Modern.az

"ABŞ erməniləri düşünürsə, onlara müstəqillik versin" - Politoloq

Aktual

5 Sentyabr 2022, 12:40

ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törədilib. Belə ki, ABŞ Konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.
 

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər də yer alıb. 
 

Amerika səfirliyinin Azərbaycanın dəvətini rədd edərək, səfirin Şuşa şəhərinə səfərdən imtina etməsindən sonra belə bir addımın atılması növbəti dəfə ABŞ-ın ikiüzlü siyasətini ortaya qoyub. 
 

Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən ABŞ rəsmilərinin Qarabağdakı terrorçu-separatçılara dəstəyinin arxasında nələr dayanır? 


Bununla bağlı Modern.az-a danışan politoloq Qabil Hüseynli düşünür ki, ABŞ-ın Cənubi Qafqazla, xüsusilə Azərbaycanla bağlı siyasətində ciddi yanlışlıqlar var:
 

“Bu, ABŞ-n özünün də nüfuzuna xələl gətirəcək addımlardır. 44 günlük müharibədə Azərbaycanın uğur qazanması bir sıra dövlətlər tərəfindən birmənalı qarşılanmayıb. Bu siyahıda birinci yeri Fransa tutsa da, son zamanlar ABŞ daha açıq formada bizə qarşı siyasət yürüdür. Belə davranışların özəlliyi də odur ki, ABŞ Konqresi müxtəlif iqtisadi maraqların, hansısa lobbiçiliyin, siyasi maliyyə alveri ilə məşğul olan dairələrin az qala meydanına çevrilib. Konqresdə erməni lobbisi at oynadır. Rüşvət, müxtəlif hədiyyələr peşkəş etməklə Amerika konqresmenlərinin rəyini dəyişdirir, bu qanunvericilik orqanının məsələlərə obyektiv baxmasına, strateji yanaşmasına əngəl törədir.
 

ABŞ səfirliyinin müharibədən sonrakı addımları, Şuşa ilə bağlı siyasəti, işğaldan azad edilmiş torpaqlara Azərbaycanda akkreditə edilmiş səfirlərin aparılmasına soyuq yanaşması ciddi etirazlara səbəb olur. Halbuki, bu dəvətdə qeyri-adi heç nə yoxdur. ABŞ anlamır ki, Cənubi Qafqazda bu cür siyasət yeritməklə Rusiyaya uduzur, Rusiyanın önə çıxmasına və bölgədə daha çox etimad qazanmasına şərait yaradır”.


Qabil Hüseynli deyib ki, ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmadığını bəhanə etsə də, sülh üçün heç bir köməklik göstərmir. Əksinə, öz siyasi istəklərini açıq diktə etməyə çalışır:
 

“Amerika ATƏT-in heç bir fəaliyyəti olmayan Minsk qrupunun bərpasını tez-tez gündəmə gətirir. Özünü daha çox demokratiyanın təəssübkeşi kimi tanıdan bu dövlət Cənubi Qafqaza, əsasən də Azərbaycana gəldikdə, başqa formada öz siyasətini həyata keçirir. Azərbaycan ərazilərində yaşayan 14-15 min erməninin “statusu” haqqında düşünürlər. Halbuki, ABŞ-ın ərazisində yarım milyon erməni yaşayır. Amerika erməniləri belə düşünürsə, öz ərazisində onlar üçün yer ayırsın, müstəqillik versin, dünyaya da nümunə olsun. Amerikanın ermənilərin şıltaqlığı ilə oynaması üzağardan bir şey deyil. Bütün bunlar ikili standartların, xristian təəssübkeşliyinin, müsəlmanafob, hətta türkəfob istəklərin açıq şəkildə özünü göstərməsidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI