Modern.az

Azərbaycanın Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilir

Azərbaycanın Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilir

2 Aprel 2013, 13:45


Azərbaycanda nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə cəzalar sərtləşdirilir. Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirdiyi iclasda Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə olunub. Dəyişiklər layihəsi qanunvericilik təşəbbüsü ilə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilib.

Cinayət Məcəlləsinə əlavə olunan maddəyə əsasən, nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulubsa, 3000 manat miqdarında cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə 7000 manat miqdarında cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, isə nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışına görə istifadə edilən və satılan nəzarət markaları, habelə onların hazırlanması və yayılmasında  istifadə olunan materiallar, avadanlıqlar və hüquq pozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər 3000 manat miqdarında cərimə ediləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

Gültəkin Ələsgər  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu