Modern.az -ın “Unudulmuş adətlər” rubrikasında hər bir insanın həyatında önəmli hadisə olan ad qoymadan danışacağıq. Uşaq doğularkən ailələrdə ad qoyma məsələsi bir çox hallarda ciddi müzakirələrə səbəb olur. Nənə-babalarla, ata-analar bəzən körpənin bir ömür daşıyacağı ad üstündə ortaq məxrəcə gələ bilmirlər. Amma bir məqamı da unutmayaq ki, ananın əziyyəti övladın üzərində çox olduğundan onun ad seçmək hüququ daha çoxdur. Böyüklər də bu məqamda güzəştə getməyi bacarmalıdırlar.
Azərbaycan Aşıqlar Birliyinin I katibi, folklorşünas Məhərrəm Qasımlı uşaqlara adların verilməsinin tarixən bir neçə mərhələdən ibarət olduğunu söylədi: “Bizdə tarixən ad qoyulması bir neçə mərhələdən keçibdir. İslam öncəsinə qədər kimisə ad qoyulması onların o adı qazanması ilə bağlı olub. İnsanların əvvəlcə yalançı bir adı olubdur. Keçmişdə bu kimi hallara daha çox rast gəlinirdi. Xalq arasında deyilirdi ki, bu insanın yalançı adı budur, doğruçu adı isə İslamda dəftərdə olan adıdır. Qədim türklərdə gənc oğlan və ya qızı özünə ad qazanana qədər onun yalançı adı ilə çağırardılar və o həqiqi adını qazanandan sonra yalançı adından keçilir və həqiqi adında dayanırdılar. Dədə Qorqudda belə hallara daha çox rast gəlinir. Məsələn, Beyrəyə çox ürəkli və cəsarətli hərəkətindən sonra Beyrək adının verilməsi. Bu əslində türk mədəniyyətində qədim vaxtlardan geniş yer alıbdır. Dədə Qorqud kimi müdriklərin də ad verməsi faktından da çıxış edərək onu deyə bilərəm ki, qədim zamanlarda ad qazanıldıqdan sonra el ağsaqqalı və cəmiyyət toplumunun təsdiqindən sonra uşağa verilərdi. İslam dinin qəbul etdikdən sonra yavaş-yavaş qədim türk adları sıradan çıxmağa başladı. Və əsasən ərəb-fars mənşəli adlar uşaqlara daha çox qoyulurdu. Dədə Qorquddan sonra, Cəfər Cabbarlı, Səməd Vurğun və Rəsul Rzanını yaratdığı adlar var ki, onlarda ad şəbəkəsinin sistemləşməsində çox mühüm rol oynayıb.
Sovet dönəmindən fərqli olaraq, bugünkü mənzərə belədir: əsas ağırlıq mərkəzi olaraq ərəb-fars mənşəli adlara üstünlük verilir. Amma bununla yanaşı, İslam mənşəli adlar da geniş yer almağa başlayıb. Adların qoyulmasında bir neçə amilin – nənə-babanın və valideynlərin rolu daha üstündür. Uşaqlara ad verilməsi məsləhətli şəkildə həyata keçirilməlidir. Elə olmalıdır ki, uşaq böyüyəndə öz adından xəcalət çəkməsin. Bəzən valideynlər uşağa elə ad qoyurlar ki, o böyüyəndə öz adından utanır. Mənə elə gəlir ki, ən düzgün yol bizim milli və tarixi keçmişimizlə bağlı olan adlardır ki, bunların uşaqlara verilməsi daha məqsədə uyğundur. Əgər ata-ana övladına yaxşı ad qoyursa ona heç müdaxilə etmək lazım deyil. Ağsaqqal-ağbirçək o zaman müdaxilə edə bilər ki, valideynlər övladlarına ad qoyanda yanlış seçim etsinlər və hansısa serialdan əcnəbi bir adı götürüb övladlarına versinlər. Ad verilməsi çox ciddi məsələ olduğuna görə müzakirə olunaraq təqdir olunan ad seçilməlidir”.
Millət Vəkili Flora Qasımova uşaqlara böyüklərin məsləhəti ilə ad verilməsinin daha məqsədə uyğun olduğunu söylədi: “Ailə təməlinin möhkəmlənməsində uşaqların dünyaya gəlişi çox böyük rol oynayır. Uşaq ailənin sevincidir və ona adın verilməsi də məsləhətlə olsa daha yaxşı olar. Çünki böyüklərin xeyir-duası çox vacibdir. Amma bir şeyi də unutmayaq ki, uşağa daha çox əziyyət çəkən, onun qayğısına qalan anadır. Onun haqqı övladının üzərində daha çoxdur. Çünki uşaqla daha çox ana ünsiyyətdə olur və uşağın adını da ən çox ana çağırır. Bizim ailədə oğlumun övladı dünyaya gələndə məsləhət olundu və mənim seçdiyim adı övladlarına verdilər.
Sevimli Peyğəmbərimiz (s.) də buyurmuşdu: uşaqlarınıza gözəl adlar qoyun. Çox təəssüf ki, bir çox ailələrdə valideynlər bu gözəl hissdən məhrum olurlar, uşaqlarına arzuladıqları adı qoya bilmirlər. Uşaqda böyüyəndə ona qoyulan addan utanır. Ona görədə valideynlər övladlarına ad seçimində çox məsuliyyətli olmalıdırlar”.
Şairə Sevinc Çılğın: “Uşaq nə qədər nənə-babanın sevimlisi olsa da, ona adı valideynlərinin verməsinin tərəfdarıyam. Çünki uşaq atanın və ananın sevgisinin əbədiləşməsidir. Ona görə də dünyaya gələcək körpəyə ad vermək valideynlərin üzərinə düşür. Uşağa 3 şey çox vacibdir: ad, təhsil və tərbiyə. Ad övladlarımızın gələcək taleyində də çox böyük rol oynayır. Hətta mən deyərdim ki, insanın taleyini belə həll edir. Bizdə övladlarımıza ad seçəndə özümüz seçdik və çalışırdıq ki, orijinallığa üstünlük verək. Müstəqil ailəmiz olduğuna görə övladlarımıza ad seçəndə də bizə müdaxilə olunmadı. İndiki vaxtda gənclər maddi və mənəvi səbəblərdən valideynlərindən asılıdırsa, valideynlərdə onların ailələrinə müdaxilə etməkdə özlərini daha çox haqlı sayırlar. Mən əminəm ki, övladlarımıza verəcəyimiz addan onlar gələcəkdə utanmayacaqlar”.
Pərvin Arzuqızı