Modern.az

Azərbaycan filmi ABŞ-da qızıl priz qazandı

Azərbaycan filmi ABŞ-da qızıl priz qazandı

Mədəniyyət

5 Sentyabr 2022, 08:18

 Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunmuş, çəkilişləri 2022-ci ilin iyul ayında başa catan “Xatirə və Xəta” bədii filmi daha bir beynəlxalq yarışda mübarizə aparıb. Ekran əsəri “Ən yaxşı bədii film” kateqoriyası üzrə nüfuzlu “Accolade Qlobal Film Yarışı”nda “Accolade heykəlciyi” qızıl prizinə layiq görülüb.


Bu barədə Modern.az-a  filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. Rejissor deyib ki, bu ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.

“Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”.

Onun sözlərinə görə, filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Filmin redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur. 


Cəlaləddin Qasımovun sözlərinə görə, “Accolade heykəlciyi” yüksək keyfiyyətli filmlər və yeni media işi istehsal edən rejissorların uğurlarını təqdir edir. Bu isə rejissorların etibarlılıq və populyarlıq qazanmalarına kömək etmək niyyəti daşıyır. Qaliblər beynəlxalq media qurumlarının məlumat bazasında elan olunur.


2003-cü ildə qurulan “Accolade Global Film Yarışı” hazırda 19-cı ildir ki, sənayedə yüksək səviyyəli, nüfuzlu qlobal film festivalı kimi tanınıb. “Accolade Qlobal Film Yarışı” istedadlı rejissorlara, prodüserlərə, aktyorlara və yaradıcı kollektivlərə layiq olduqları qiyməti verir.  


Hər il “Accolade Qlobal Film Yarışı”na minlərlə film giriş alır. Müsabiqədə keyfiyyət və yaradıcılıq dörd səviyyədə mükafatla qeyd olunur.

 
C.Qasımovun sözlərinə görə, “Xatirə və Xəta” bədii filmimüsabiqədə ödəniş rüsumundan azad olunub.

“Son zamanlar müxtəlif  KİV-lərdə pul verərək müxtəlif mükafatlar alan film istehsalşıları barədə tez-tez yazırlar. Onu qeyd edim ki, ümumiyyətlə, 2019-cu ildən bu günə kimi heç birinə ödəniş etmədən seçilmiş filmlər siyahısına salınmışıq və 170-dən çox beynəlxalq festivaldan müxtəlif mükafatlar almışıq.

Biz kommersiya məqsəd ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmləri heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik. Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, - deyə C.Qasımov fikrini yekunlaşdırıb.

“Xatirə və Xəta” filminin treyleri 

//www.youtube.com/watch?v=8woLCQVb8hw&t=1s

 

“Accolade Qlobal Film Festivalının aşağıdakı elektron səhifəsində qalib olmuş filmlər siyahısına baxa bilərlər.

//accoladecompetition.org/awards-of-recognition-august-2022/?fbclid=IwAR2a1Wk1G7LwTpkw808XOCk2aBlE94TUl_VeuQsJll2biYhZKZGKzpNrP7

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər