Modern.az

Prezident İlham Əliyev: "Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün"

Prezident İlham Əliyev: "Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün"

2 Aprel 2013, 00:48


Aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış yeni məhəllə istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Prezident məcburi köçkünlərlə görüşdə nitq söyləyib. Ölkə başçısı bir milyon qaçqın-köçkünün Azərbaycan üçün böyük problem olduğunu vurğulayıb. İlham Əliyevin sözlərinə görə, bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün 600 milyon manata qədər vəsait nəzərdə tutulub. Bu məbləğin 300 milyondan çox hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcək. Prezident bildirib ki, Azərbaycan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görməkdədir.

“Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır.
Əlbəttə ki, bu, böyük maliyyə vəsaiti tələb edən məsələdir. Ancaq yenə də deyirəm, nəzərə alsaq ki, Azərbaycanda sosial siyasət çox uğurla aparılır, birinci növbədə ən böyük vəsait məcburi köçkünlərin problemlərinin həlli üçün nəzərdə tutulmuşdur. Gələcək illərdə də bu siyasət davam etdiriləcəkdir. Ola bilsin ki, gələcək illərdə daha da böyük məbləğlər ayrılacaqdır. Amma onu da bilməliyik ki, keçən il Dövlət Neft Fondundan bütün dövrlərdə ən böyük məbləğ ayrılmışdır – 300 milyon manat. Əvvəlki illərdə 100 milyon, 200 milyon, yəni, ötən il 300 milyon manat, bu il də 300 milyon manat təkcə Neft Fondundan ayrılmışdır. Eyni zamanda, ilin əvvəlində Prezidentin ehtiyat fondundan da 14 milyon manat təxirəsalınmaz tədbirlərin görülməsi üçün ayrılmışdır. İstisna deyil ki, il ərzində ehtiyat fonddan bu məsələlərə yenə də vəsait ayrılacaqdır.
İndi Azərbaycan iqtisadiyyatı o qədər sürətlə inkişaf edir ki, bizim o qədər də böyük maliyyə problemlərimiz yoxdur. Ancaq biz ölkə qarşısında duran problemləri də həll edirik. Əlbəttə ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması onların arasında ən böyük diqqətə layiq olan məsələdir. Ancaq digər məsələlər də var – infrastruktur layihələri, abadlıq-quruculuq, yenidənqurma işləri. Dövlət büdcəmizin həcmi artır, amma xərclər də artır və bu məsələləri uğurla həll etmək üçün biz hələ çox işləməliyik.

Ancaq bu gün bir mənzillə tanış olarkən məcburi köçkünlə söhbət əsnasında qeyd etdim və bir daha demək istəyirəm ki, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz bundan da gözəl binalar, evlər tikəcəyik. O cümlədən Zəngilanda və işğala məruz qalan digər rayonlarda bundan da gözəl şərait yaradacağıq. Yəni, məcburi köçkünlərin yerləşdirilməsi və köçürülməsi prosesi onu göstərir ki, biz bu imkanlara malikik. Əgər biz 140 min köçkünü artıq yerləşdirə bilmişiksə və hər il 20 min köçkün yeni evlərlə təmin edilirsə, deməli, torpaqlarımız işğaldan azad olunandan sonra tezliklə bütün şəhərləri, kəndləri bərpa edəcəyik, evləri tikəcəyik, şərait yaradacağıq. Mən buna əminəm, buna şübhə etmirəm. Azərbaycanın artan maliyyə, iqtisadi qüdrəti bunu mümkün edəcəkdir.

O ki qaldı əsas məsələnin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın mövqeyi birmənalıdır. Bu mövqe həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Hazırda işğal altında olan bütün torpaqlar tarixi torpaqlarımızdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə əsas verən bir çox amillər vardır. Onların içərisində həm hüquqi, həm siyasi, həm tarixi, həm də iqtisadi amillər vardır.
Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bütün beynəlxalq təşkilatlarda qəbul edilmiş qətnamələr bunu göstərir. Yəni, bu, məsələnin həlli üçün əsas hüquqi və siyasi şərtlərdir.
Eyni zamanda, bölgədə qüvvələr nisbəti artıq bizim xeyrimizə dəyişmişdir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Ermənistan isə ildən-ilə tənəzzülə uğrayır. Bizim əhalimiz artır – artıq 9 milyon 300 min nəfərdir. Ermənistanın əhalisi hətta onların rəsmi statistik məlumatlarına görə ildə təxminən 100 minə qədər azalır. Ona görə, mən deyəndə tam əminəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir, bu amillərə əsaslanıram. Ancaq eyni zamanda, mən də, hər birimiz də çox istəyirik ki, bu məsələ tezliklə həllini tapsın. Biz çox istəyirik təxirəsalınmaz tədbirlər görülsün ki, işğala son qoyulsun. Əfsuslar olsun ki, dünyada mövcud olan ikili standartlar, ikili yanaşma məsələnin həllinə imkan vermir.
Münaqişənin birinci mərhələsində demək olar ki, Ermənistan ilə Azərbaycan arasında hərbi və iqtisadi sahədə paritet mövcud idi. Ancaq biz artıq bu pariteti dəyişdirə bilmişik. Bu gün fərq çox böyükdür. Fərq böyüdükcə beynəlxalq təşkilatlardan və bu məsələ ilə məşğul olan ölkələrdən yeni mesajlar gəlir - məsələ yalnız sülh yolu ilə həllini tapmalıdır, başqa yol ola bilməz.
Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar vardır. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır. Ancaq buna baxmayaraq, biz öz siyasi və diplomatik səylərimizi daha da böyük əzmlə, iradə ilə davam etdirəcəyik. Beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha da fəallaşdıracağıq. Eyni zamanda, ordu quruculuğu işində daha da ciddi addımlar atılacaqdır. İqtisadi və regional məsələlərdə Ermənistanı indiki təcrid vəziyyətində saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyik. Əminəm ki, bu kompleks tədbirlər nəticəsində və ölkəmizin artan qüdrəti hesabına biz ərazi bütövlüyümüzü tezliklə bərpa edəcəyik.
Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, biz doğma torpaqlarımıza, o cümlədən Zəngilana da, Qarabağa da, Şuşaya da qayıdacağıq və Azərbaycan bayrağı bütün şəhərlərimizdə dalğalanacaqdır. Buna şübhəm yoxdur. Sadəcə olaraq, biz hamımız istəyirik ki, bunu tezliklə həll edək və tezliklə sizi doğma torpağınıza göndərək və orada sizin üçün gözəl binalar, evlər tikək, qəsəbələr, şəhərlər salaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu