Modern.az

“Hər şey bahalaşıb, valideynlərin halına acıyıram..”  - Yarmarkadan reportaj

“Hər şey bahalaşıb, valideynlərin halına acıyıram..”  - Yarmarkadan reportaj

Reportaj

1 Sentyabr 2022, 12:06

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Övladlarını məktəbə yola salacaq valideynlər indidən məktəb alış-verişinə hazırlaşırlar. Qiymətlər ürək açan olmasa da, valideynlər övladlarının ürəyini açmaq üçün əllərindən gələni edirlər. 

 

Bəs, bahalaşma fonunda məktəb ləvazimatlarının qiymətləri necədir? Əvvəlki illə müqayisədə tələbat artıb, yoxsa azalıb?

 

Modern.az-ın əməkdaşı bu və digər suallara cavab tapmaq üçün məktəb ləvazimatlarının satıldığı yarmarkaya üz tutub. 

 

Yarmarkada sükut hökm sürürdü. Əvvəlki kimi alıcı izdihamı müşahidə olunmurdu. Tək-tük alıcı gözə dəyirdi ki, onlar da məhsulların qiymətləri ilə maraqlandıqlarını deyirdilər. Satıcılar isə alıcı qıtlığından "qan ağlayırdılar".

 

Bir neçə ildi ki, bu işlə məşğul olduğunu deyən satıcı Əli Səlimov ümid edir ki, valideynlər sentyabrın 5-dən sonra yarmarkalara daha çox üz tutacaqlar.

 

 

Onun sözlərinə görə, yarmarka 10 gündür fəaliyyət göstərir, amma alıcılıq qabiliyyəti yox səviyyəsindədir:

 

"Hazırda yarmarkada ən bahalı ləvazimat məktəbli çantasıdır, qiyməti 10 manatdan başlayır, 50 manata kimi davam edir. Kiçil dəftərlərin qiyməti 14 qəpikdən başlayır, 1 manat 20 qəpiyə qədər artır. Böyük dəftərlərin qiyməti isə 1 manat 50 qəpik və 3 manat arasında dəyişir. Qələmlərin qiyməti 15 qəpikdən təklif olunur. Dəftər üzlərinin qiyməti 50 qəpikdən 1 manata kimi artır. Məncə, alıcılıq qabiliyyətinin aşağı olması dərslərin hələ başlanmasına xeyli vaxt qalması ilə bağlıdır. Dərsin başlanmasına az vaxt qalmış daha çox valideyn yarmarkaya üz tutur".

 

 

Digər satıcı Allahverdi Sultanzadə də alıcı azlığından şikayətlənib:

 

"Neçə gündür yarmarkanı açmışıq, amma qazanc əldə etməmişik. Düşünürük ki, bir neçə gün sonra alıcıların sayı artacaq. Ötən ilə nisbətən bu il məktəbli ləvazimatlarının qiyməti bahalaşıb. Ən çox kağız ləvazimatlar bahalaşıb. Kağızlar əsasən Ukraynadan gətirilirdi və həmin ölkədə müharibə baş verdiyi üçün qiymətlər də qalxıb. Məsələn, keçən il 20 qəpiyə olan dəftər indi 30 qəpikdir. Kağız məhsullarının qiyməti 50% artıb. Çantaların qiyməti ötən illə eynidir, 10-45 manat arasında dəyişir. Qələmlər 10 qəpikdən başlayır, 2 manata qədər artır. Rəngli karandaşların qiyməti 1-9 manat arasında dəyişir. Pozanların qiyməti 50 qəpikdən başlayır. Termosların qiyməti isə 7-15 manata təklif olunur".

 

Yarmarkarda təklif olunan qiymətlərlə bağlı alıcıların da fikirlərini öyrənməyə çalışdıq. Lakin müsahibə almaq üçün yaxınlaşdığımız bəzi alıcılar danışmaq istəmədiklərini deyərək, ərazidən uzaqlaşırdılar... 

 

Daha sonra paytaxt sakinlərinə yaxınlaşdıq ki, görək qiymətlərdən razıdırlar, yoxsa narazı.. 

 

Övladını məktəbə göndərməyə hazırlaşan Gülər Hacıyevanın sözlərinə görə, ləvazimatların qiyməti hər kəsin cibinə uyğun deyil:

 

"Çox keyfiyyətli çantalar var, amma qiymətləri də bahadır. Varlı adamlar üçün sərfəlidir, mənim kimi kasıblara görə sərf etmir. Keçən il uşağıma çanta almışdım, bu il də ondan istifadə edəcək, çünki yenisini almağa imkanım yoxdu.r Keçən il qiymət daha sərfəliydi. Nə ilə əlaqəli olduğunu bilmirəm, amma hər şey çox bahalaşıb. Qiymətləri təyin edəndə kasıbı da nəzərə almalıdırlar".

 

 

Həmsöhbətimiz Ülkər Mustafayeva isə bildirib ki, məktəbli formaları əvvəlki illərlə müqayisədə bahalaşıb.

 

"Düşünürəm ki, məktəbli formaları bir çox valideynin cibinə uyğundur. Ən ucuz çantanın qiyməti 15 manatdır. Ötən il qiymətlər daha sərfəli idi. Başda dəftərlər olmaqla bütün məhsullar bahalaşıb".

 

Universitetdə müəllim çalışdığını deyən Nizami İsmayılov isə özü bizə yaxınlaşaraq, danışmaq istədiyini bildirdi. 

 

Nizami müəllim deyib ki, indiki uşaqlar hər şeyin ən yaxşısını istəyirlər, lakin insanların maddi durumu buna imkan vermir.

 

"Məktəbli formalarının rəngi, standartı Elm və Təhsil Nazirliyi tərəfindən tənzimlənir. Ancaq formaların satışı və qiymətinə nazirlik təsir edə bilmir. Nazir də bu prosesi bazar münasibətləri ilə əlaqələndirir. Düşünürəm ki, aztəminatlı ailələrin formaları alması üçün dövlət dəstək göstərməlidir. Beş nəvəm bu il məktəbə gedəcək, yaxşı bilirəm ki, valideynlər nə qədər xərc çəkir. Uşaqlara demək olmur ki, keçən il alınan çantanı indi də götür. Həm keyfiyyət yoxdur, həm də cəmiyyətin inkişaf səviyyəsi dəyişib. Mən böyük qardaşımın paltarını geyinərdim, çantasını götürərdim. Valideynlərin halına acıyıram ki, bu bahalaşma onları necə çətin vəziyyətə salır",- deyə müəllim bahalaşmadan gileylənib.

 

 

Müsahiblərimizin dediyindən bəlli olur ki, təkcə ərzaq məhsullarının deyil, eyni zamanda məktəb ləvazimatlarının da qiyməti əl yandırır. Onsuz da maddi durumu yaxşı olmayan valideynlər övladlarının könlünü xoş etmək üçün dəridən qabıqdan çıxırlar. 

 

Fotolar - Yusif Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar