"El" Hərəkatının rəhbəri Eldar Namazov hərəkatın ofisindən çıxarılması ilə bağlı bu gün mətbuat konfransı keçirir.
Modern.az xəbər verir ki, sözügedən hərəkatının aparıcı simalarından olan Eldəniz Quliyev bildirib ki, təmsil etdiyi təşkilat qərargahdan çıxmağa məcbur edilib. “Hərəkat yaranandan heç bir qanun pozuntusuna yol verməmişik. Bölgələrdə görüşlər keçirmişik. Bu da təbii ki, iqtidarı narahat edir və buna görə də bizə qarşı radikal addım atdılar. Əslində hakimiyyət hər zaman müxalifəti “radikal” adlandırır, amma iqtidarın özünün bu addımı hakimiyyətini özünü “radikal” adlandırmağa yol açır. Cəmiyyət və ictimaiyyət üçün ən böyük təhlükə radikal iqtidardan gəlir. Ancaq biz bunları təmkinlə qarşılayırıq. Qazandığımız itirdiyimizdən çoxdur”.
"El" Hərəkatının rəhbəri Eldar Namazov hərəkatın yeni ofislərinin yerinin müəyyənləşdirildiyini açıqlayıb. Hərəkat sədri bildirib ki, hərəkatın bundan sonra 3 ofisi olacaq. “Onlar ictimai, təşkilati və hüquq məsələlər ilə bağlı göstərilən sahələrə müvafiq fəaliyyət göstərəcəklər. Hərəkatın mərkəzi ofisində isə siyasət, mətbuat, sosial şəbəkələr, hüquq şöbələri fəaliyyət göstərəcək. Köhnə ofisimizdən fərqli olaraq, mərkəzi ofisdə 250 nəfərlik iclas zalı var. Hakimiyyətə səslənirəm ki, “El” Hərəkatı ilə ofis oyunu oynamasın. 17 gün ərzində böyük bir canlanma və dalğa yaratdıq. Bu günlərdə biz ikinci dalğanı təşkil edəcəyik. Cənub və Aran bölgəsində “El” Hərəkatının şöbələri yaradılacaq. Aprelin axırı və mayın əvvəlinə qədər yeni hüquq və siyasət şöbəsi prezident seçkisi ilə bağlı yüz səhifəlik bir sənəd hazırlayır. “El” hərəkatı aprel ayının ortalarında gənclərlə demokratiyaya keçidə start verəcək. Bizim sosial təbəqələlərlə bağlı da geniş planlarımız var. Hakimiyyəti ölkədəki proseslərə düzgün yanaşmağa çağırıram. Ölkə sosial partlayış ərəfəsindədir. Azərbaycan cəmiyyəti dəyişikliyə meyllidir. Hakimiyyət buna düzgün qiymət verməsə, cəmiyyət və tarix qarşısında məsuliyyət daşıyacaqlar”, – deyə Hərəkat rəhbəri vurğulayıb.
Aqşin Kərimov