Dağıldıqdan sonra keçmiş SSRİ-nin tarixinin müxtəlif tərəflərinin araşdırılmasına olan elmi maraq da artıb. Bu baxımdan SSRİ-nin Türkiyə Cümhuriyyəti ilə münasibətləri diqqəti cəlb edir. İki ölkə arasında münasibətlərdə Türkiyədə 1960-cı il çevrilişindən 1980-ci il çevrilişinə qədər olan dövr xüsusi maraq kəsb edir. İkinci Dünya müharibəsi illərinin sonlarına yaxın pozulan münasibətlər 60-cı illərin əvvəllərindən normallaşmağa başladı. Buna hansı amillər təsir etdi? ABŞ amili rol oynadımı? Kuba raket böhranı sovet-türk münasibətlərinə necə təsir etdi? Sovetlər Türkiyə Kommunist Partiyasına və İraqda Molla Mustafa Bərzaniyə maliyyə yardımlarını necə və hansı məqsədlər üçün edib? İki ölkə arasında münasibətlərə Kipr böhranı təsir edibmi? Türkiyənin barış hərəkatı öncəsi SSRİ DTK Kipdə AKEL partiyasına nə qədər silah verib? Sovet dövlətinin bu regionda siyasətinin əsl məqsədləri nədən ibarət olub? Sovetlərin Türkiyə siyasətində Bolqarıstan hansı yeri tutub? Sovetlər Türkiyədəki sol təşkilatlara yardımları hansı məqsədlər üçün edib? Erməni dairələri sovet-türk yaxınlaşmasına necə münasibət bəsləyiblər? Erməni terror təşkilatlarının türk diplomatlarına qarşı terror aktları sovet-türk münasibətlərində müzakirə edilibmi? Sovet-türk münasibətlərində Azərbaycan hansı yer tutub? Türk dövlət xadimləri Azərbaycanın yeri haqqında nələri söyləyiblər? İranda islam inqilabı və Əfqanıstan sovet hərbi müdaxiləsi sovet-türk münasibətlərinə necə təsir edib? Bütün bu və ya digər maraqlı məsələlər görkəmli azərbaycan tarixçisi, professor Musa Qasımlının Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu tərəfindən nəşr edilən “Türkiyə-Sovet Sosialist Respublikaları İttifaqı münasibətləri.1960-1980” adlı əsərində (600 səhifə) araşdırılıb. Əsər Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan arxiv materialları və digər mötəbər mənbələr əsasında yazılıb. Türk dilində böyük tirajla nəşr edilən bu kitab bir neçə il əvvəl Bakıda və Moskvada Azərbaycan və rus dillərində nəşr edilmiş, mütəxxəssislər tərəfindən müsbət qiymətləndirilmişdi. Qeyd edək ki, bu əsər professor Musa Qasımlının xarici ölkələrdə nəşr edilən sayca 9-cu kitabıdır.