
“Aİ Şurasının prezidenti müzakirə olunmuş humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı da ətraflı müzakirələrin aparıldığını və Aİ-nın gələcəkdə də bu məsələlərlə məşğul olacağını söyləyib. Bildiyimiz kimi, Azərbaycan və Ermənistan arasında müzakirə olunan problemlərdən biri də sərhəd məsələləridir. Cənab Mişel bəyanatında bu məsələyə toxunaraq sərhədlərin delimitasiyası və demarkasiya məsələsinin vacibliyini, eyni zamanda, sərhədboyu təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı məsələlərin müzakirə olduğunu bildirib.
Onu da bildirim ki, Azərbaycan-Ermənistan sərhədlərində qanunsuz erməni silahlı dəstələri vaxtaşırı hərbi təxribat törədir. Son təxribat bu ilin iyul-avqust aylarında olub. Azərbaycan hökuməti bu haqda beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara məlumat verib. Sözsüz ki, həm də silahlı erməni birləşmələri Azərbaycanın qəhrəman ordusu tərəfindən darmadağın edilib. Mişelin bəyanatından görünür ki, məhz Azərbaycan hökumətinin bu etirazı və sərhəddə törədilən erməni təxribatı görüşdə müzakirə edilib. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti bildirib ki, bu ilin noyabr ayında sərhəd komissiyalarının növbəti iclasının Brüsseldə keçirilməsi haqqında tərəflər razılığa gəlib. Bəyanatda bildirilir ki, görüş zamanı nəqliyyat əlaqələri, eyni zamanda nəqliyyatın blokdan çıxarılmasının vacibliyi də geniş müzakirə olunub. O, Aİ-nın Cənubi Qafqazda uzunmüddətli davamlı sülhə doğru dəstəyini, hər iki ölkənin və bu ölkələrin əhalisinin rifahı, iqtisadi inkişaf naminə Aİ-nin bundan sonra da təkan verməyə hazır olduğunu bildirib. Tərəflər bu ilin noyabr ayının sonunda bu formatda yenidən görüşün keçirilməsinə razılaşıblar. Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün verdiyi bəyanatdan bir daha görürük ki, Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilmiş görüşdə müzakirə olunmuş bütün məsələlər ilk gündən Azərbaycan tərəfinin verdiyi təkliflərlə demək olar ki, tam üst-üstə düşür. Hesab edirəm ki, 31 avqustda konstuktiv mühitdə keçən Brüssel görüşü Azərbaycan diplomatiyasının növbəti uğurudur”, - deyə parlamentari vurğulayıb.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.