Modern.az

Deputat: “Şəhidlik haqqında” Qanuna yenidən baxılmalıdır”

Deputat: “Şəhidlik haqqında” Qanuna yenidən baxılmalıdır”

Parlament

2 Aprel 2013, 15:29



Ölkənin qanunverici orqanı olan Milli Məclisdə çoxlu qanun layihələri hazırlanır, müzakirə olunur və sonda qəbul olunur. Bəzən isə qəbul edilmiş qanunlara əlavə və dəyişikliklər edilir. Zaman dəyişir, hər şeydə inkişaf müşahidə edilir. Zamanın dəyişməsi isə yeni tələbləri ortaya çıxarır. Bəs zamana uyğun bu gün daha hansı qanunların qəbuluna ehtiyac var?

Modern.az-ın əməkdaşı Milli Məclisin hər bir komitəsində olan deputatlardan bu suala münasibət öyrənməyə çalışıb.
İlk olaraq parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin deputatlarından münasibət öyrənməyə çalışmışıq.

Komitənin üzvü Aydın Mirzəzadə bildirib ki, hərbi quruculuq sahəsində tələb olunan bütün qanunlar qəbul edilib. “Bu baxımdan bizim hər hansı istəyimiz yoxdur. Bununla belə, qanunların vaxtaşırı təkmilləşməsinə, əlbəttə, ehtiyac var. İndi konkret deyə bilmərəm ki, qanunlarımızın hansı hissəsinə təkmilləşdirmələr aparılmalıdır. Ancaq bu gün ehtiyac duyulduqca, təkliflər gəldikcə hərbi qanunvericilik sahəsinin təkmilləşməsi sahəsi ilə də məşğul oluruq”.

Komitənin digər üzvü Elman Məmmədov da vurğulayıb ki, zaman keçdikcə dövrün, inkişafın tələbi ilə qanunlarda vaxtaşırı dəyişiklər, əlavələr olur. Eyni zamanda yeni qanunların qəbuluna da ehtiyac duyulur.

“Amma bizim sahədə elə bir qanun qəbul olunmasına ehtiyac görmürəm. Sosial siyasət komitəsinin sahəsi ilə bağlı bir neçə dəfə məsələ qaldırmışam. Sakinlər, şəhid ailələri ilə görüşəndə də bu məsələ həmişə aktual olub. Həmin qanun 1995-ci ildə qəbul olunub, sonra bir-iki dəfə əlavə və dəyişiklər olub. Amma düşünürəm ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhidlik haqqında” Qanuna yenidən baxılmalıdır və orada ciddi dəyişikliklərə ehtiyac var. Növbəti iclaslarda bu məsələni qaldıracağam”, – deyə E. Məmmədov vurğulayıb.

Aytən ƏLİYEVA
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...