Modern.az

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə artır

Aktual

5 Sentyabr 2022, 16:58

“Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri iki ölkə arasında mövcud olan strateji müttəfiqlik münasibətlərində yeni səhifə açdı və bu münasibətləri yeni bir mərhələyə qaldıraraq möhkəmləndirdi”.

 

Bununla bağlı Modern.az-a Milli Məclisin deputatı Aqil Məmmədov danışıb. Deputat qeyd edib ki, İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi dəvəti əsasında gerçəkləşən səfər ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir:

 

“Dövlət başçısının İtaliya səfərində məqsəd 2020-ci ilin fevralında ölkələrimiz arasında imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin icrası prosesini müzakirə etmək, əməkdaşlığın daha da genişləndirilməsi haqda danışıqlar aparmaq idi. Məlumdur ki, Azərbaycan və İtaliya arasında əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və dinamikası ilə seçilib. İtaliyanı Avropa İttifaqına üzv ölkələr arasında ölkəmizin bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşı kimi xarakterizə etmək olar. İtaliya həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının güclənməsinə, möhkəmlənməsinə fəal dəstək verir. Bu məqamlar fonunda Azərbaycan liderinin İtaliyaya səfəri xüsusi əhəmiyyət daşıyır. Bu, həm də İtaliya dövlətinin Azərbaycan Prezidenti və ölkəmizlə strateji əlaqələrə verdiyi böyük önəmin birbaşa nümayişi kimi qəbul olunmalıdır. Elə ölkəmiz üçün də İtaliya münasibətlər strateji tərəfdaşlıq baxımından böyük önəmə sahibdir”.

 

Deputatın sözlərinə görə bu səfərlə Azərbaycan-İtaliya münasibətləri keyfiyyətcə yeni mərhələyə - daha yüksək səviyyəyə qədəm qoyub:

 

“Tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyublar. Bununla yanaşı iqtisadi planda əldə olunmuş nailiyyətlərə də toxunmaq gərəkdir. Azərbaycan İtaliyanın Cənubi Qafqazda ən iri ticarət tərəfdaşıdır. Azərbaycan dövləti Avropanın enerji təhlükəsizliyində getdikcə artan rola sahibdir. O cümlədən İtaliya üçün də bu planda Bakı ilə strateji tərəfdaşlığın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Belə ki, Azərbaycan İtaliyanın neft təchizatında 1-ci, qaz təchizatında isə 3-cü yeri tutur. Həmçinin dövlətlərimiz arasında mədəni sahədə də əlaqələr olduqca yüksək səviyyədədir. Xüsusən, Heydər Əliyev Fondu tərəfindən İtaliyada həyata keçirilən layihələr və təşkil olunan tədbirlər mədəniyyət sahəsində əlaqələrin və xalqlararası təmasların inkişafına böyük töhfə verir”.

 

A.Məmmədov onu da bildirib ki, İtaliya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və 44 günlük müharibə zamanı bu mövqeyini açıq şəkildə ifadə edib:

 

“Təbii ki, bu mövqelərin formalaşması öz-özünə baş vermir. Bunun üçün illərlə aparılan sistemli siyasi, diplomatik iş öz nəticələrini verir. Cənab Prezidentin İtaliya mediasına müsahibəsində də qeyd etdiyi kimi Azərbaycan İtaliyanı Avropa məkanında özünə ən yaxın dost, müttəfiq dövlətlərdən biri hesab edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI