Türkiyəyə səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Ankara şəhərində yaşayan azərbaycanlılarla görüşüblər.
Bu barədə Modern.az-a Dövlət Komitəsindən məlumat verilib.
“Azaflı Plaza”dakı konfrans zalında baş tutan görüş zamanı Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri, tanınmış hüquqşünas Arzuman Azaflı bildirib ki, 4 mərtəbədən ibarət olan bina yeni istifadəyə verilib. Ankara şəhərində yerləşən Azərbaycan diaspor təşkilatlarının effektiv fəaliyyət göstərməsi üçün bütün şərait yaradılıb. Burada görüşlərin və tədbirlərin keçirilməsi üçün inzibati otaqlar, kiçik və böyük konfrans salonları mövcuddur. Soydaşlarımızın “Azaflı Plaza”da müxtəlif dərnəklərə (rəqs, musiqi, rəsm və sair) qatılması məqsədilə zəruri avadanlıqlarla təchiz edilmiş məşq otaqları hazırlanıb. Bundan başqa, 4000 kvadratmetr sahəni əhatə edən binada kafe, restoran, Azərbaycan məhsullarının satış-sərgisi, yeraltı parkinq də yaradılıb.
Hazırda Azaflı Hüquq və Konsaltinq şirkəti, Azaflı Sosial Dəstək və Mədəniyyət Dərnəyi, Azərbaycan evi, Türk dünyası kültür evi və digər təşkilatlar bu binada yerləşir.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Yəhya Babanlı və Kənan Məmmədov diaspor təşkilatlarını yeni binaya köçmələri münasibətilə təbrik ediblər və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Görüş komitənin həyata keçirdiyi layihələr ətrafında fikir mübadiləsinin aparılması və sualların cavablandırılması ilə yekunlaşıb.