“Rəsul bəy Azərbaycana dönməsi üçün geniş iş aparır”
Modern.az Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərlə müsahibəni təqdim edir.
- Sülhəddin bəy, prezident seçkiləri ilə bağlı mətbuata açıqlamalarınızda konkret mövqeyinizin olduğunu bildirirdiniz. Artıq seçkilərə 6 ay qalıb, hələ də namizədiniz bəlli deyil. Bu istiqamətdə hansı işlər görülür? Seçkilərdə iştirak edəcəksinizmi?
- Biz dəfələrlə mövqeyimizi açıqlamışıq. Bildirmişik ki, Açıq Cəmiyyət Partiyası olaraq mövqeyimiz bir sıra partiyalardan fərqlənir. Öncəlliyimiz ölkədə seçkiqabağı mühitin demokratikləşməsi, azad və ədalətli seçkilər üçün şəraitin yaradılması və bütün iddialı tərəflərə bərabər imkanların yaradılmasıdır. Bizim də siyasətin anlamı budur ki, əgər bu yaradılmayacaqsa ölkədə ədalətli seçkilərin keçirilməsi mümkün deyil. Əvvəlcədən də seçkilərin nəticəsi bəllidir. Ona görə də biz bütün müxalifəti, demokrat dostlarımıza təklifimiz ondan ibarət idi ki, gəlin, Azərbaycanda ədalətli seçki mühitinin yaradılması üçün bütün qüvvələrimizi, resurslarımızı birləşdirək və bu istiqamətdə mübarizə aparaq. Amma təəssüf ki, heç də bütün partiyalar strateji xətti izləmədilər.
- Təklifiniz nə üçün ölkənin aparıcı müxalifət partiyaları tərəfindən müsbət qarşılanmadı?
- Hələ seçkilərə aylar qalmasında baxmayaraq müxalifət nümayəndələri arasında öz namizədlərini irəli sürənlər oldu. Artıq bir neçə nəfər partiya lideri namizədliyini irəli sürüb. Bununla da bizim aramızda fikir ayrılığı yarandı. Sonra biz yenə təklif elədik ki, ölkədə yaranmış vəziyyətdə cüzi dəyişikliyə nail olmaq istəyiriksə müxalifətin geniş koalisiyasını yaratmağa ehtiyac var.
Bu istiqamətdə bizim çoxsaylı səylərimiz oldu. Amma təəssüflər olsun ki, bizim bu təkliflərimiz bu günə qədər konkret nəticə vermədi. Bildiyimiz kimi seçkilərə altı aydan az vaxt qalıb. Hələ də ümidverici bir hadisənin şahidi olmamışıq.
- Son günlərin ən çox dartışdırılan mövzularında biri də tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun irəli sürdüyü Milli Şura ideyasıdır. Hətta Rüstəm bəy bununla bağlı müxalifətə müxtəlif mesajlar da göndərdi. Sizin Açıq Cəmiyyət Partiyası olaraq Milli Şura ideyasına münasibətiniz necədir. Milli Şuraya qoşulacaqsınızmı?
- Doğrudur, son zamanlar hörmətli Rüstəm bəy tərəfindən Milli Şuranın yaradılması ideyası ortaya atılıb. Biz də Açıq Cəmiyyət Partiyası olaraq Rüstəm İbrahimbəyovun bu ideyasını təqdirəlayiq hesab edərək dəstəkləmişik. Amma eyni zamanda bu ideyanın reallaşması istiqamətində atılan addımları da zaman-zaman tənqid eləmişik. İndi biz hesab edirik ki, Milli Şuranın yaradılması istiqamətində aparılan iş məqsədyönlü, korrekt olarsa, burada ümummilli maraqlar əsas götürülərsə bu iş uğurla aparıla bilər. Biz də Milli Şuranın yaradılmasına dəstək verə bilərik.
- Rəsul Quliyev bu təklifə necə baxır? Bu haqda onun mövqeyi nədən ibarətdir?
- Rəsul bəylə bizim mütəmadi əlaqəmiz var. Elə olur hər gün bir neçə dəfə əlaqə saxlayırıq. Mənim dediklərim partiyanın siyasətidir. Bizim Rəsul bəylə danışığımız olub. O da müxalifətin geniş koalisiyasının yaradılmasını dəstəkləyib. Eyni zamanda son olaraq Rüstəm bəyin irəli sürdüyü Milli Şuranın yaradılması ideyasını dəstəkləyib.
Sadəcə olaraq biz istəmirik ki, ideyanın həyata keçirilməsində yanlışlıqlara yol verilsin və ideya iflasa uğrasın. Artıq bildiyimi kimi seçkiqabağı hər partiya öz marağına uyğun olaraq hərəkət edəcək. Bu baxımdan müxalifətin koalisiyasının qurulması da çox çətin və problematik olacaqdır.
- Xatırlayırsınızsa, Rəsul Quliyev bir neçə ay bundan öncə müsahibələrinin birində Azərbaycana gələcəyi ilə bağlı bu ilin mart ayında açıqlama verəcəyini bildirmişdi. Bilmək istərdik Rəsul bəyin dönməklə bağlı qərarı nədən ibarətdir?
- Rəsul bəy Azərbaycana dönməsi üçün geniş iş aparır və zaman-zaman bu barədə özü mətbuata açıqlamalar verir. Hesab edirəm ki, Rəsul bəy özü nə zaman lazım bilərsə açıqlama verəcək.
Anar RÜSTƏMOV