Modern.az

Mediadan “reketlik yarası” kəsilib atılmalıdır - Baş redaktorlar

Mediadan “reketlik yarası” kəsilib atılmalıdır - Baş redaktorlar

8 Sentyabr 2022, 16:20

"Haqqin.az" saytının baş redaktoru Eynulla Fətullayevlə "Xural TV"nin rəhbəri Əvəz Zeynallı arasında yaşanan qalmaqal ciddi rezonansa səbəb olub. Eynulla Fətullayev dünən yaydığı səsyazısı ilə iddia edib ki, Əvəz Zeynallı həbsdə olan iş adamı Rasim Məmmədovun yaxınlarından 20 min manat rüşvət alıb. Daha sonra isə bildirib ki, faktın sosial mediada ictimailəşdirilməsindən qorxan Ə.Zeynallı pulu geri qaytarmalı olub. 

İki media nümayəndəsi arasında yaşanan qalmaqal "reket jurnalistikası" məsələsini yenidən gündəminə gəlib. 


Modern.az məsələyə baş redaktorların münasibətini öyrənib.


"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, "reket jurnalistika" bütün dövrlərdə olub. İndi də yeni mediaya uyğunlaşdırılıb. Onun sözlərinə görə, rekertlik media üçün bir yaradır.

"Bədənin hansısa orqanında yara iltihaba səbəb olduqda onu kəsmək zərurəti yarandığı kimi, mediada da "reketlik yarası" kəsilib atılmalıdır. Bu da həm medianın, həm ictimaiyyətin, həm də məmurların birgə mübarizəsi nəticəsində baş verməlidir".
 

B.Quliyev bu məsələ ilə mübarizədə geniş imkanların olduğunu qeyd edib:
 



“2018-ci ildə Konstitusiyaya edilən əlavə və dəyişikliklər, xüsusilə də “Media haqqında" Qanun əsas verir ki, biz rekertliklə sivil qaydada mübarizə aparaq. Hər hansı reketə qanunun sərt üzünü göstərib, həbs etmək də düzgün yanaşma deyil. Sadəcə olaraq, ictimai qınaq lazımdır. Ancaq onun əməli davamlı xarakter daşısa, bu zaman qanunun sərt üzünün göstərilməsi qaçılmazdır”.


“Bakivaxti.az” saytının baş redaktoru Qalib İbrahimoğlu qeyd edib ki, zaman-zaman "reket jurnalistika" ilə mübarizə aparılsa da, onun kökünü kəsmək mümkün olmayıb.

"Problemin birdəfəlik həllini belə tezliklə gözləmək də sadəlövhlük olardı".


Onun sözlərinə görə, reketlik jurnalistikanın daxilində yaranmış çox ciddi problemdir və artıq bütövlükdə cəmiyyəti narahat edir.
 



Q.İbrahimoğlu vurğulayıb ki, əvvəllər "reket jurnalistika" qəzetlərdə kök atmışdı, son illər isə özünü daha çox onlayn mediada göstərir:


“Müşahidə edirəm ki, “reket jurnalistika” artıq bir şəbəkəyə çevrilib. Tutaq ki, “A” saytı kiminsə haqqında əlində olan kompromatı əvvəlcə yayır, sonra həmin adamdan pul alıb yazını çıxarır və materialı “B” saytındakı “həmkarına” yönəldir. Beləliklə, bu şəbəkə daha da genişlənir. Buna görə də, mən "reket jurnalistlər"i mətbuatın dilənçiləri adlandırıram. Bu, sözün əsl mənasında dilənçilikdir, ona başqa ad vermək mümkün deyil”.


Baş redaktor deyib ki, "reket jurnalistika” ilə məşğul olmaq cinayətdir. Və hər bir cinayət kimi, bunun da cəzası ən sərt formada olmalıdır.

"Hesab edirəm ki, “Media haqqında” Qanun bu sahədə dönüş yaradacaq. Problemlə mübarizədə vətəndaşlar da barışmaz mövqe tutmalıdır. “Jurnalist” tərəfindən şantaj olunan, təhdid edilən şəxs öz hüquqlarını müdafiə etmək üçün dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxlamalıdır”, - deyə o bildirib.
 


"Azvision.az" saytının baş redaktoru Vüsal Məmmədovun
problemlə bağlı mövqeyi belədir:


"Son vaxtlar reketlik peşəkar mediadan daha çox sosial şəbəkəyə və videohostinqlərə miqrasiya olunub. Biz bunu dəfələrlə demişik. Hazırda "Yutub"da reketlik elə bir dövriyyəyə çatıb ki, hətta "reket qəzetlər"in ən çiçəkləndiyi vaxtlarda da belə miqyas ağla gələ bilməzdi. Bu problem var, kifayət qədər ciddidir və ona qarşı mübarizə aparmaq vacibdir.

Amma sosial media reketliyini peşəkar mediadan ayırmaq lazımdır. Peşəkar mediada bu problem demək olar ki, əsasən aradan qalxıb, daha doğrusu, bu müstəvidə reketlik edə bilməyənlər sosial mediaya transfer olunublar. Orada rahat qol-qanad aça bilirlər. 

Sosial mediada və müxtəlif hostinq platformalarında reketliyə qarşı eyni metodlarla mübarizə aparmaq olmaz, alınmayacaq. Çünki o, institutlaşmamış mediadır, oradakı şəxslər jurnalistdən çox, blogerdilər. Biz “bloger reketliyi” anlayışını gündəmə gətirməliyik. Çünki xəstəliyin müalicəsi düzgün diaqnozdan başlayır. Həmkarlarıma və cəmiyyətə təklif edirəm, “bloger reketliyi” diaqnozunu ciddi qəbul edək və hər kəsin vicdansızlığının, tamahkarlığının günahını jurnalistikaya yükləməyək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu